Yuxarı

Afrindən sonra Qafqaz?

Afrindən sonra Qafqaz?

Türkiyə silahlı qüvvələri Azad Suriya Ordusu ilə birgə keçirdiyi hərbi əməliyyat nəticəsində Afrin bölgəsindəki Burseya dağını YPG terrorçularından tamamilə azad edib. Əməliyyat nəticəsində PKK-nın ikinci Qəndili adlandırılan və Suriyanın qərbində yerləşən ən böyük yüksəkliklərindən biri Türkiyə ordusunun nəzarətinə keçirilib. Türkiyə hərbi hava qüvvələrinə məxsus "F-16” qırıcıları, eyni zamanda, toplardan və tanklardan açılan atəşlə YPG-çilərin bütün mövqeləri məhv edilib. 

Məsələyə münasibət bildirən prezident Rəcəb Tayyib Ərdoğan bundan sonra Türkiyənin bölgədəki böyük bir əraziyə tam nəzarət etmək imkanı qazandığını deyib. Siyasi müşahidəçilərin qənaətincə, "Burseya” əməliyyatından sonra Türkiyə həm də Suriyada böyük geosiyasi üstünlük əldə edib. Bu, rəsmi Ankaraya yalnız terrorçu qruplaşmalara qarşı deyil, eyni zamanda, Bəşər Əsəd rejimi, İran kimi geosiyasi rəqiblərinə qarşı regional rəqabətdə önə çıxmaq imkanı yaradır. Yəni Türkiyə Suriyada və Yaxın Şərqdə mövqelərini xeyli möhkəmlədib. Bu bölgədə güc mərkəzinə çevrilməkdə olan rəsmi Ankaraya yaxın perspektivdə Cənubi Qafqazda da təsir imkanlarını genişləndirmək imkanı yarada bilər. Əlbəttə, Türkiyənin Cənubi Qafqazda güclənməsi ilk növbədə, Azərbaycanın xeyrinədir. Bu da Dağlıq Qarabağ probleminin həllinə müsbət təsir göstərmiş olar. 

Politoloq Elşən Manafov "Cümhuriyət" qəzetinə bildirib ki, Türkiyənin Cənubi Qafqazda geostrateji maraqları var və bundan imtina etmək niyyətində deyil. Sadəcə olaraq, yaxın perspektivdə rəsmi Ankaranın Suriya və İraqla müqayisədə Cənubi Qafqazda fəallığının artması az ehtimal olunur: "Türkiyə region dövləti olaraq Cənubi Qafqazdakı proseslərə də təsir imkanlarını genişləndirmək barədə düşünür. Təbii ki, Türkiyənin Cənubi Qafqazda iki dövlətlə münasibətləri strateji müttəfiqlik səviyyəsinə çatıb. Azərbaycanla münasibətlər "Bir millət, iki dövlət” prinsipi üzərində qurulub və öndə dayanır. Amma Türkiyənin Cənubi Qafqazda geosiyasi fəallığının artması bölgədə Rusiyanın siyasi, hərbi və maliyyə dəstəyi nəticəsində yaranmış münaqişələrin aradan qaldırılması şəraitində mümkün olmalıdır. Burada Cənubi Osetiya, Abxaziya problemləri var. Rusiya həmin separatçı rejimlərin müstəqilliyini tanıyıb və onların viza rejimini ləğv edib.

Ermənistana gəlincə, Türkiyə bu ölkə ilə sərhədləri bağlayıb. Sərhədlərin bağlı saxlanılması Dağlıq Qarabağ probleminə münasibətdə Türkiyənin Ermənistana əsas təqzyiq vasitələrindən biri olaraq qalır. İslam Əməkdaşlıq Təşkilatının üzvü olan İran isə Ermənistana yardım göstərir. Rusiya Ermənistanda hərbi bazalara malikdir. Rəsmi Moskva onu da gözəl başa düşür ki, Suriyadakı hərbi bazalarını geri çəkməsi Rusiyanın ərəb ölkələrindəki sonuncu mövqeyini itirməsi demək olar. Rusiya Ermənistanla da əlaqələri genişləndirmək, inkişaf etdirmək niyyətindədir. Rusiya Ermənistanı Qərbin təsir dairəsinə buraxa bilməz. Bu mənada, Türkiyə Cənubi Qafqazda geosiyasi fəallığını artırmaq üçün Rusiya ilə münasibətlərinə yenidən baxmalıdır. Belə olan təqdirdə, Türkiyə NATO və ABŞ-la yaxınlaşmaq məcburiyyətində qalacaq. 

Ona görə də Türkiyə mövcud situasiyada Cənubi Qafqazda geosiyasi fəallığını artırmaq imkanlarına malik deyil. Rusiya ilə hərbi-siyasi qarşıdurma Türkiyənin ərazi bütövlüyü üçün təhlükələrin yaranmasına gətirib çıxaracaq. Rusiya PKK ilə mübarizədə Türkiyəyə ciddi dəstək verməsə də, rəsmi Ankaranın Afrində hərbi əməliyyatlar aparmaq hüququnu tanıdı. Rusiya bu addımı atmaqla Türkiyənin ABŞ-la yaxınlaşmasına imkan verməmək məqsədi güdürdü. Suriyanın özündə hərbi əməliyyatların aparılması Türkiyənin imkanları çərçivəsində həyata keçirilir. Yəni Cənubi Qafqazda Türkiyənin təsir imkanlarını gücləndirməsi mütləq Rusiya ilə qarşıdurmaya gətirib çıxara bilər. Ona görə də Türkiyə belə bir addımı atmayacaq. Cənubi Qafqazdakı münaqişələr aradan qalxmayınca, Türkiyə Suriyadan fərqli olaraq, bu bölgədə ciddi təsir imkanlarına malik olmayacaq. Dağlıq Qarabağ probleminin həllində də ciddi təsir imkanlarına malik olan tərəf Rusiyadır. Prezident Rəcəb Tayyib Ərdoğan da həmkarı Vladimir Putinlə noyabrın 13-də Soçidə keçirilən görüşündən sonra açıq bəyan etdi ki, Rusiyanın istəyi olmasa, Ermənistan-Azərbaycan münaqişəsinin həlli mümkün olmayacaq. Hazırda Türkiyə Suriya böhranının aradan qaldırılmasına özünün ərazi bütövlüyü və təhlükəsizliyi baxımından yanaşır. Paralel olaraq, Cənubi Qafqazda geosiyasi fəallıq imkanlarını artırmaq cəhdləri Rusiya ilə maraqlar toqquşmasına gətirib çıxara biləcəyindən rəsmi Ankara bu addımı atmayacaq”. 

Qeyd edək ki, Türkiyə və Rusiya prezidentlərinin noyabr ayında keçirilmiş görüşündən sonra Dağlıq Qarabağ probleminin nizamlanmasında Ankaranın həlledici rola malik olması barədə rəylər xeyli zəifləyib. Siyasi müşahidəçilərin fikrincə, Türkiyə üçün geostrateji baxımdan əsas prioritet Suriya məsələsidir. Elşən Manafovun sözlərinə görə, Cənubi Qafqaz Türkiyənin xarici siyasətinin əsas prioritet istiqamətlərindən biridir: 

"Türkiyənin Cənubi Qafqazda möhkəmlənməsi NATO-nun və Birləşmiş Ştatların bölgəyə təsir imkanlarının artması kontekstində nəzərdən keçirlməlidir. Böyük politoloq özünün "Böyük şahmat taxtası arxasında” adlı kitabında da ABŞ-a Cənubi Qafqazda təsir imkanlarını genişləndirmək üçün Türkiyə amilindən istifadə etməyi tövsiyyə etmişdi. Ona görə də ABŞ Suriya və Yaxın Şərq siyasətində Türkiyədən fərqli mövqe sərgiləsə də onun Cənubi Qafqazla bağlı əhəmiyyətini nəzərə alır.

ABŞ iqtidarı Ərdoğan hakimiyyətini qıcıqlandırmamaq və yaxın gələcəkdə Cənubi Qafqazda mövqelərini qorumaq üçün Türkiyə ilə münasibətlərinin fərqinə bundan sonra da varacaq. İndiki geosiyasi reallıqlar çərçivəsində Türkiyənin Cənubi Qafqazda paralel olaraq, təsirini artırmaq imkanları yox dərəcəsində olmasa da, hələlik lazım olan addımları atmayacaq. Çünki Türkiyə üçün hazırda əsas prioritetlər Suriya münaqişəsi, PKK terrorizmi ilə mübarizə və Fətullah Gülən problemidir. Ancaq Cənubi Qafqazda Türkiyənin Azərbaycan, Gürcüstan kimi strateji müttəfiqləri və Ermənistan kimi təhlükə amili var. Bu səbəbdən, Türkiyə Cənubi Qafqazdan da imtina etmək fikrində deyil”. 

Müşfiq Abdulla






Həftənin ən çox oxunanları