Yuxarı

ABŞ nüvə düyməsini basır

ABŞ nüvə düyməsini basır

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) yeni "Nüvə Vəziyyətinin Araşdırılması” sənədini yayımlayıb.Doktrina Pentaqonun məsləhətçisi Patrik Şanaxan tərəfindən təqdim edilib."Cümhuriyət” qəzeti xarici KİV-lərə istinadən xəbər verir ki, təqdimat zamanı Patrik Şanaxan ABŞ-ın nüvə silahlarının və arsenala nəzarət edən komandanın tərkibinin, nəzarət sistemlərinin modernizasiya edilməsinə ehtiyacın olduğunu bildirib.Pentaqon nümayəndəsi qeyd edib ki, ABŞ-ın dənizlərdəki nüvə başlıqları ilə təchiz edilmiş ballistik raketlərinin sayını azaldıb, ABŞ-ın "soyuq müharibə” dönəmində istifadə etdiyi sualtı nüvə - raket sistemlərini modernizasiya edib istifadəyə vermək lazımdır.

Patrik Şanaxanın sözlərinə görə, ABŞ-ın öz nüvə arsenalını modernizasiya etməsi beynəlxalq anlaşmaları pozmaq cəhdi deyil: "Biz bununla beynəlxalq anlaşmaları pozmuruq və dünya üçün heç bir təhdid mühiti yaratmırıq. ABŞ məcburiyyət qarşısında qalmadıqca, nüvə silahlarından istifadə etməyəcək”.

Generaldan Rusiyaya xəbərdarlıq

Sənəddə ABŞ-ın müdafiə naziri, general Ceyms Məttsin nüvə silahları ilə bağlı açıqlamasına da yer verilib. O, açıqlamasında ölkəsinin Silahlı Qüvvələrində olan  nüvə silahlarının modernizasiyasına başlanıldığını bildirib. Rusiyanın vaxtilə ABŞ-la birlikdə nüvə silahlarını azaltdığını xatırladan Pentaqon başçısı qeyd edib ki, lakin Moskva sonradan beynəlxalq anlaşmaların şərtlərini pozaraq nüvə silahlarının sayını artırmaqla yanaşı, "soyuq müharibə” dönəmindən sonra imtina etdiyi köhnə silahları da yeniləməyə başlayıb: "Rusiya dünyanı təhdid altında saxlaya biləcək qədər nüvə silahları hazırlayıb. Bu, vəziyyəti bir qədər də gərginləşdirir. Rusiyanın Krımı ilhaq etməsi və bundan sonra digər dövlətləri təhdid etməsi də göstərir ki, Moskva böyük yarışa girib”.

ABŞ-ın şərtləri 

Sənəddə ABŞ-ın nüvə arsenalının "Nüvə və qeyri-nüvə silahlarından istifadədən yayındırmaq”, "Müttəfiqlərdə inamı artırmaq”, "Beynəlxalq nüvə anlaşmalarının şərtləri pozulacağı halda ABŞ-ın öz hədəflərinə çatması” və "Qeyri-müəyyən gələcəyi qarantiyaya almaq” prinsipləri üzərində modernizasiya edildiyi diqqətə çatdırılır. 

Rusiya və Çinə qarşı hiyləgər "tələ”

ABŞ hökumətinin yeni doktrina çərçivəsində təsiredici gücü daha zəif nüvə başlıqları hazırlamaq planlarını şərh edən analitiklərə görə, bu cəhdlər ABŞ, Rusiya və Çinin iştirak edəcəyi müharibəyə səbəb olacaq. "Newsweek” jurnalının siyasət mütəxəssisləri bildirirlər ki, artıq Pentaqon Rusiya və Çinin nüvə arsenalını üstələmək üçün yeni nüvə silahı istehsal edib. ABŞ-ın yeni nüvə doktrinasında Çin və Rusiyanın nüvə arsenalını böyütməkdə ittiham edildiyini bildirən mənbələrə görə Vaşinqton bu planını gizlətmək, Rusiya və Çini "tələyə” salmaq üçün doktrinada nüvə silahlarını azaldıldığını iddia edir. Hesab etmək olar ki, Çin və Rusiyanı cilovlaya bilməyən ABŞ buna görə də nüvə arsenalını daha da genişlənndirmək barədə qərar qəbul edib.Dokrinada da qeyd edildiyi kimi, "Trident D5” tipli təsiredici gücü zəif olan sualtı nüvə başlığı istehsal edildiyini nəzərə alsaq, bu, ABŞ iştirak etdiyi müharibələrdə nüvə silahlarından istifadə edəcəyi ehtimalını artırır.

Obamanın keçmiş müşavirindən sensasion açıqlama

Vaşinqtonun yeni doktrinası Rusiya və Çinlə yanaşı, Amerikanın özündə də narazılıq yaradıb. Keçmiş prezident Barak Obamanın müşaviri Con Volfştal da ABŞ hökumətinin nüvə silahları ilə bağlı yeni strategiyasının dünyanı risk qarşısında qoyduğunu bildirib. O, doktrinanı və bunu hazırlayanları "şizofren” adlandırıb: "Yeni doktrina ABŞ-ın nüvə silahından istifadə edəcək ilk ölkə olması ehtimalını artırır. Amerika bununla digər nüvə dövlətlərini cilovlayacağını düşünür, lakin vəziyyəti daha da gərginləşdirdiyindən xəbəri yoxdur”.

Yeni doktrinanın nüvə silahlarından istifadə ehtimalını artırdığına diqqət çəkən Volfştal qeyd edib ki, Pentaqonun bu silahlara əl atması üçün daha çox imkanları olacaq.Qeyd edək ki, bundan əvvəl ABŞ hökumətinin Şərqi Avropada baş verəcək hansısa qarşıdurmada Rusiyanın nüvə silahlarından istifadə etmək ehtimalının qarşısını almaq üçün "Trident D5” tipli sualtı nüvə başlıqlarının istehsalına başladığını bildirilmişdi. Con Volfştal "Guardian” qəzetinə açıqlamadasında da Donald Tramp administrasiyasının nüvə silahlarından istifadəyə qoyduğu məhdudiyyəti götürdüyünü və "Trident” tipli - təsiredici gücü zəif olan başlıqların istehsalına "yaşıl işıq” yandıran planı ortaya atdığını deyib.

Kütləvi qırğın silahlarından istifadəyə zəmin yaratmaq

ABŞ hökumətinin yeni nüvə doktrinasını açıqlamasından sonra yenidən Şərqi Avropa dövlətlərini təhdid edən Rusiyanın bu bölgə ətrafındakı mövqeləri "Trident D5” tipli nüvə başlıqları ilə vurulacağı ehtimalları gündəmə qayıdıb.Artıq Rusiyanın Yaxın Şərqdən sonra Şərqi Avropada da genişlənmək cəhdlərinə qarşı Ağ Evin nüvə silahlarından istifadəyə qoyulmuş məhdudiyyəti də aradan qaldırdığı rəsmi səviyyələrdə təsdiqlənir.Yeni doktrinada da diqqətə çatdırılır ki, ABŞ ona, müttəfiqlərinə və dövlət maraqlarına zərbə vurması ehtimalları yüksək olan dövlətlərə qarşı təsiredici gücü zəif olan nüvə başlıqlarından istifadə edəcək.Tramp administrasiyasının daha kiçik və istifadə etməsi məqbul başlıqlar istehsal etmək səylərinin də buradan qaynaqlandığına şübhə yoxdur. Yəni, Trampın düşmən elan etdiyi ölkələrə (Şimali Koreya, İran və Rusiya) qarşı nüvə cəbbəxanasının qapısını açacağı göz qabağındadır.Hesab etmək olar ki, bu, ABŞ-ın Rusiyanın 1987-ci ildə istehsal etdiyi orta və qısa mənzilli nüvə başlıqlarına verdiyi cavabdır. Bu da o ehtimalı artırır ki, Barak Obama dönəmində Çin və Rusiyaya manevr imkanlarını genişləndirmək üçün boş meydan verib geosiyasi mübarizədən geri çəkilən ABŞ-ın yeni hökuməti Rusiya və Çinlə yanaşı, Şimali Koreya və İrana da sərt cavab vermək niyyətindədir. Analitiklərə görə ABŞ nüvə arsenalını genişləndirməklə yanaşı, nüvə silahlarından istifadə etmək üçün zəmin yaratmaq siyasətini də yeniləyib.Hesab edilir ki, ABŞ bu çərçivədə nüvə silahlarından istifadə edilməyən müharibələrdə də kütləvi qırğınlara səbəb olacaq silahları işə salacaq.

İkinci böyük oyunçu olmağın qarantiyası

ABŞ-ın nüvə arsenalını genişləndirmək və yeni nəsil başlıqlar istehsal etmək qərarını təsadüfi hesab etmək olmaz. Nəzərə alsaq ki, Suriya və Ukraynada iştirak etdiyi müharibələrdə ABŞ qarşısında güclü mövqe əldə edən Rusiya ilə yanaşı, Amerikanın Yaponiya və Cənubi Koreya kimi müttəfiqlərini təhdid altında saxlayan Şimali Koreya da rəqibini nüvə silahları ilə təhdid edir, bu da Tramp administrasiyasının daha sərt tədbirlər görməsi zərurəti qarşısında qoyur. Xüsusilə, yeni doktrinanın açıqlanmasından sonra amerikalı diplomatların Rusiya üzərində fokuslanması, o ehtimalı yaradır ki, Vaşinqton Moskvanın müharibə vəziyyətində nüvə silahlarına əl ata biləcək daha cəsarətli rəqib kimi görür. Şimali Koreya ilə 1 il davam edən və özündə müharibə ehtimalını yüksək saxlayan gərginliyin bir qədər yumşaldılmasından sonra da ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirməklə yanaşı, Şərqi Avropadakı hərbi qüvvələri və texnikalarının sayını artırdı. Beləliklə, ABŞ Rusiyanın Şərqi Avropa və Yaxın Şərqdə genişlənmək cəhdlərinə qarşı öz nüvə arsenalını inkişaf etdirmək qərarı verdi ki, Vaşinqton Moskvanın nüvə gücünü imperiya gücü kimi qəbul edir. Əlbəttə, nüvə arsenalı Amerikaya görə Rusiyanın yenidən qlobal geosiyasi meydanın ikinci böyük oyunçusu kimi qabağa çıxmasının qarantiyasıdır. Son günlərdə ABŞ və Rusiya arasında gərginliyi artıran açıqlamaların verilməsi, "Soyuq müharibə”nin başa çatmasından sonra həlsiz qalan bir çox məsələnin hər iki tərəf üçün daha ciddi problemlər yaratdığına və yeni münasibətlərin formalaşdırılmasının vacib olduğuna ünvanlanmış mesajdır. Rusiyanın bu vəziyyətdə daha da güclənməsinə qarşı NATO-nun federasiya sərhədlərinə doğru genişlənmək səyləri və ABŞ-ın "nüvə qalxanı” proyektini inkişaf etirdiyi rusiyalı diplomatlar tərəfindən tez-tez gündəmə gətirilir.Rusiyanın öz sərhədlərini genişləndirmək üçün daha çox səylər etdiyini də nəzərə alsaq, ABŞ-ın öz nüvə gücünü niyə artırdığını anlamaq çətin deyil.

Mənsur Rəğbətoğlu






Həftənin ən çox oxunanları