Yuxarı

Savaş meydanından bağlı qapılar arxasına

Savaş meydanından bağlı qapılar arxasına

ABŞ-ın dövlət katibi Reks Tillerson Türkiyəyə səfər edəcək. Türkiyə mediasının verdiyi məlumata görə, yaxın günlərdə baş tutacaq səfərdə Tillersonla yanaşı, ABŞ prezidentinin təhlükəsizlik məsələləri üzrə müşaviri Herbert Makmaster də Ankaraya gələcək. Tərəflər ABŞ-Türkiyə münasibətlərində mövcud vəziyyəti, o cümlədən Suriyanın Afrin bölgəsində kürd terrorçularına qarşı aparılan hərbi əməliyyatları müzakirə edəcək. 

Son günlər Afrində YPG yaraqlıları ilə yanaşı, ABŞ hərbçilərinin də öldürülməsi ilə bağlı yayılan məlumatlardan sonra rəsmi Vaşinqtonun Ankara ilə diplomatik təmaslara keçəcəyi gözlənilən idi. Qeyd edək ki, Türkiyə silahlı qüvvələrinin Afrin bölgəsinə endirdiyi hava və artilleriya zərbələri zamanı öldürülmüş YPG silahlıları arasından əksəriyyəti ABŞ, Almaniya olmaqla, Belçika, Kanada, Fransa vətəndaşı olan və ordudan tərxis edilmiş hərbçilərin cəsədləri tapılıb. Hərbi geyimdə, silahlı vəziyyətdə tapılmış bu hərbçilərin isə PYD qruplaşmasına hərbi təlim keçən muzdlular olduğu müəyyənləşib. Onların maaşı da vətəndaşı olduğu ölkələr tərəfindən ödənilirmiş. Türkiyə SQ-nin həmin cəsədləri öz ölkələrinə təhvil verdiyi bildirilir. Lakin hərbçilər ordudan tərxis edildiyindən muzdluları kürd terrorçularına dəstək üçün göndərən dövlətlər indi təkzib verərək belə bir informasiyanın həqiqətəuyğun olmadığını bəyan edir.

ABŞ-ın Suriya ərazisində İŞİD-ə qarşı mübarizə koalisiyasının sözçüsü Ryan Dillon həmin məlumatın yalan olduğunu bildirsə də, Türkiyə, Rusiya və digər ölkələr ABŞ hərbçilərinin meyitlərinin görüntüsü əks olunmuş foto və videomateriallar yayılıb. Sözügedən fakt Türkiyənin ABŞ-la münasibətlərində olan diplomatik gərginliyi hərbi müstəviyə keçirib. Birləşmiş Ştatlarla yanaşı, NATO üzvü olan Almaniya, Fransa, Belçika, Kanada kimi dövlətlərin də bu münaqişədə adının hallanması alyans daxilində ciddi ziddiyyətlərə yol açıb. Təbii ki, bu da geostrateji baxımdan, Rusiyanın və İranın maraqlarına cavab verir. Ona görə də ABŞ qarşıdurmanın dərinləşməməsi üçün Türkiyə ilə yaranmış gərginliyi diplomatik müstəvidə həll etmək istəyir. Afrin bölgəsində Türkiyə ordusu tərəfindən zərəsizləşdirilmiş terrorçuların sayı isə 1000 nəfərə çatıb. YPG isə strateji mövqelərini itirməkdə davam edir. ABŞ-ın silah və canlı qüvvə sarıdan PYD-yə verdiyi hərbi dəstək isə kürd separatçılarını xilas edə bilmədi. Bu səbəbdən, ABŞ Afrin məsələsi ilə bağlı siyasətində taktiki dəyişiklik etmək niyyətini ortaya qoya bilər. Yəni R.Tillerson və H.Makmasterin bölgədə yeni güc mərkəzinə çevrilməkdə olan Türkiyədə aparacağı müzakirələrin həmin məqsədə xidmət etdiyi ehtimalı yüksəkdir. 

Bu arada Avropa Birliyinin genişləndirmə və xarici siyasət məsələləri üzrə komissarı Frederika Mogerini Afrin əməliyyatının Türkiyənin təhlükəsizliyi üçün problem yarada biləcəyini dilə gətirərək yaranmış vəziyyəti danışıqlar masası arxasında həll etməyə çağırıb. Mogerinin qeyd edilən bəyanatı çox güman ki, Afrin ətrafında Qərb dövlətləri ilə Türkiyənin toqquşan maraqlarının nizama salınmasına dair mesajı özündə ehtiva edir. 

ABŞ hərbçilərinin Afrində müqavimətə yardım etməsi Ərdoğan iqtidarı üçün kifayət qədər ciddi problem yaratmır. Çünki rəsmi Ankara bu məsələdə Suriyada əsas söz sahibi olan Rusiyanın dəstəyini əldə edə bilib. Moskvanın rəyini nəzərə alan Bəşər Əsəd rejimi də "Zeytun budağı” əməliyyatının başlanmasına etiraz etməyib. Türkiyə üçün əsas narahatlıq yaradan rəsmi Vaşinqtonun kürd məsələsində ikili mövqe nümayiş etdirməsidir. Tramp administrasiyası kürd terrorizminə qarşı mübarizədə Türkiyə ilə bir tərəfdən müəyyən razılaşmalara getsə də əməldə vədini icra etmir. Türkiyənin Siyasət, İqtisadiyyat və İctimai Araşdırmalar Dərnəyinin eksperti, politoloq Talha Köşe bildirir ki, ABŞ kürd terrorçularına yardım göstərməsini hakimiyyətdaxili fikir ayrılığının nəticəsi kimi təqdim edir. Prezident Donald Tramp, dövlət katibi Reks Tillerson və Müdafiə Nazirliyi PYD-yə qarşı mübarizədə Türkiyənin haqlı mövqeyini anladıqlarını desələr də ABŞ Silahlı Qüvvələrinin Baş Qərargahlar Komandanlığı (CENTCOM) bu mövqe ilə hesablaşmayaraq, kürd yaraqlılarına hərbi yardım göstərir. Ekspert hesab edir ki, bu daha çox görüntü yaratmağa xidmət edir və ABŞ siyasətçilərinin taktiki gedişidir. Barak Obama dövründə də eyni siyasətin yürüdüldüyünü deyən T.Köşenin fikrincə, Suriyada YPG probleminə dair ABŞ dövlət administrasiyasına rəhbərlik edən iki müxtəlif hakimiyyət daxilində 1,5 ildir eyni fikir ayrılığının davam etməsi şübhə doğurur. 

Türkiyənin siyasi dairələrində mövcud olan rəylərdən biri də ABŞ-ın Ankaradakı səfiri Jon Bassın kürd probleminə münasibətdə tutduğu mövqe ilə bağlıdır. Jon Bass siyasi baxışlarına görə, Demokratlar Partiyasına yaxın şəxs sayılır. ABŞ-ın "Kürdüstan” planının həyata keçrilməsinin fəal tərəfdarlarından biri kimi tanınan Jon Bass İraqda və Suriyada kürd separatizminin alovlanmasına diplomatik dəstək verib. 2018-ci ildə onun səlahiyyət müddəti başa çatır və ABŞ-ın Türkiyəyə yeni səfirinin təyin ediləcəyi gözlənilir. 

Ona görə də bəzi dairələr və siyasi müşahidəçilər Jon Bassın gedişi ilə iki ölkə arasındakı "buzların əriyəcəyinə” ümid edir. Lakin adıçəkilən diplomat siyasi baxışlarından asılı olmayaraq icraçı vəzifə daşıyır. O, "Kürdüstan” ideyasının tərəfdarı olsa da müəllifi deyil. Bölgədə müstəqil kürd dövlətinin yaradılması ideyasının əsası 1918-ci ildə Sevr müqaviləsi ilə qoyulub, sonralar isə "Trumen planı” və "Böyük Yaxın Orta Şərq” geostrateji layihələri ilə bir daha təsbit edilib. Ona görə də ABŞ-ın Yaxın Şərq siyasətinə yenidən baxmadan Türkiyə ilə münasibətlərin normallaşacağı şübhə doğurur. 

Suriyada qanlı vətəndaş müharibəsinin başlanması 1984-cü ildən Türkiyəyə qarşı terror aktları həyata keçirən PYD və onun silahlı qanadı sayılan YPG-nin fəallaşması üçün münbit şərait yaratdı. 2012-ci ildən başlayaraq, PKK-nın Türkiyə ilə sərhəddə yerləşən şəhərləri və yüksək dağlıq əraziləri ələ keçirməsi tezliklə, İstanbul, Ankara, Eskişehr və digər bölgələrdə çoxsaylı insan itkisi ilə nəticələnən partlayışların baş verməsinə gətirib çıxartdı. Siyasi ekspertlərin fikrincə, PYD/YPG-nin Suriyada möhkəmlənməsində Barak Obama administrasiyasının dəstəyi mühüm rol oynayıb.

2012-ci ildə ABŞ-ın dövlət katibi Hillari Klinton "Suriyanın PKK-çılar üçün yalnız bir sığınacaq olmamalıdır”-deyə açıqlama verib. Həmin dövrdə Suriyada və İraqda geniş əraziləri zəbt edən İŞİD terror qruplaşmasına qarşı mübarizədə ABŞ ən önəmli müttəfiqi kimi PYD-yə üstünlük verdi. YPG yaraqlıları isə bu fürsətdən Türkiyəyə qarşı terror şəbəkəsini genişləndirmək üçün istifadə etdi. Birləşmiş Ştatlar PYD ilə münasibətlərin pozulmamsı və hərbi potensialının güclənməsi üçün Ərdoğan iqtidarı ilə münasibətlərin pozulmasına belə razı olub. Doğrudur, 2016-cı ilin avqust ayında ABŞ-ın sabiq vitse-prezidenti Cozef Bayden Türkiyəyə səfəri zamanı "Fərat qalxanı” əməliyyatına başlanılmasına sözdə dəstək bəyanatı vermişdi. Bayden bildirmişdi ki, ABŞ kürd yaraqlılarına Fərat çayının sol sahilinə keçməmək barədə xəbərdarlıq edib. Lakin onlar buna əməl etmədiklərinə görə ABŞ PYD yaraqlılarına dəstək verməyəcək. Bu anlaşma Türkiyənin Suriyanın şimalında hərbi əməliyyatlara başlayaraq, 2000 kvadrat km-dən çox ərazini terrorçulardan azad etməsinə səbəb olsa da ABŞ PYD/YPG-yə dəstəyini dayandırmadı. Üstəlik, kürd yaraqlılarını silahlandıran ABŞ Türkiyənin əməliyyatları davam etdirərək Fərat çayınını sağ sahilində Menbiç bölgəsinin terrorçulardan təmizlənməsinə razılıq vermədi. Vaşinqton bu mövqeyini İŞİD-ə qarşı mübarizənin vacibliyi ilə izah edirdi. 

Donald Trampın prezident seçilməsindən sonra Ərdoğan hakimiyyəti Vaşinqtoun siyasətini dəyişəcəyinə ümid edirdi. Lakin Tramp ənənəvi siyasi kursa sadiq qalaraq kürd yaraqlıları ilə əməkdaşlığı davam etdiməyə üstünlük verdi. Ona görə də Tillersonun və Makmasterin Ankaraya səfəri zamanı ikitərəfli münasibətlərdə ciddi dönüş yaranacağı inandırıcı görünmür. Çünki Amerika Türkiyəyə öz vədinə sadiq qalacağına təminat vermir. Ona görə də Ankara Birləşmiş Ştatların verdiyi vədləri boş vədlər hesab edir. 

Müşfiq Abdulla





Həftənin ən çox oxunanları