Yuxarı

ABŞ-dan 3 ölkəyə 1 mesaj

ABŞ-dan 3 ölkəyə 1 mesaj

ABŞ silahlı qüvvələrinin Suriya ordusunun mövqelərinə endirdiyi zərbələrin sayı artıb. Bölgədən verilən məlumatlara görə, Bəşər Əsəd rejiminə tabe olan ordu birləşmələri 100-dən artıq itki verib. Pentaqonun son günlər Suriyada hərbi fəallığını artması təsadüf hesab olunmur və daha çox bu ölkədə marağı olan Rusiya, İran və Türkiyəyə ünvanlanmış siyasi mesaj sayılır. Türkiyənin Afrində apardığı anti-terror əməliyyatları fonunda ABŞ-ın Suriya ordusunu bombalaması PYD/YPG-nin mövqelərini gücləndirir. Belə ki, rəsmi Ankara Afrindən sonra PYD-nin işğalında olan Fərat çayının sağ sahilində yerləşən Menbiçi azad edəcəyini bəyan edib. Menbiçdə isə ABŞ-ın hərbi bazalarının yerləşməsi kürd yaraqlılarını Türkiyənin hücumundan qoruyur. 

Bu arada ABŞ ordusunun generalı Paul Funk gözlənilmədən bölgəyə səfər edib. General Furk Amerika ordusunun İŞİD-in məğlubiyyətini daimi hala gətirmək üçün burada olduğunu desə də onun Birləşmiş Ştatların bölgədən heç vaxt çəkilməyəcəyini söyləməsi son günlər baş verən baş verən hadisələrə aydınlıq gətirməyə imkan verir. Çünki Əl-Raqqa şəhəri də daxil olmaqla Suriya ərazisinin böyük hissəsi İŞİD-dən tamamilə təmizlənib. Menbiç isə ABŞ-ın dəstəyi ilə YPG silahlılarının nəzarətindədir. Ona görə də Əsəd ordusuna qarşı əməliyyatların və general Funkun səfərinin gerçək səbəblərinin başqa olduğu şübhə doğurmur. Bu açıqlama isə ABŞ-ın maraq dairəsinə daxil olmağa çalışan dövlətlərə qarşı mübarizə aparacağına bir işarədir.

"Türk silahlı quvvələrinin Afrin hərakatından narahat olursunuzmu? Türkiyənin Menbiçlə bağlı tələbi haqda nə deyə bilərsiniz?" sualına, Pentaqon rəsmisi belə cavab verib: "Heç bir narahatlıq duymuruq. Bizim işimizdə narahat olmaq anlayışı yoxdur, işimiz savaşmaqdır". "Pentaqon”nun nümayəndəsi Dana Uayt isə ABŞ silahlı qüvvələrinin hücumlarını özünümüdafiə kimi təqdim edib: "ABŞ Suriya ordusu ilə münaqişə axtarmır və özünümüdafiə hüququna malikdir”-deyə o, bildirib. Qeyd edək ki, Suriyanın Xarici İşlər Nazirliyi bundan əvvəl ABŞ koalisiyasının hücumunu hərbi cinayətkarlıq adlandırıb.

Birləşmiş Ştatların hərbi iştirakını artırması və Suriya ordusuna zərbələr endirməsi ilk növbədə, Əsəd hakimiyyətinə dəstək verən Rusiyanı və İranı ciddi narahat edib. Rusiyanın BMT-dəki daimi nümayəndəliyinin rəhbəri Vasili Nebanzya isə PYD/YPG-nin İŞİD-lə birləşdiyini bəyan edib. Nenzya bildirib ki, Suriya Demokratik Qüvvələri (PYD) əsir götürdüyü 400 nəfər İŞİD-çini sərbəst buraxıb. Həmin İŞİD üzvlərinin 120 nəfəri döyüşmək üçün YPG-nin sıralarına qoşulub. Diplomat İŞİD-ə qarşı mübarizə məsələsində ikili standartlara yol verildiyini iddia edib. Onun sözlərinə görə, 2017-ci ilin sonlarında aylıq gəliri 2 milyon dollara qədər azalan İŞİD terror qruplaşması internet üzərindən əlavə gəlir mənbələri tapmaq üçün axtarışlara başlayıb. Vasili Nebenzya ABŞ-ın Suriya ordusunun mövqelərini vurmasından Rusiyanın təəssüf hissi keçirdiyini və bu məsələni BMT Təhlikəsizlik Şurasının müzakirəsinə çıxaracağını deyib. 

"Orta Doğu” Araşdırmalar Mərkəzinin rəhbəri Sədrəddin Soltan hesab edir ki, ABŞ aviasiyasının və artilleriya qüvvələrinin son günlər Deyr əz-Zor bölgəsində Bəşər Əsəd ordusunu vurması ilk növbədə, karbohidrogen ehtiyatlarına nəzarət uğrunda savaşın göstəricisidir: "Deyr əz-Zor Suriyanın neft və təbii qaz ehtiyatları ilə ən zəngin ərazisi sayılır. Hətta bu bölgədə sutka ərzində minimum 385 min barel neft hasil etməyə imkan verən yataqlar var. Lakin müharibə başlayandan sonra Deyr əz-Zordakı "Əl-Tanak”, "Əl-Ömər”, "Baas” kimi iri neft yataqları əvvəl İŞİD-in, sonra da PKK-nın əlinə keçdi. Bölgəki neftlə zəngin ərazilər hazırda PYD/YPG-nin nəzarətindədir. Suriyada neft yataqlarının 70 faizindən çoxu PKK-nın əlindədir. Yaxın Şərqdə ən qıt olan içməli su qaynaqları da PKK-nın nəzarəti altındadır. Bu əraziyə nəzarət etmək həm də milyonlarla dollar vəsaitə sahib olmaq deməkdir. Son zamanlar Rusiyanın və İranın dəstəklədiyi Bəşər Əsəd rejimi Deyr əz-Zor şəhərini ələ keçirmək istəyir. Buna cavab olaraq, ABŞ da Bəşər Əsəd tabe olan silahlı qüvvələri vurur.

Başqa sözlə, ABŞ özünün dəstəklədiyi PYD-ni bu cür müdafiə edir. Bu hadisə yalnız Rusiyaya və İrana mesaj deyil. Həm də bölgədəki enerji mənbələrinə nəzarət uğrunda bir mübarizədir. Deyr əz-Zor indi PKK başda olmaqla Amerikayönlü qüvvələrin əlindədir. Suriya həmin yataqları ABŞ-ın əlindən almağa çalışır. Amerika isə həmin yataqlara nəzarət məqsədilə həmin ölkədə mövqe tutduğundan oranı əldən vermək fikrində deyil. Əslində, Deyr əz-Zora nəzarət məsələsi Suriya böhranının açarı rolunu oynayır. Suriyaya gələn, bu ölkə ilə maddi-mənəvi bağları və qonşuluğu olmayan dövlətlərin hədəfləri bəlli oldu. Həmin hədəf neftlə zəngin ərazilərə nəzarəti ələ keçirməkdən ibarətdir. Həmin yataqların başqa dövlətlərin əlinə keçməsi Suriya hakimiyyətinin çöküşü deməkdir.

Oxşar vəziyyət İraqda da baş vermişdi. Bir vaxtlar Şimali İraqda neft hasilatının regional kürd hökumətinin və Bərzani ailəsinin əlinə keçməsi Bağdaddakı mərkəzi hökumətin mövqeyini zəiflətdi. Ancaq sonradan ABŞ-ın və İsrailin Bərzaniyə dəstəyini geri çəkməsi və nefli ərazilərin İraq hökumətinin tabeliyinə keçməsi kürd separatçılarının zəifləməsi ilə nəticələndi. Yəni bir zamanlar İraqda baş verən neft talanı indi də Suriyada həyata keçirilir. Talanılan neft ucuz qiymətə qara bazara çıxarılır. Orada satılan neft heç yerdə qeydiyyata alınmır və qənimət sayılır. İŞİD-in əlində olan neft yataqları indi də PKK-nn, dolayısı ilə amerikalıların nəzarətindədir. Bu qənimət ABŞ-ın, Rusiyanın yaxud İranın əlinə keçməsindən asılı olmayaraq, heç bir qeydiyyatı aparılmayacaq”. 

Sədrəddin Soltan onu da bildirdi ki, ABŞ-ın Suriya ordusuna qarşı keçirdiyi hərbi əməliyyat paralel olaraq, Afrini PYD-dən təmizləməyə çalışan Türkiyəy ə yönəlik bir mesajdır: "Türkiyə birmənalı şəkildə bəyan edib ki, Afrinın ardınca İdlibi, Menbiç də daxil olmaqla Fərat çayının sol sahilini YPG-dən azad edəcək. Məqsəd isə Türkiyənin Suriya ilə 911 kilometrlik sərhəd zolağının təhlükəsizliyini təmin etməkdir. Türkiyə-Suriya sərhəddinin terrorçuların əlində olması ölkənin təhlükəsizliyi, ərazi bütövlüyü və suverenliyi üçün təhdiddir. Çox güman ki, ABŞ da bu hərbi əməliyyatı keçirməklə Menbiçdən çıxmayacağına dair Türkiyəyə mesaj verir.

ABŞ-ın müdafiə naziri Ceyms Məts də bildirib ki, Menbiç məsələsini gələn həftə Türkiyə ilə müzakirə edəcək. Lakin Birləşmiş Ştatların mövqeyi dəyişməz olaraq qalır. Bu baxımdan, Suriya ordusuna qarşı zərbələrin endirilməsi Türkiyə, Rusiya, İran və Əsəd rejiminə bir xəbərdarlıq ismarıcıdır. Amerikanın bölgədə böyük strateji maraqları var. Vaşinqton regionda kürdlərə özünüidarəetmə statsusunu verməklə bir ocaq yaratmaq istəyir ki, sonradan bu nöqtədən Türkiyəyə, İraqa, İrana,  Suriyaya qarşı təzyiq məqsədilə istifadə edə bilsin. Ona görə də Türkiyə Menbiçi terrorçulardan azad etmək üçün ABŞ-la razılaşmaya getməlidir. Ola bilər ki, Türkiyə Menbiçin öz sərhədlərindən 17 km-lik cənuba doğru hissəsini PKK-dan azad etməsinə dair anlaşılma əldə olunsun. Burada türk xalqının gücünü və müqavimətini necə səfərbər etməsi də böyük əhəmiyyət daşıyır”. 

Müşfiq Abdulla





Həftənin ən çox oxunanları