Yuxarı

Saakaşvili nə demək istəyir?

Saakaşvili nə demək istəyir?

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili gələcək planlarını açıqlayıb.

"Cümhuriyət” qəzeti xəbər verir ki, "Dojd” telekanalında müsahibəsində o, Gürcüstana qayıdacağını istisna etməyib. Lakin bunun bir halda mümkün olacağını da diqqətə çatdırıb: "Mən Bidzina İvanişvilini devirdikdən sonra Gürcüstana dönəcəyəm. Gürcüstanda aktiv siyasətçi olub-olmayacağımı bilmirəm. Bu, gürcü xalqından asılıdır. Mənim Gürcüstanda statusum siyasətçidən yüksəkdir. Mən bu dövlətin yaradıcısıyam. Biz uzun əsrlərdən sonra Gürcüstanda əsl dövlət yaratmışıq”.

Mixail Saakaşvili həmçinin post-sovet məkanında yeni antioliqarxik inqilabların başlayacağını da iddia edib. 

Saakaşvilinin iddiası hara qədər ciddidir?

Eks-prezidentin iddiasına ən ilginc şərhələr Rusiya KİV-lərindən gəldi. Rusiyalı mənbələr Saakaşvilinin bu iddianı təsadüfən dilə gətirmədiyini və bunun Amerikanın siyasi institutlarının "mətbəxində qaynadılan inqilab qazanı”ndan gələn yeni "xaos qoxusu” olduğunu iddia edirlər. Söhbət Rusiyanın təsir dairəsinin geniş olduğu keçmiş sovet respublikları üçün hazırlanmış çevriliş ssenarilərindən gedir.

"Saakaşvili Dövlət Departamentinə yaxın adamdır”

"Real” Hərəkatı sədrinin ictimai-siyasi məsələlər üzrə müavini, politoloq Azər Qasımlı "Cümhuriyət” qəzetinə açıqlamasında Saakaşvilinin Qərbə yaxın siyasətçi olduğunu, ancaq iddia etdiyi məsələ ilə bağlı hansısa planının olduğuna inanmadığını bildirib. Politoloq hesab edir ki, sabiq Gürcüstan prezidenti sadəcə olaraq, keçmiş SSRİ məkanındakı mövcud siyasi situasiyanı dəyərləndirib: "Biz Saakaşvilini ABŞ Dövlət Departamentinə və avropalı siyasətçilərə yaxın adam kimi tanıyırıq. Amma bu o anlama gəlməməlidir ki, iddia etdiyi məsələ ilə bağlı hansısa plan var və Saakaşvili bu planın anonsunu verir. Hər halda Mixail Saakaşvili Qərb siyasətçilərinin dünyada gedən siyasi proseslərə dair səsləndirdiyi fikirlərə istinadən belə deyir.

Hesab edirəm ki, dünyanın bir sıra ölkələrində yayılan avtoritarizm bu dövlətləri təhdid etməyə başlayıb. Əlbəttə, demokratiyanın dünyada sürətlə yayıldığı bir dönəmdə buna əks vəziyyətlərin yaranması, situasiyanı bir qədər də gərginləşdirir. Saakaşvilinin iddiasında bu fikirlərin ehtiva olunduğunu düşünürəm. Bununla bağlı öz təkliflərini verir və axtarışlarını aparır. Çünki inqilablar kiminsə istəyi ilə olmur. O, sadəcə post-Sovet respublikalarındakı avtoritar və oliqarx sistemlərinin yaxılacağından danışır. Həqiqətən də keçmiş sovet respublikalarının əksəriyyətində oliqarx və avtoritar rejimlər mövcuddur. Bu sistemlərə qarşı ümumi cəbhə yaradıb mübarizə aparmağın vaxtı çatıb. Hesab edirəm ki, Saakaşvili də bunları dilə gətirməyə çalışıb”.

"ABŞ post-Sovet məkanında inqilablara hazırlaşır”

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin siyasi işlər üzrə müavini, politoloq Məhəmməd Əsədullazadə "Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, son zamanlarda Ukraynada baş verən siyasi proseslər digər post-sovet respublikalarına da ciddi mesajlar ötürür. Politoloq hesab edir ki, Saakaşvilinin rəhbərlik etdiyi bu hərəkatın arxasında ABŞ dayanır: "Bu baxımdan, Ukraynaya Rusiyanın öz orbitinə daxil etməyə çalışdığı respublikalara qarşı başlayacaq mübarizənin mərkəzi kimi baxmaq lazımdır. Nəzərə almaq lazımdır ki, ABŞ-ın qəbul etdiyi yeni milli təhlükəsizlik strategiyasında keçmiş sovet məkanı prioritetlərdən biri kimi qəbul edilib. Hesab edirəm ki, Saakaşvilinin bu çağırışları Cənubi Qafqaz və Orta Asiyanı əhatə edir. Gələcəkdə bu coğrafiyada inqilablar həyata keçirmək məsələsi də ABŞ-ın planına daxildir. Bu da bu bölgələrdəki vəziyyətlərdən asılıdır. Qənaətimə görə, Mixail Saakaşvilinin bəyanatı keçmiş SSRİ məkanında tektonik effekt verəcək. ABŞ Saakaşvili vasitəsilə öz sərhədləri yaxınlığında Rusiyaya mesaj verir. Bu, ABŞ-ın yeni planının anonsudur”.

Mənsur Rəğbətoğlu





Həftənin ən çox oxunanları