Yuxarı

İsrail döyüşə atılır

İsrail döyüşə atılır

İsrail ötən həftə Suriya ərazisinə endirilmiş kütləvi aviazərbələrin ardınca bu ölkə ilə sərhədə "Dəmir Günbəz” raketdən müdafiə sistemi yerləşdirib. "Cümhuriyət” qəzeti xəbər verir ki, İsrailin bu qərarı Suriyaya qarşı irimiqyaslı hücuma hazırlaşdığı barədə ehtimalları artırıb. Qeyd edək ki, ötən həftə Suriyadan havaya qalxan İran pilotsuz kəşfiyyat təyyarəsi İsrail hava məkanına daxil olub və "Apachi” vertolyotundan buraxılan raketlə vurulub. Bundan sonra İsrail Hərbi Hava Qüvvələrinin 8 "F-16” və "F-15” qırıcısı Suriya ərazisindəki "İran hədəflərinə”, o cümlədən, Palmira yaxınlığında İran dronlarının mənzilləndiyi "T-4” aviabazasına zərbələr endirib. 

Suriyanın Hava Hücumundan Müdafiə qüvvələri İsrail aviasiyasına şiddətli müqavimət göstərib və bir "F-16” təyyarəsi vurulub. Pilotlar katapult edə biliblər. Təyyarənin vurulmasına cavab olaraq İsrail Suriyanın Hava Hücumundan Müdafiə sistemlərinə qarşı ikinci kütləvi aviareyd həyata keçirib, 8 HHM batareyası sıradan çıxarılıb.

İsrailin müharibə hazırlığı və hədəfləri

Ehtimal edilir ki, Suriyaya müdaxiləyə hazırlaşan İsrail Silahlı Qüvvələrinin hədəfi təkcə Bəşər Əsəd yox, İran və "Hizbullah”ın hərbi obyektləridir. Suriya ilə sərhəddə "Dəmir Günbəz” raketdən müdafiə sistemlərinin bir neçə batareyasının yerləşdirilməsi isə gözlənilən kütləvi zərbələr zamanı cavab zərbələrinin qarşısını almaq məqsədi daşıyır. Sistemlərin yerləşdirilməsindən qısa müddət sonra İsrailin kəşfiyyatçı təyyarəsi paytaxt Dəməşqin 40 kilometrliyində yerləşən Əl Kuneytra rayonunda Suriyanın hava məkanına daxil olub. Suriyanın Hava Hücumundan Müdafiə Qoşunları təyyarəyə atəş açaraq onu ölkə səmasını tərk etməyə məcbur edib.

İlk hücumlar

2013-cü ildə Suriyadakı silahlı qruplaşmaların İsrailin kəşfiyyat təyyarələrini nəzarətdə saxlayan Mərc əs-Sultan hərbi bazasını ələ keçirməsi, İsrailin bu ölkəyə müdaxiləsinə zəmin yaratdı. Bu hadisədən sonra İsrail Bəşər Əsəd ordusunun mülki insanlara qarşı kimyəvi silah istifadə etməsi iddiası ilə hakimiyət qüvvələrinin Dəməşq yaxınlığındakı bazasına hücum etdi. Bu, 2011-ci ildə müharibə başlayandan İsrailin Suriyaya ilk hərbi müdaxiləsi idi. Həmin ilin may ayında İsrailin Suriya ordusunun Dəməşq ətrafındakı növbəti hərbi bazasını bombalamasıyla "Hizbullah” terror təşkilatı müharibəyə daxil oldu. "Hizbullah” ilk cəhddə Suriya və Livan sərhədlərində yerləşən Küseyir bölgəsini silahlı qruplaşmalardan azad etdi. Həmin vaxt amerikalı senator Con Makkeyn ilginc iddia ilə gündəmə gəldi. Makkeyn bildirdi ki, ABŞ və İsrail müharibəni qazanmağa yaxın idi, lakin "Hizbullah”ın 5 minlik qüvvə ilə savaşa daxil olması, vəziyyəti dəyişdi. O, iddia edirdi ki, İsrail Bəşər Əsədi devirməyə yaxın olub. 

Bəşər Əsədin Qolanı ələ keçirmək cəhdi

İsrailin Suriyaya hücumları 2014-cü ildə də davam etdi. Rəsmi Təl-Əviv həmin ilin iyun ayında Suriyadan İsrail ərazilərinə müdaxilələrin olduğunu iddia edərək, növbəti dəfə bu ölkəyə hücum əmri verdi. İlk cəhddə Bəşər Əsəd ordusunun İsrail sərhədləri yaxınlarındakı mövqeləri darmadağın edildi. Qarşı tərəf də sakit dayanmırdı. Lakin Əsəd ordusunun İsrailin nəzarətində olan Qolan Təpələrinə hücum cəhdlərinin hamısı İsrail ordusu tərəfindən alındı.

İrana şok zərbə

İsrail qırıcı təyyarələrinin 2015-ci ildə Suriya ordusuna məxsus hərbi bazaya qarşı etdiyi hücumda 6 "Hizbullah” terrorçusu və İran İnqilab Keşikçiləri Qvardiyasının bir generalı həlak oldu. "Hizbullah” əks hücumda 2 israilli hərbçini öldürdü. Həmin ilin avqust ayında Suriyada İsrail və "Hizbullah” arasında baş verən silahlı qarşıdurmada bu təşkilatın komandirlərindən biri Semir Kuntar həlak oldu. 

Dəməşqə növbəti hücum

2016-cı ildə İsrail Bəşər Əsəd ordusunun Qolana müdaxilə etdiyini iddia edərək, Dəməşq yaxınlığındakı Məzzə hərbi bazasını darmadağın etdi. 

"Hizbullah”ın silah anbarının partladılması

2017-ci ilin aprel ayında Dəməşq hava limanında güclü partlayış baş verdi. Suriya KİV-ləri partlayışı İsrail ordusunun törətdiyini iddia etdilər. İngiltərə mediası isə iddia etdi ki, İsrail "Hizbullah”ın hava limanındakı silah anbarını vurub. Həmin ilin yanvar ayında isə Suriya hökuməti İsrailin Mezze bazasına növbəti hücumu həyata keçirdiyini bildirmişdi.

İrana müharibə xəbərdarlığı

Bəşər Əsəd ordusunun Suriyaya nəzarətin böyük hissəsini yenidən geri qaytarmasının arxasında İran və "Hizbullah”ın dayandığını iddia edən İsrail 2013-cü ildən bu yana, Suriyaya qarşı ən böyük hücumunu bu ilin fevral ayının 10-da həyata keçirdi. İsrail ilk dəfə olaraq, bu hücumdan sonra İranın Suriyadakı mövqelərinə qarşı hərbi əməliyyat keçirdiyini də açıqladı. Hücumda İranın 1 Pilotsuz Uçan Aparatı (PUA) məhv edildi. Əsəd ordusunun İsrailin 1 "F-16” təyyarəsini vurması isə gərginliyi pik həddə qaldırıb. İran və Suriyanı təhdid edən İsrail Rusiya və ABŞ-dan gərginliyi azaltmaq üçün kömək istəyib. İsrail Müdafiə Nazirliyinin yetklisi Avihay Adray növbəti hücum ehtimalında Əsəd ordusu və İrana qarşı daha kəskin cavab verəcəkləri xəbərdarlığını edib.

İsrailin hədəfləri

Suriyaya qarşı hücumların sayını artıran İsrailin bəlli hədəfləri var. İlk növbədə, Suriyada baş verəcək dəyişiklikdə ən ciddi oyunçunun İsrailin olduğunu mesajını verən Təl-Əviv digər yandan, Bəşər Əsədin xarici müdaxilə vəziyyətində müdafiəsiz olduğunu sübut etməyə çalışır. Şübhəsiz ki, bu baxımdan, Əsədin əsas müttəfiqləri "Hizbullah” və İranın Suriyadakı ordusunun neytralaşdırılması İsrailin əsas hədəfidir. 2013-2018-ci illərdə Suriyaya hücum xronologiyasında da bu, özünü açıq formada göstərir. Başqa bir tərəfdən isə ən az indiki halda nə qədər mümkün görünməsə də İsrail bu hücumlarla Bəşər Əsədi mövqe dəyişməyə məcbur etməyə çalışır.

Mənsur Rəğbətoğlu






Həftənin ən çox oxunanları