Yuxarı

Neft ölkələrinin taleyi müharibədə həll olunur

Neft ölkələrinin taleyi müharibədə həll olunur

Dünyanın neft bazarında qiymətlər dalğalanmaqda davam edir.Bir müddət öncə neftin bir barelinin qiyməti 70 dollar civarında olsa da, hazırda 65-67 dollar ətrafında dəyişir.Qiymətlərin tez-tez dəyişməsi təbii ki, neft ölkələrinin gündəlik hasilatı artırmasıdır.Ancaq digər geosiyasi məqamlar, xüsusilə də müharibələr, münaqişələr neft qiymətinə də təsirsiz ötüşmür.Maraqlıdır, geosiyasi maraqlar neft qiymətlərinə necə təsir göstərir?

İqtisadçı-ekspert Natiq Cəfərli "Cümhuriyət” qəzetinə açıqlamasında geosiyasi amillərin neft qiymətlərinin artmasına təsir etdiyini deyib:

"Əslində ötən ilin sentyabr ayından böyük artım dinamikasının səbəbi geosiyasi risklər idi. Artımın ən böyük tendensiyası elə sentyabr ayında baş verdi. Bu da İraqın şimalında "Kürdüstan” adlanan bölgənin müstəqillik referendumu keçirəcəyini elan etməsi ilə bağlı idi.Həmin ərazi dünyanın ən böyük neftlə zəngin bölgələrindən biridir.İraq OPEC ölkələri arasında ən çox neft hasil edən ikinci ölkədir.Kürdüstan adlanan bölgənin referendum elanından sonra həmin bölgədə münaqişələr başladı.İraq mərkəzi hökuməti həmin bölgədə hərbi əməliyyatlar keçirdi və neftlə zəngin bölgələri mərkəzi hökumətə tabe etməyə çalışdı.Bu geosiyasi risklər dünyada neft qiymətlərinin təxminən, 5 dollar bahalaşmasına səbəb oldu.Bundan başqa Səudiyyə Ərəbistanına Yəməndən raket atılması ilə bağlı xəbərlər yayıldı.Bu da neft qiymətlərinin 3-4 dollar artmasına səbəb oldu.Yəni, geosiyasi risklər hər zaman neft qiymətlərinə təsir edir”.

Ekspert hesab edir ki, geosiyasi risklərin neft qiymətlərinə təsiri müvəqqəti olur:

"Münaqişə ehtimalı səngiyən kimi, real iqtisadi göstəricilər meydana çıxır. Bununla da neft qiymətlərinə fundamental göstəricilər təsir göstərməyə başlayır.Neft bazarının belə bir özəlliyi var. Təbii ki, hələ də geosiyasi risklər qalmaqdadır.Xüsusilə də Suriya ərazisində müxtəlif ölkələrin maraqları toqquşur.Türkiyənin "Zeytun budağı” əməliyyatının nə zaman bitəcəyi məlum deyil.Orada müxtəlif adlar altında Rusiyanın, İranın və ABŞ-ın hərbi gücləri yerləşdirilib.Onların toqquşma ehtimalı isə yenə də qalmaqdadır.Bu cür geosiyasi risklər neftlə zəngin İraqın yaxınlığında və ya iştirakı ilə baş verdiyindən neft qiymətlərinə təsir etmək qabiliyyətinə malikdir. Amma bu münaqişələr daim ola bilməz. Bir müddət sonra səngiyəcək.Türkiyə də özünə təhlükə olan terror ünsürlərini təmizləyəndən sonra, münaqişənin səngiməsi gözlənilir.Amma bu neft qiymətlərinə mənfi təsir göstərəcək.Dünyada neft qiymətlərinə fundamental şəkildə təsir edən əsas amil hasilat və istehlak rəqəmləridir. Görünən odur ki, OPEC və Rusiya anlaşması işlədikcə, yəni, hasilatın 1.8 milyon barel azalması neft qiymətlərinə müəyyən dərəcədə pozitiv təsir göstərsə də, ABŞ-da hasilatın artmasına səbəb oldu. Bu gün neft bazarında hegemon və qiymətlərə təsir edən ölkə ABŞ-dır.ABŞ bu rola sahib olmağa başlayıb.Əvvəl Rusiya və Səudiyyə Ərəbistanından gələn xəbərlər neft qiymətlərinə təsir edirdisə, artıq ABŞ-ın gündəlik hasilatı Rusiyaya çatıb.Çox güman ki, yaxın 3-4 həftədə ABŞ-ın neft hasilatı Səudiyyədən də artıq olacaq.OPEC və Rusiyanın azaltdığı hasilatı ABŞ dünya bazarına çıxarmağa başlayıb.Yəni, bu göstəriciləri götürsək, neft qiymətlərinin 55-65 dollar aralığında olması, həm hasilatçılara, həm də istehlakçılara sərf edir.Çox böyük ehtimalla böyük müharibələr, geniş miqyaslı hərbi əməliyyatlar olmasa, qiymətlər bu koridorda qalacaq”.

Vilayət Muxtar





Həftənin ən çox oxunanları