Yuxarı

Ağ Evə qədər uzanan Rusiya izi

Ağ Evə qədər uzanan Rusiya izi

Bir neçə gün öncə ABŞ prezidenti Donald Tramp dövlət katibi Reks Tillersonu vəzifəsindən azad etdi.

Tillersonu bu vəzifədə CİA direktoru Mayk Pompeonun əvəz edəcəyi bildirilir. Reks Tillersonun istefaya göndəriləcəyi barədə əvvəldən ehtimallara olsa da, Trampın bu gözlənilən sürpriz addımının bir qədər tez atması, məsələ ətrafında ilginc iddiaları ortaya çıxarıb. Bu, demək olar ki, günlər keçməsinə baxmayaraq, dünyanın bütün ölkələrində müzakirə edilir.

Trampın qərarının pərdəarxası

Tillersonun bu postdan uzaqlaşdırılacağı hələ aylar əvvəl məlum olsa da, Donald Trampın bu qərarı Rusiya ilə işbirliyində olmadığı faktının üzə çıxmasından sonra tezləşdirməsi, müzakirələri fərqli istiqamətə yönəlti. Trampın özü isə Reks Tillersonu istefaya göndərməsini, onunla bəzi məsələlərdə, xüsusilə də İranla bağlı məsələdə ortaq mövqedə olmaması ilə izah edib. Lakin ABŞ KİV-ləri səbəbin Tillersonun İngiltərədə zəhərlənmiş rusiyalı casus Sergey Skripalla bağlı olduğunu iddia edirlər. 
Qeyd edək ki, o, Rusiyanı Skripalı zəhərləməkdə ittiham edib və o, indiyədək Trampın komandasında bu məsələyə münasibət bildirən yeganə şəxs idi. Amerikalı mənbələrə görə dövlət katibinin bu açıqlaması preziudentlə arasında münaqişəyə səbəb olub. Tramp onnunla razılaşmayıb və antiRusiya mövqeyinə görə Tillersonu postundan uzaqlaşdırmaqla cəzalandırıb.

Prezident onun Rusiyaya qarşı olduğunu bilirdi, amma....

Reks Tillerson hələ dövlət katibliyinə namizəd kimi göstəriləndə ABŞ-a ən böyük təhdidlərin Rusiyadan gəldiyini bildirərək, bu posta keçdikdən sonra ölkəsinin əzəli rəqibinə qarşı daha ciddi müqavimət oxuna çevriləcəyinin anonsunu vermişdi. Əlbəttə, həmin dönəmdə Rusiya ilə gizli işbirliyində ittiham edilən Donald Trampın hansı səbəbdən antiRusiya mövqeyində olan bir diplomata bu strateji postda yer verdiyi müzakirə mövzusu idi. Müzakirələr zamanla səngisə də Ağ Ev rəhbərinin Tillersonu vəzifəsindən uzaqlaşdırmasından sonra qaranlıq məqamlar sürətlə üzə çıxmağa başladı.

İlk növbədə nəzərə almaq lazımdır ki, ilk dəfə deyil ki, Tillerson Rusiyaya qarşı açıq ittihamla gündəmə gəlir. Bundan əvvəl də onun Rusiyaya yönəlik sərt açıqlamaları olmuşdu. Bu baxımdan, onun Trampın keçən hakimiyyəti dönəmində Rusiya - ABŞ münasibətlərinin gərginlikdə qalmasına müstəsna rolu olub. Zaman-zaman Rusiya ilə münasibətlərin normallaşdırılmasına dair planlar irəli sürsə də, Konqresdə Rusiya əleyhinə qəbul edilmiş sanksiya layihələrinin gizli və açıq müəllifinin Tillerson olduğu nə Trampa, nə də dünya ictimaiyyətinə sirr deyildi. 

Lakin Rusiyaya, xüsusilə də Amerika prezidenti ilə gizli dostluq əlaqələrində olduğu iddia edilən Vladimir Putinə qarşı nifrətini gizlətməməsi də indiyədək Tramp üçün müzakirə mövzusu deyildi. İndiki halda isə ehtimallar ora yönəldilir ki, Tillerson casus məsələsinə münasibətinə görə postunu itirib. Amma məsələnin arxasında tamam başqa məqamlar var. Düzdür, bu məsələdə də keçmiş dövlət katibinin antiRusiya mövqedə olması əsas rolu oynasa da, Trampın bu addımı indiki məqamda atması tamam başqa suallar yaradır.

Tramp Tillersondan necə istifadə etdi?

Məlumdur ki, bir neçə gün əvvəl Rusiyanın 2016-cı ildə ABŞ-da keçirilmiş prezident seçkilərinə müdaxiləsini araşdıran xüsusi prokuror Robert Müller Donald Trampın başçılıq etdiyi şirkətlərin seçkilərdən əvvəl və sonra da Rusiya ilə gizli işbirliyində olmadığını açıqladı. Rusiyanın seçkilərə müdaxiləsi məsələsi hələ də araşdırma mövzusu olsa da, Trampın bu müdaxilədən xəbərsiz olduğu bildirilir. Əlbəttə, bu, Trampın impiçment təhlükəsindən uzaqlaşması deməkdir. Beləliklə, xüsusi prokurorun istintaqın yekunu ilə bağlı açıqlamasından bir neçə saat sonra prezident Reks Tillersonu istefaya göndərir və bunu onunla izah edir ki, dövlət katibi İrana qarşı yumşaq olub.

Lakin analitiklər Trampın səmimiyyətinə inanmırlar.

Belə ki, hələ də Rusiya ilə gizli işbirliyində olması ittihamından tamamilə yayınmamış Trampın komandasında Moskvaya qarşı açıq şəkildə aqressiv olan  yeganə diplomat Reks Tillerson idi. İndiki halda isə prezidentin Rusiya ilə gizli işbirliyi araşdırma mövzusu deyil və o, Putin administrasiyası ilə gizli əlaqələrini davam etdirmək üçün daha ideal fürsət əldə edib. Bu da Trampa imkan vermirdi ki, ABŞ-ın xarici siyasətində təsiredici imkanları geniş olan Tillersonu öz komandasında saxlasın.

Vaxtilə - Rusiya ilə işbirliyi müzakirə mövzusu olanda Trampa Tillerson kimi Moskvaya münasibətdə aqressiv olan bir diplomatı baş katib postuna gətirməsi vacib idi ki, ittihamlardan yayınsın. Təsadüfi deyil ki, amerikalı analitiklər də o fikri müdafiə edirlər ki, Tillersonu dövlət katibi zirvəsinə qaldıran maraqlar sonradan onu bu zirvədən başıaşağı buraxdı.

Mənsur Rəğbətoğlu






Həftənin ən çox oxunanları