Yuxarı

İkinci "Ərəb baharı” - Hədəfdəki kimdir?

İkinci

"Financial Times” qəzeti Yaxın Şərqdə gələcək proseslər barədə analiz hazırlayıb.

"Cümhuriyət” qəzeti xəbər verir ki, "İkinci "Ərəb baharı” adlanan məqalədə Yaxın Şərq ölkələrində yeni inqilabların baş verəcəyi iddia edilir. Həmin ölkələrdə işsizlik səviyyəsinin yüksəlməsi, siyasi təzyiqlər və iqtisadi böhranlar fonunda bu situasiyanın yarandığı diqqətə çatdırılır: "2011-ci ildə başlayan birinci "Ərəb baharı”nda bir çox ölkələrdə hökumətlər devrildi. 2011-ci ildə insanlar azadlıq, iqtisadi rifah və ədalətli bölgü tələb edirdilər.Lakin, gözlənilənlər baş vermədi.Əksinə, iqtisadiyyat daha da çökdü, siyasi azadlıqlar məhdudlaşdırıldı.Buna görə də növbəti "Ərəb baharı” başlaya bilər”.

Məqalədə həmçinin, vurğulanıb ki, ərəb dövlətlərində hakimiyyətlərin xalqa qarşı zülmü İŞİD-dən daha təhlükəli təşkilatların ortaya çıxmasına səbəb ola bilər.

"Ərəb baharı”na meydan verəcək növbəti ölkə

Yaxın Şərq ölkələrində baş verən inqilablar İran üçün təhlükəli zəmin yaratdı. O dönəmdə və bundan sonrakı vaxtlarda İran da inqilabların baş verdiyi həmin dövlətlər kimi itirənlər arasındaydı. Siyasi islama ağır zərbə vuran "Ərəb baharı” İrana da inqilab toxumlarını səpdi. Çünki Tehran Tunis, Misir, Liviya və digər dövlətlərdə devrilən siyasi rejimlərlə müəyyən qədər də olsa, dil tapa bilirdi. Üstəgəl, İranın "Ərəb baharı”ndan əvvəlki dönəmdə Yaxın Şərqdə güclü nüfuzu vardı.Demək olar ki, bölgənin bir çox dövlətində manevr imkanları geniş olan İran bu gün kiçik Suriya bataqlığına ilişib qalıb.Digər yandan, İranın nüfuzunun aşağı düşməsi Türkiyə və Səudiyyə Ərəbistanının işinə yaradı.Uzun illərdir bu iki ölkə ilə rəqabət içində olan İran gözlənilmədən geosiyasi meydandan çıxarıldı.

İnqilabların islami dəyərlərə köklü zərbə vurması isə İranı narahat edən əsas amil idi.Proseslərin Qərb tərəfindən manipuliyasiya edilməsi də Tehranda "zəlzələ effekti” yaratmışdı. Artıq "Ərəb baharı”nın İranda yaratdığı gizli inqilab açıq müstəviyə keçməyə başlayıb. Keçən ilin dekabr ayının son günlərindən bu ilin yanvar ayının ortalarınadək İranda dini rejimin təhqir edilməsi ilə müşayiət olunan kütləvi xalq etirazları da "Ərəb baharı”nın meydana çıxacağı növbəti məkanın bu ölkə olacağı ehtimallarını gücləndirir. Məlumdur ki, həmin nümayişlərdə vətəndaşlar ölkənin dini-siyasi rəhbərliyindən demokratik islahatlarla yanaşı, iqtisadi problemləri tezliklə həll etməyi tələb etdilər.Lakin keçən müddət ərzində rəhbərlik bu tələbləri yerinə yetirməməklə yanaşı, etirazçı elektorat üzərində təzyiqləri gücləndirərək vəziyyəti bir qədər də qarışdırdı.

ABŞ təzyiqləri gücləndirir

ABŞ-dan artan təzyiqlər də İran daxilindəki "tektonik silkələnmələri”n şiddətini bir qədər də artıra bilər.Amerika 2015-ci ildə İran və "Altılıq” arasında imzalanmış nüvə sazişindən çıxmağa hazırlaşır.Prezident Donald Tramp tərəfindən hazırlanmış qanun layihəsi artıq Konqresə təqdim olunub.Bir tərəfdən də Trampın İrana qarşı yumşaq davranışları ilə tez-tez gündəmə gələn dövlət katibi Reks Tillersonu istefaya göndərməsi də Amerikada İranla bağlı ciddi planın hazırlandığı ehtimalını gücləndirdi.Digər yandan, İsrail ordusunun İranın Suriyadakı mövqelərinə qarşı açıq savaşa başlaması da bu planın tərkibinə daxil olmalıdır.

Yaxın Şərqdə və öz ətrafında formalaşmış geosiyasi şərtlərin özünə qarşı olduğunu bilən İran artıq kənar müdaxilələrə yol verməmək üçün tədbirlər görməyə başlayıb.Son zamanlarda Tehrandan bölgənin supergüclərindən biri olan Səudiyyə Ərəbistanına yönəlik verilən yumşaq açıqlamalar, Türkiyə ilə yaxınlaşmaq səyləri və yenidən Rusiya ilə hərbi-siyasi sahədə əməkdaşlığı gücləndirmək cəhdləri də İranın dini-siyasi rejiminin narahatlığından xəbər verir.Hesab etmək olar ki, molla rejimi ölkə daxilində hökm sürən siyasi-iqtisadi böhranın kənar müdaxilələrə yol verməsinin qarşısına keçmək üçün axtarışlarını vaxtilə xəritədən siləcəyi ilə hədələdiyi region dövlətləri içində aparır.

Mənsur Rəğbətoğlu






Həftənin ən çox oxunanları