Yuxarı

Putin revanş götürür

Putin revanş götürür

Vladimir Putin martın 18-də Rusiyada keçirilmiş prezident seçkilərində böyük səs çoxluğu ilə qalib gəlib. İlkin nəticələrə görə, hakim Vahid Rusiya Partiyasının namizədi səslərin 76,6 faizinin səsini toplayıb. Səsvermədə iştirak edən vətəndaşların 67,74 faizi və 73,36 milyon nəfəri Vladimir Putini dəstəkləyib. 

İkinci yerdə isə qazandığı səslərin sayına görə Rusiya Federasiyası Kommunist Partiyasının namizədi Pavel Qrudinin yer alır. 11, 82 faiz səs yığan Qrudinin seçkilərin nəticələrinə etiraz edib. O, Rusiyadakı seçkiləri MDB məkanında ən saxta seçkilər adlandırıb. Üçüncü sırada 5,68 faiz səslə Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski qərarlaşıb. Ondan sonrakı yeri isə 1,66 faiz səs toplayan Kseniya Sobçak tutur. "Yabloko” blokunun namizədi Qriqori Yavlinskinin 1,04 faiz, "Rusiya Kommunistləri” təşkilatından Maksim Suraykin 0,68, Rusiya Ümumxalq İttifaqının rəhbəri Sergey Baburin isə 0,65 faiz səs yığa bilib.

Səsvermənin rəsmi nəticələrinin elan olunmasına hələ xeyli vaxt qalsa da, artıq Putinin yüksək səs çoxluğu ilə qələbə çaldığı məlumdur. İlkin və rəsmi nəticələr arasındakı fərqin isə yekun göstəriciyə təsir etməyəcək qədər cüzi olacağı gözlənilir. Əslində, Vladimir Putinin 70 faiz civarında səs toplayacağı əvvəldən proqnozlaşdırılırdı. Çünki seçkidən əvvəl keçirilən bütün rəy sorğularında prezident Putinin siyasi reytinqinin 70 faiz təşkil edəcəyi bildirilirdi. Səsvermənin yekunlarına görə, V.Putin hətta sosioloji sorğularda göstərilənlərdən 6, 6 faiz də artıq səs qazana bilib. 

Rusiya prezidenti üçün bu seçkilər asan və və çətin cəhətləri ilə bir siyasi sınaq hesab edilirdi. Putin üçün dördüncü dəfə prezident seçilməyin asan tərəfi onun rəqiblərinin siyasi nüfuzunun zəif oması və ya sistem müxalifətin nümayəndələrini təmsil etməsi ilə bağlı idi. Digər tərəfdən, Krımın ilhaqından sonra Qərblə yaşanan geosiyasi qarşıdurma fonunda Rusiyada millətçi əhval-ruhiyyənin və "velikorus” şovinizminin artması seçkilərdə V.Putinin xeyrinə işləyən əsas amillərdən biri olub. Ancaq 2015-ci ildən başlayaraq neftin qiymətinin sürətlə aşağı düşməsi və Qərbin artan ağır sanksiyaları Rusiya iqtisadiyyatını zəiflətdiyindən əhali arasında yoxsulluğun artması Putin üçün problemlər yaradırdı. Beynəlxalq ekspertlər 2022-ci ilə qədər Rusiyada ümumi daxili məhsulun artım tempinin 2 faizdən də aşağı olacağını bildirir ki, bu da hökumətin real proqnozları ilə üst-üstə düşmür. 
Eyni zamanda, Putinin qələbəsi Qərblə mövcud "soyuq müharibə”nin daha da dərinləşməsinə yol aça bilər. Rusiya prezidenti qarşıdakı 6 il ərzində Qərbə güzəştə getmək niyyətində görünmür. ABŞ başda olmaqla NATO ilə davam edən bu geostrateji qarşıdurma özünü Şərqi Ukraynada, Suriyada açıq müharibə şəklində büruzə verisə, Baltikyanı bölgədə, Moldovada, Qara dəniz hövzəsində, Cənubi Qafqazda, Yaxın və Orta Şərqdə, Koreya yarımadası ətrafında göstərir. Hətta bəzi politoloqlar artıq yeni dünya düzəninin qurulması məqsədilə qlobal bir savaşın başlandığını deyir. Bu müharibə Putinin hakimiyyətinin dördüncü dönəmində güclənə bilər. Qərb isə yaxın perspektivdə Rusiyanı və İranı həm siyasi, həm də iqtisadi cəhətdən çökdürmək planlarını işə salıb. Analitiklərin rəyinə görə, ABŞ Rusiyanı hərtərəfli mühasirəyə almaq və iqtisadi dayaqlarını sarsıtmaq məqsədilə "İkinci Reyqan Planı” adlanan strategiyanı həyata keçirməyə başlayıb. 

Politoloq Georgi Bovt Putinin növbəti prezidentlik müddətində Rusiyanın necə olacağını belə proqnozlaşdırıb: "Əksəriyyət dəyişiklik dövründə deyil, sabitlik dövründə yaşamaq istəyir. "Təki məndə müharibə olmasın!” şüarı heç vaxt başa çatmayıb və bunu heç kim ləğv edə bilmədi. Hər halda bu məsələ son vaxtlar daha aktualdır”.

Vladimir Putinin 18 illik hakimiyyəti müddətində orta statistik rusiyalı bir çox cəhətlərinə görə daha yaxşı yaşayıb. 2000-ci ildən etibarən yoxsulluq həddindən aşağı yaşayan insanların sayı 43 milyon nəfərdən təxminən iki dəfə azalıb. Əhalinin maddi rifah halı qismən artıb. Orta ömür həddi 65,5 yaşdan 73 yaşa qalxıb. İnflyasiya 21 faizdən 4 faizə düşüb. 10 faizdən artıq olan işsizlik səviyyəsi 5,3 faizə enib. Ticarət dövriyyəsi 260 milyard dollardan 1,28 trilyon dollara qədər arıb. Digər müsbət göstəricilər də tapmaq olar”. 

Lakin politoloq qeyd edir ki, baş nazir Medvedyevin iqtisadiyyatı modernləşdirmək və yeniləşdirmək siyasəti uğurlu alınmayıb. Ölkə neftdən asılılığı aradan qaldıra bilməyib. Hazırda Rusiyanın federal büdcəsinin formalaşmasında 83 regionun 14-ü donor rolunu oynayır. Sosial qeyri-bərabərlik güclənib. Varlılar və yoxsullar arasındakı fərq digər mütləq göstəricilər nəzərə alınmazsa, Amerika səviyyəsindədir. "Transperency İnternational” təşkilatının ötən il açıqladığı hesabatda Rusiya 135-ci yerdə qərar tutub: "”Düşünməyin ki, növbəti 6 il ərzində bütün bu problemlər həll olunacaq. Öz vətəndaşlarının gündəlik həyatında kiçik problemlərin yığılıb qaldığı Rusiya-2014 Yeltsin tərəfindən minilliyin yeni ili ərəfəsində Putinin qəbul etdiyi ölkədən çox az fərqlənəcək. Rusiyanın 2024-cü ildə aparıcı təhsil və səhiyyə sisteminə malik olacağını gözləmək olmaz. Halbuki, Putinin seçkiqabağı proqramında və illik müraciətində bu məqsədlər üçün vəsait nəzərdə tutulub. Həqiqətən də böyük sıçrayış olmalıdır. Dördüncü dəfə prezident seçilən Putin hökumətin təşkilinə dair növbəti may fərmanında bu sahənin tətbiqinə əmindir. Amma həm vətəndaşlarda, həm də tibbdə və təhsildə daha çox irəliləyişin baş verməsi (özlərinin və uşaqlarının sağlamlığını inkişaf etdirmələri daxil olmaqla) bu və ya digərinin qayğısına daha çox diqqət yetirmək və dövlətə ümid bağlamamaq üçün daha çox pul sərf etməkdir”- Bovt belə deyir. 

Geosiyasi proseslərin gələcək inkişafına dair politoloq ABŞ və Böyük Britaniya ilə qarşıdurmanın getdikcə artdığını qeyd edir. "Rusiyanı "xaric ölkə”yə çevirmək səyləri artır. Son günlərdə, inanıram ki, bu, Putinin tərəfdarlarının səfərbər olunmasına çox kömək etdi. Televiziyanın yorulmadan "Qərb tərəfindən təxribat" kimi dedikləri qeyd olunduqca, ölkə yalnız möhkəmlənir və anti-Qərb hissləri daha da güclənəcək. Bu vəziyyətin sülh yolu ilə və ya sakitcə necə həll ediləcəyi tam aydın deyil. Hər şeyin yeni bir böhranla (ABŞ seçkilərində "müdaxilə", Skripalın zəhərlənməsi, "dopinq skandalının" inflyasiyası "və s.) ilə getmək ehtimalı daim azalır. Yeni silahlanma yarışının artması, ən azı, yerli bir toqquşma təhlükəsinin daha çox olacağını ehtiva edir”.

Müşfiq Abdulla






Həftənin ən çox oxunanları