Yuxarı

Ermənistan Putinin güdazına gedir

Ermənistan Putinin güdazına gedir

Azərbaycan ərazilərini işğal etməsinə görə Ermənistana sanksiya tətbiq etməyən ABŞ bu işğalçı ölkəyə Rusiya ilə hərbi sahədə əməkdaşlığa görə embarqo qoymağa hazırlaşır. Artıq bununla bağlı Amerikadan rəsmi İrəvana xəbərdarlıq da edilib. Qeyd edilir ki, əgər Ermənistan Rusiyanın hərbi sənayesinin istehsalı olan silahların alışını dayandırmasa, sanksiyalarla üzləşə bilər. Sanksiyalardan yayınması üçün Ermənistanın qarşısına qoyulan şərtlərdən biri də Rusiyanın bu ölkədəki hərbi bazalarının çıxarılmasının tələb edilməsi ilə bağlıdır.

Amerikanın tələbləri dövlət sərhədlərini və işğal etdiyi Azərbaycan ərazilərindəki mövqelərini Rusiya Silahlı Qüvvələrinin hesabına qoruyan Ermənistan rəhbərliyini çətin vəziyyətə salıb. Məsələ bir neçə gündür gərgin məcrada müzakirə edilsə də, rəsmi İrəvanın çaşqınlığı da nəzərdən qaçmır. 

Çətin vəziyyətdən zərərsiz çıxmaq barədə heç bir variantı olmayan Ermənistan rəhbərliyinin ABŞ-dan xahiş etməkdən başqa hansı addım atacağı problematikdir. Bir müddət əvvəl yeni seçilmiş prezident Armen Sarkisyanı Amerikaya göndərilməsi də nəticə vermədi. Əksinə, Armen Sarkisyanın ABŞ turnəsi başa çatdıqdan sonra okeanın o tayından işğalçı dövlətə qarşı olan hədələr daha açıq forma aldı.

Erməni polkovnik Amerikaya belə yalvardı

Ermənistan Müdafiə Nazirliyinin Müdafiə Sənayesi Komitəsinin rəhbəri Davit Paxçanyanın məsələ ilə bağlı verdiyi açıqlama da işğalçı ölkənin çıxılmaz dalana dirəndiyini göstərdi. Paxçanyan jurnalistlər qarşısına çıxıb açıqlama verərkən, bir dövlətin güc strukturunun yetkilisindən daha çox, ağasının verdiyi çörəyi sonra əlindən aldığı uşağa oxşayırdı. Polkovnik açıq şəkildə yalvarırdı. "ABŞ-dan Ermənistana tətbiq edilməsi ehtimal edilən sanksiyalar narahatlıq yaradır. Deyirlər ki, bizə də sanksiya tətbiq edəcəklər. Amerikanın qərarı bizi məyus etdi. ABŞ-ın Rusiya ilə yanaşı, Ermənistana da sanksiya tətbiq etmək ehtimalı bizi narahat edir. Bu, bizim təhlükəsizliyimizi təhdid edir”, - deyə Paxçanyan bildirib.

Xatırladaq ki, ABŞ Rusiyanın müdafiə sənayesi sektoruna sanksiya tətbiq edəcəyini açıqlayıb. Sanksiyalar bu sahədə Rusiya ilə müttəfiq olan dövlətlərədək uzadılacaq. Siyahıda Ermənistanın da adı var.

"Rusiyanın vassalı olması Ermənistana baha başa gəlir”

Politoloq Arzu Nağıyev "Cümhuriyət” qəzetinə açıqlamasında Ermənistana qarşı beynəlxalq sanksiyaların tətbiq ediləcəyini istisna etməyib. Politoloq bu ölkənin Amerikanın hədəfinə gəlməsinin təsadüfi olmadığını da diqqətə çatdırıb: "Hesab edirəm ki, Rusiyaya qarşı tətbiq edilmiş sanksiyalar bu ölkənin müttəfiqlərinə qarşı da yönəldiləcək. Vaxtilə ABŞ-dan bildirilmişdi ki, əgər Türkiyə Rusiyadan "S-400” raketləri alsa, bu ölkəyə qarşı da sanksiya tətbiq ediləcək. Yəni, ayrı-ayrı dövlətlərin sanksiyalarla hədələnməsi Rusiyaya görədir. Son zamanlarda Rusiyaya qarşı diplomatik sanksiyalar da gündəmə gəlib. O da məlumdur ki, Ermənistanı silahlandıran və bu işğalçı dövləti beynəlxalq səviyyədə dəstəkləyən ölkələrdən biri də Rusiyadır.

Bundan əlavə, Rusiya iqtisadiyyatının 90%-dən çoxuna Rusiya nəzarət edir. Dağlıq Qarabağ münaqişəsinin ortaya çıxmasının səbəbkarı və Ermənistandan vasitə kimi istifadə edən də bu ölkədir. Ermənistanı da sanksiyaların hədəfinə Rusiya gətirir. Hesab edirəm ki, ABŞ Ermənistana qarşı bu sanksiyaları tətbiq edə bilər. Düzdür, Qarabağdakı separatçıların lideri Bako Saakyanı Amerikaya gətirib Konqresdə danışdırdılar, amma Rusiyanın vassalı olduğuna görə Ermənistana sanksiyaların tətbiq edilməsi gözləniləndir”.

Mənsur Rəğbətoğlu 





Həftənin ən çox oxunanları