Yuxarı

Rusiyanı kimlər "yandırır”? - İzlər hara aparır?

Rusiyanı kimlər

Son günlər Rusiyada baş verən yanğın hadisələri təsadüfə oxşamır.

Bir müddət öncə Kemerovodakı ticarət mərkəzində çoxu azyaşlı olmaqla 64 nəfərin həlak olması ilə nəticələnən yanğın baş verdi.

Cinayət işi çərçivəsində yanğının baş verdiyi binanın icarədarı  və mərkəzə xidmət edən idarəetmə şirkətinin rəhbəri də daxil olmaqla dörd nəfər saxlanıldı. 

Bundan əvvəl kütləvi informasiya vasitələri "Zimnyaya vişnya" ticarət və əyləncə mərkəzinin sahibi Nadejda Suddenokun saxlanılması barədə məlumat vermişdi. Araşdırma zamanı hadisənin baş verməsində təqsirli bilinən 7 nəfər həbs olunub. Kemerovo vilayətinin qubernatoru Aman Tuleyev istefaya gedib. Kemerovodan sonra Moskvanın şərqində yerləşən uşaqlar üçün "Persey" ticarət kompleksi yandı. Hadisə nəticəsində 1 nəfər həlak oldu, 6 yanğınsöndürən isə xəsarət aldı.

Kemerovo və Moskvada baş verən yanğınların təsadüf, yoxsa təxribat olduğu hələ ki, məlum deyil. Ancaq ilkin ehtimallara görə baş verən yanğınların arxasında bir sıra geosiyasi məqamlar gizlənir. Bu isə Rusiyanın "yandırılmasının” təsadüfi deyil, təxribat olması ehtimalını gücləndirir. Maraqlıdır, baş verənlər həqiqətənmi təxribatdır? Əgər təxribatdırsa, başqa regionlara da keçə bilərmi?

Politoloq Natiq Miri "Cümhuriyət” qəzetinə şərhində Rusiyada baş verən yanğınların təsadüf olmadığını deyib.

N.Miri hesab edir ki, baş verənlər Qərb-Rusiya qarşıdurmasının nəticəsidir: "İngiltərədə keçmiş Rusiyalı casus və onun qızının zəhərlənməsindən sonra Qərblə Rusiya arasında çox ciddi diplomatik böhran yaşanır. Bu kontekstə qarşılıqlı təhdidlər və diplomatların ölkələrdən qovulması prosesi yaşanır. Dünya miqyasında bu günə qədər bu miqyasda diplomatların ölkədən qovulması prosesi yaşanmayıb. Bu fonda Rusiyada bir neçə partlayış, insanların güllələnməsi və yanğın hadisələri baş verir ki, nəticə də onlarla rusiyalı tələf olub. Düşünürəm ki, bu hadisələrə bir də yaşanan casus hadisəsi kontekstində baxmaq lazımdır. Çünki siyasətdə təsadüfi deyə bir anlayış yoxdur. Məhz bu ərəfədə İŞİD terror təşkilatı da Rusiyaya qarşı çox ciddi terror xəbərdarlıqları edir. 2018-ci ildə Rusiyada futbol üzrə dünya çempionatı keçiriləcək.  İŞİD Rusiya stadionlarını dronlara bağlanmış partlayıcılarla vuracağını deyir. 

Bu yöndə Rusiyanın da çox ciddi narahatlıqları var.  Ona görə də düşünürəm ki, Rusiyada baş verən hadisələr təsadüf deyil və Qərb-Rusiya qarşıdurmasının nəticəsi olaraq ortalığa çıxıb. İndiki şəraitdə bu təhlükənin Rusiyanın daxilində qalacağını düşünürəm. Çünki əgər bu hadisələr təsadüf deyilsə, və Qərbin, xüsusilə də ABŞ-ın sifarişi ilə İŞİD və ya digər bir terror şəbəkəsi həyata keçirirsə, Rusiyanın bu istək və iddialarından geri çəkilənə qədər prosesin davam edəcəyini düşünürəm. Ona görə də bu təhlükənin digər regionlara sıçraması gözlənilən deyil.

Hələlik görünən odur ki, bu yöndə ilk hədəf Rusiyadır”.

Vilayət Muxtar





Həftənin ən çox oxunanları