Yuxarı

Rusiya və Qərb Ermənistanda toqquşdu

Rusiya və Qərb Ermənistanda toqquşdu

Prezident Putinin Avropa Birliyindəki atom enerjisi üzrə daimi nümayəndəsini İrəvana səfir təyin etməsi Ermənistan üzərində Qərblə Rusiya arasında yeni bir geostrateji rəqabətin başlanmasından xəbər verir. İndiyə qədər Rusiyanın Ermənistanla münasibətlərində siyasi və hərbi müttəfiqlik münasibətləri ön planda olub. Bu da Moskvaya Ermənistan iqtisadiyyatını inhisarda saxlamağa imkan verib. Qərb isə bir qayda olaraq, Ermənistanı Rusiyanın təsir dairəsi kimi tanıyaraq Kremlə rəqabətə maraq göstərməyib. Ancaq son dövrlər rəsmi İrəvanın Avropa Birliyi ilə əlaqələrində müşahidə olunan yaxınlaşma Ermənistanda Rusiya ilə Qərbin maraqlarının toqquşmasına gətirib çıxarıb. Diqqəti çəkən məqam bu qarşıdurmanın siyasi və hərbi planda deyil, ilk növbədə enerji sektorunda baş verməsidir. 

Avropa Birliyi və ABŞ Ermənistandan Metsamor Atom Elektrik Stansiyasının fəaliyyətini dayandırmağı tələb edir. Ermənistan 2017-ci il noyabrın 24-də Avropa Birliyi ilə Şərq Tərəfdaşlığı Proqramı Çərçivəsində "Genişləndirilmiş və Hərtərəfli Saziş"ə imza atıb. Avropa İttifaqı saziş layihəsinə Metsamor AES-in bağlanmasına dair bənd daxil etsə də Serj Sarkisyan iqtidarı Kremlin təzyiqləri nəticəsində bundan imtina etdi. Çünki Metsamor AES Rusiya üçün strateji əhəmiyyətə malik obyekt sayılır. Yəni Rusiyanın Ermənistanı nəzarətdə saxlamağı, bütövlükdə Cənubi Qafqazda mövcudluğunu təmin edən əsas vasitələrdən biridir. Strateji əhəmiyyətə malik bu sənədin əsas şərtlərindən biri "Metsamor" Atom Elektrik Stansiyasının bağlanması, Ermənistanda nüvə enerjisinin bərpa olunan enerji ilə əvəz edilməsidir. Bu məqsədlə AB Ermənistana 170 milyon avro da təklif edib. Analitiklərin rəyinə görə, Avropa Birliyinin əsas məqsədi Ermənistanla Rusiyanın ən sıx əməkdaşlıq etdiyi sahələrdən biri olan AES-in fəaliyyətinin qarşısını almaqdır. Rusiyanın "Rosatom" şirkətinin "Rosatom Servis" səhmdar cəmiyyəti hazırda "Metsamor"un ikinci blokunun yenidən qurulmasında əsas sərmayəçi kimi iştirak edir. "Metsamor"un fəaliyyətini dayandırması Rusiyanın Ermənistanın enerji bazarında aparıcı mövqeyinin zəifləməsinə gətirib çıxara bilər.

Avropa Birliyi ilə Ermənistan arasında saziş imzalanmasına baxmayaraq, Brüssel istismar müddəti başa çatmış Atom Elekrtik Stansiyasının bağlanmasında israr edir. 

Bu məsələdə qeyd edildiyi kimi, ABŞ da Avropa Birliyi ilə eyni mövqedən çıxış edir. Birləşmiş Ştatlar Metsamor AES-in fəliyyətinə son qoyulması müqabilində Ermənistanın energetika sektoruna 8 milyard dollar investisiya yatırmağı vəd edir. ABŞ Ermənistanda yeni elektrik stansiyalarının inşasını təklif edir. Avqustun 10-da isə Ermənistan hökuməti yeni "Şnox" SES-in layihələndirilməsi, tikintisi, maliyyələşməsi və istismarına dair çərçivə sazişini təsdiq edib. 76 MVt gücündə planlaşdırılan elektrik stansiyasının Debed çayı üzərində inşası nəzərdə tutulub. Layihənin dəyəri 150 milyon dollar həcmində qiymətləndirilir. ABŞ-ın "Contour Global" şirkəti hələ 2015-ci ildə Ermənistan Respublikası "Vorotan Hidroelektrik Kaskadları" Açıq Səhmdar Cəmiyyətinin əmlakını satın alıb. 180 milyon dollarlıq investisiya müqaviləsinə əsasən, Bərgüşad çayının (Ermənilər bu adı saxtalaşdrıb Vorotan qoyublar) şəlalələrindən elektrik enerjisinin alınması üçün istifadə olunmalıdır. "Contour Global" şirkəti yaxın bir neçə il ərzində şəlaləyə daha 70 milyon dollar yatırmağı planlaşdırır. Lakin Rusiyanın və İranın Ermənistanın energetika sektorunda aparıcı mövqeyə malik olması ABŞ şirkətləri üçün siyasi maneə yaradır. Bu da Moskvanın və Tehranın Ermənistan rəhbərliyinə təsir imkanlarının güclü olması ilə bağlıdır. Bərgüşad çayı üzərində tikilmiş "Şamb", "Tatev" və "Spandaryan" elekrik stansiyaları Ermənistanın istehsal gücünün təxminən 15% -ni təşkil edir. Kaskadın gücünün artırılması Ermənistan üçün vacib əhəmiyyət kəsb edir, çünki ölkədə enerji tələbatının 90 faizi idxal olunan yanacaq hesabına ödənilir. ABŞ investisiyalarının Ermənistanın enerji bazarına daxil olması yaxın perspektivdə bu ölkəni Qərb, Rusiya və İran arasında geoiqtisadi rəqabət meydanına çevirə bilər. Bunun da öz növbəsində, geosiyasi nəticələr doğuracağı şübhəsizdir. Vaşinqtonun Ermənistanın enerji sektoruna maraq göstərməsi əslində, Rusiyanı və İranı bu bazardan sıxışdırıb çıxartmağa hesablanmış strateji planın tərkib hissəsidir.

Hazırda Ermənistanın enerji sisteminin ümumi quraşdırılma gücü 4115 MVt təşkil edir. İran 3,2 kVt/saat elektrikin idxalı müqabilində Ermənistana barter üsulu ilə 1000 kubmetr təbii qaz verir. Bundan başqa, Ermənistan şimal-cənub enerji dəhlizi ilə də Ermənistandan elektik almaq haqqında Moskva və Tehranla razılaşma əldə edib. Ermənistanla İran Araz çayı üzərindəki su elektrik stansiyasının inşasını başa çatdırmaq üzrədir. Su elektrik stansiyası inşa olunduqdan sonra 15 il birgə istifadəsi və daha sonra isə tamamilə Ermənistanın istifadəsinə verilməsi planlaşdırılıb. Stansiyanın tikintisinə İran 560 milyon, Ermənistan tərəfi isə 500 milyon dollar həcmində maliyyə vəsaiti ayırıb. SES Araz çayı üzərində Ermənistan tərəfdən Mehri rayonu, İran tərəfdən isə Qaraçılar rayonu ərazisində inşa olunacaq. 

Rusiyanın və İranın enerji bazarından çıxarılması Ermənistanı hər iki ölkənin həm siyasi, həm də iqtisadi asılığından azad edə bilər. Bu baxımdan, 8 milyard dollar investisiya Ermənistan iqtisadiyyatını bərpa etmək və aktivləşdirmək baxımından kifayət qədər cəlbedici görünür. Ancaq rəsmi İrəvan Kremlin təzyiqi qarşısında Qərbin təkliflərini qəbul etməyə tərəddüd edir. 

Avropa İttifaqı isə Ermənistanla "Genişləndirilmiş və Hərtərəfli Saziş" üzrə razılaşdırılmamış və icrası müzakirə predmeti olan digər məsələlərin də yekunlaşdırılmasını nəzərdə tutur. Avropa Birliyinin Ermənistandakı nümayəndəliyinin rəhbəri Pyotr Svitalskinin açıqlamasına görə, müzakirəsi tamamlanmamış məsələlərin 2020-ci ilə qədər razılaşdırılması gözlənilir. Deməli, qarşıdakı iki il ərzində Brüssel digər məsələlərlə yanaşı, Metsamor AES-in bağlanmasına dair danışıqları tamamlamaq istəyir. Bunun qarşılığında isə Avropa Birliyi Ermənistanda alternativ enerjinin bərpası üzrə investisiya layihələri təklif edir. Lakin hazırda AES-in əsas sərmayədarı kimi Rusiya çıxış etdiyindən bu məsələdə Qərb-Moskva münasibətlərinin açıq qarşıdurma həddinə çatacağı gözləniləndir. Artıq prezident Putinin sözügedən təyinatı da bunu təsdiq edir. Məhz atom enerjisi üzrə təcrübəli mütəxəssis Sergey Kapırkinin Brüsseldən çağırılaraq İrəvana səfir göndərilməsi yaxın perspektivdə Ermənistanın enerji sektorunda Rusiya ilə Qərb arasında gərginliyin artacağını deməyə əsas verir. Ona görə də çox güman ki, Sergey Kapırkinin diplomatik fəaliyyəti daha çox Qərbin Ermənistandakı enerji maraqlarına qarşı kəskin aşıqlamaları ilə yadda qalacaq. Ermənistanda hərbi və siyasi mövqeləri kifayət qədər möhkəm olan Moskva energetika sektorunda ciddi maneə ilə üzləşib. Bu maneə isə Qərbin milyardlarla dollar maliyyə yatırımıdır. Lakin bu kapitalın və onun yarada biləcəyi həm siyasi, həm də iqtisadi təsirlərin qarşısını almaq üçün Rusiyanın təsir imkanları getdikcə azalır. Qərbin ağır iqtisadi sanksiyalarına məruz qalan Rusiya Ermənistanda kreditor və investor rolunu itirmək üzrədir. ABŞ-ın Rusiya şirkətlərinə və banklarına tətbiq etdiyi son sanksiyalar Rusiyanın ayrı-ayrı şirkətlərinin fəaliyyətinə olduqca mənfi təsir göstərib. ABŞ Ermənistana və digər MDB ölkələrinə Rusiyadan silah alacaqları təqdirdə sanksiya tətbiq edəcəyi barədə xəbərdarlıq edib. Artıq bəzi şirkətlər defolt həddinə çatıb. Belə ki, "RusAl" rəhbərliyi ABŞ-ın yeni sanksiyalar siyahısında yer alan şirkətlərlə bağlı həyəcan təbili çalıb. Şirkət rəhbərliyi belə hesab edir ki, sanksiyalar kredit öhdəlikləri ilə bağlı texniki defoltla nəticələnə bilər. 

Son məlumatlara görə, ABŞ artıq Rusiyaya növbəti sanksiyalar paketi tətbiq etməyə hazırlaşır. Siyasi ekspertlərin fikrincə, Birləşmiş Ştatlar Rusiyanın müasir nüvə texnologiyalarının idxalı və ixracına qadağalar qoya bilər. Belə bir qərar verilərsə, "Rosatom” şirkəti və onun xidmətindən istifadə edən ölkələr sanksiya altına düşəcək. Bu isə Metsamor AES-də Rusiya şirkətinin fəaliyyətinin dayandırlması və Qərbin şərtlərinin Ermənistana qəbul etdirilməsi ilə nəticələnə bilər.

M.Abdulla





Həftənin ən çox oxunanları