Yuxarı

Dünya Müharibəsi başlayır?

Dünya Müharibəsi başlayır?

Tramp "Suriya tortundakı dilimi”ni istəyir

Suriyada beynəlxalq güclər arasındakı qarşıdurma artır. ABŞ prezidenti Donald Trampın "Twitter” səhifəsində "Raketlər gəlir, Rusiya hazır ol! Həm də bunlar, yeni, ağıllı raketlərdir” yazmasının ardınca rəsmi Moskva da cavab tədbirlərinə əl atmağa başlayıb. Rusiya rəhbərliyi Aralıq dənizindəki hərbi dəniz donanmasını və onun bir hissəsi olan Qara dəniz donanmasını Suriya sahillərinə göndərmək qərarına gəlib. Eyni zamanda, Rusiya silahlı qüvvələri artıq Şərqi Qutanı nəzarətə götürərək Suiya hakimiyyətinə təslim edib. Bununla da Kreml bölgədəki mövqelərini Qərbə güzəştə getmək istəmədiyini, hətta möhkəmləndirəcəyinə dair ABŞ-a mesaj verib. 

Böyük Britaniya mediası prezident Trampın cümə axşamı gecə saatlarında (aprelin 12-dən 13-ə keçən gecə) atəş əmri verəcəyini bildirsə də, hələlik bu məsələyə dair nə Konqresdə, nə də Dövlət Təhlükəsizlik Şurasında yekun müzakirələr aparılmayıb. Ona görə də Ağ Ev bir neçə variant üzərində müzakirə aparıldığını bəyan etməklə kifayətlənir. Ancaq Birləşmiş Ştatların hərbi əməliyyatlara başlayacağı ehtimalı daha böyükdür. Küveytin təhlükəsizlik məqsədilə Livana uçuşları təxirə salması müharibənin hər an başlana biləcəyini deməyə əsas verir. İlkin mərhələdə hərbi əməliyyatlara qoşulmaqdan imtina edən Böyük Britaniyanın da mövqeyində dəyişiklik baş verib. Baş nazir Tereza Meyin əmri ilə Britaniyanın Aralıq Dənizindəki sualtı döyüş gəmiləri Suriya sahillərinə yaxınlaşıb. Əgər ABŞ və Britaniya Suriyanın kimyəvi silahların yerləşdirildiyi iddia edilən 22 hərbi bazasına raket zərbələri endirərsə, İsrail, Fransanın da bu əməliyyatlara qoşulması qaçılmaz olacaq. ABŞ isə yaranmış vəziyyətdən istifadə edərək Səudiyyə Ərəbistanının da bu hərbi əməliyyatlara qoşulmasına çalışır. Regionda qarşı-qarşıya iki siyasi cəbhədə dayanmış dövlətlərin sayının çoxalması isə Suriyanı Üçüncü Dünya Müharibəsinin başlanğıc nöqtəsi halına gətirir. Bir tərəfdə, ABŞ-ın başçılığı ilə Britaniya, Fransa, İsrail, Səudiyyə Ərəbistanının yer aldığı koalisiyaya Almaniya və Birləşmiş Ərəb Əmirliklərinin də qoşulması gözləniləndir. Əks qütbdə, yəni Bəşər Əsəd rejimi ilə yanaşı Rusiya, İran, İraq, Livan, Yəmən, həmçinin rəsmi Tehran tərəfindən formalaşdırılmış "Hizbullah”, "Haşti-Şaabi”, "Ənsarüllah”, "İmam Hüseyn Bqriqadası”, "37-ci briqada”, "Fatimiyun briqadası” kimi çoxsayı silahlı qruplar yer alır. Türkiyənin Əsəd rejimini birbaşa müdafiə etməsi mümkün deyil. Lakin rəsmi Ankara Suriya böhranının həllində və həmin bölgədəki geosiyasi maraqları baxımndan Rusiyanın və İranın yanında yer alır. Bu baxımdan, ABŞ-ın hərbi əməliyyatlara başlaması Türkiyənin maraqlarına cavab vermir. Çünki Əsəd rejiminin indiki halda məhv edilməsi, eləcə də Rusiyanın və İranın sıxışdırılması Suriyanın bölünməsinə yol aça bilər. Bu da öz növbəsində, kürd separatizminin dirçəlməsi üçün münbit şərait yaradacaq. Digər tərəfdən, ABŞ-ın başçılıq etdiyi koalisiyada PKK terror təşkilatının da yer alması, eləcə də milli təhlükəsizlik maraqlarına görə Şimali Suriyanı nəzarətdə saxlamağın vacibliyi Türkiyənin NATO-nun üzvü olmasına baxmayaraq, əks-cəbhədə yer almasını zəruri edir. Prezident Rəcəb Tayyib Ərdoğanın Donald Trampla telefon danışığı rəsmi Ankaranın hərbi əməliyyatların baş verməməsində maraqlı olduğunu bir daha təsdiq edir. Prezident Ərdoğanın nə ABŞ-la müttəfiqlikdən, nə də Rusiya və İranla əməkdaşlıqdan imtina etmək niyyətində olmadığını söyləməsi Türkiyənin sözügedən məsələdə daha çox neytral mövqe sərgiləməklə regionda genişmiqyaslı bir münaqişədə iştirak etmək niyyətində olmadığını nümayiş etdirir. 

Suriya məsələsinə münasibətdə artıq Çin də anti-Qərb koalisiyasında yer aldığını bildirib. Çinin ticarət naziri ABŞ tərəfindən Suriyada beynəlxalq münasibətlərdə gərginliyin yaranmasına səbəb olacaq fəaliyyətə yol veriləcəyi təqdirdə cavab tədbirlərinin görüləcəyini bəyan edib. Çinin hərbi əməliyyatlarda birbaşa iştirak edəcəyi reallığa uyğun olmasa da Pekinlə Vaşinqton arasındakı iqtisadi gərginliyin yüksəlməsi qlobal səviyyədə növbəti böhrana yol aça bilər. 

Siyasi ekspertlərin fikrincə, Suriya hər an nəzarətdən çıxa biləcək qlobal müharibə meydanına çevrilə bilər. ABŞ hərbi əməliyyatlara başlayarsa, yalnız Əsəd rejiminə aid deyil, həm də İranın Suriya ərazisindəki hərbi bazalarına zərbə endirəcəyi gözlənilir. Suriyanın raket və hava hücumundan müdafiə sistemi çox zəif qiymətləndirilir. Ona görə də Suriyanın hava məkanına nəzarət imkanları daha çox Rusiya və ABŞ-a məxsusdur. Bu da Suriyaya aviazərbələr endirən ABŞ-ın əsas rəqib kimi Rusiya ilə qarşılaşacağını göstərir. İsrail də yaranmış imkandan istifadə edərək, İranın və "Hizbullah”ın mövqelərini məhv etməyə çalışacağını gizlətmir. Vaşinqton isə əslində daha çox İranın nəinki Suriyadan, hətta İraqdan çıxarılmasına hesablanmış bir planın icrasına Səudiyyə Ərəbistanını da cəlb etmək niyyətindədir. Bu səbəbdən də İran islam İnqilabı keşikçiləri Korpusunun və "Hizbullah”ın hərbi bazaları atəşə tutularsa, rəsmi Tehran da Səudiyyə Ərəbistanı və İsrailə qarşı adekvat addımlar atmağa çalışacaq. Ancaq Səudiyyə Krallıığının və İsrailin RHM sistemləri qat-qat güclü olduğundan İranın öz məqsədinə nail olacağı inandırıcı görünmür. 

ABŞ-ın Suriyaya raket zərbələri endirməsi müharibəyə gətirib çıxarmaya da bilər. Bu Vaşinqtonun əməliyyat planını hansı miqyasda nəzərdə tutmasından asılıdır. Yəni ABŞ bir il öncə olduğu kimi bir neçə hərbi hava bazasına raket zərbəsi endirməklə hücumu dayandırsa, bu zaman genişmiqyaslı müharibənin baş verəcəyindən danışmaq mümkün deyil. Lakin Birləşmiş Ştatlar Əsəd rejiminin hakimiyyətinə son qoymaq üçün böyük hərbi əməliyyatlara başlasa, o zaman Suriyanın gələcək mövcudluğu tamamilə sual altına düşəcək. Çünki 2012-ci ildə Suriyada vətəndaş müharibəsi başlayanda vəziyyətə müdaxilə etməyən başqa dövlətlər bunu Suriyanın daxili işi hesab edirdi. İndi isə müharibə hakimiyyət-müxalifət münasibətləri çərçivəsindən çıxaraq böyük dövlətlərin geosiyasi maraqlarının toqquşması müstəvisinə keçib. Ona görə də vəziyyəti şərh edən İsveç analitiki Volfqanq Hansson hesab edir ki, Tramp Suriyada kütləvi bombardman həyata keçirməklə siyasi riskə getmiş olar. Ekspertin rəyinə görə, prezident Trampın ABŞ qoşunlarını Suriyadan çıxaracağına dair ötən həftə verdiyi bəyanata arxayın olan Bəşər Əsəd kimyəvi silahdan istifadə etmək həvəsinə düşüb. Son beş ildə Dəməşqdən Şərqi Qutaya qədər ərazini yaraqlılardan təmizləməyə nail olan Bəşər Əsəd qələbəyə çox yaxındır.

Ona görə də təslim olmaq istəməyən Dumada zəhərli qazdan istifadə etməyə üstünlük verib. Məqsəd isə İdlibin mühasirəsini tamamlamaq və silahlı müxalifətə öldürücü zərbə endirməkdir. Hansson Trampın Rusiya ilə açıq qarşıdurmaya getməsini ABŞ-ın Suriyada gedən diplomatik oyundan kənarda qalması ilə izah edir:"Rusiya, Türkiyə və İran Ankarada görüşərək özlərinə aid ayrıca sülh prosesi çərçivəsində ABŞ-ı və BMT-ni dəvət etmədən Suriyanın gələcəyini müzakirə etdilər. Hər üç ölkənin Suriyada qoşunu var və təcrübədə hərbi "kubok”ların necə bölüşdürüləcəyinə qərar verilir. Tramp üçün isə ABŞ-ın Suriya siyasəti ilə "Hər şeydən öncə Amerika” siyasətini birləşdirmək çətindir”-yazan ekspertin sözlərinə görə, Con Boltonun milli təhlükəsilzik məsələləri üzrə müşavir təyin edilməsindən sonra Birləşmiş Ştatların Suriya ilə bağlı passiv siyasəti daha güclənəcək. Böyük Britaniyanın "Əl-Həyat” qəzeti isə yazır ki, "Suriya Ərəb Respublikasının dördüncü prezidenti" olan Tramp "Suriya tortunun bir dilimini” ya da ən azından Suriya ərazisində təsirini paylaşmağa tələsməz: "Vaşinqton "tort”un bir dilimini almaq istəyir, amma İranın payını tanımaq istəmir. Ona görə ki, bu İsrailin təhlükəsizliyinə təminat vermir. Bundan başqa, Amerika Rusiya ilə razılaşma imzalamağa hazır deyil”. 

Müşfiq Abdulla





Həftənin ən çox oxunanları