Yuxarı

Rusiya Ermənistana müdaxiləyə hazırlaşır

Rusiya Ermənistana müdaxiləyə hazırlaşır

Ermənistanda kütləvi etiraz aksiyalarının ilk mərhələsini daha çox sakit izləyən Rusiyanın artıq fəallaşması müşahidə olunur. Ermənistandakı geosiyasi maraqlarının təhlükə altına düşməsindən narahat olan Kreml vəziyyətə müdaxilə etməyə çalışır. Çünki Serj Sarkisyanın istefası ilə "məxməri inqilab”a yekun vurulacağını gözləyən Moskva gözlənilməz situasiya ilə üzləşib. Hakim Respublika Partiyasının istefaya getməsini tələb edən müxalifət "məxməri inqilab”ın lideri, "Yelk” (Çıxış) fraksiyasının deputatı Nikol Paşinyanın baş nazir seçilməsini tələb edir.

Paşinyanın baş nazir postuna gəlməsi Serj Sarkisyanın sədrlik etdiyi və Rusiyanın maraqlarını təmin edən Ermənistan Respublika Partiyasının hakimiyyət düşərgəsini tərk etməsi ilə nəticələnə bilər. Ona görə də Rusiya hazırda Respublika Partiyasının hökumətdə qalmasını təmin etməyə çalışır. Son günlər Ermənistan rəsmiləri ilə aparılan rəsmi danışıqlar da məhz buna yönəlib. Həmin danışıqların nəticəsidir ki, baş nazirin səlahiyyətlərini icra edən Karen Karapetyan başda olmaqla ERP N.Paşinyan tərəfdarlarına qarşı siyasi müqaviməti bir qədər artırmağa başlayıb. Moskva ilə intensivləşən danışıqlar fonunda K.Karapetyanın aprelin 27-də N.Paşinyanla gözlənilən görüşdən imtina etməsi Ermənistan mediasında əksinqilabi fəaliyyətin başlanması kimi dəyərləndirilib. Əvvəlcə Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanın, baş nazirin müavini Armen Gevorkyanın Moskvaya dəvət edilərək yaranmış vəziyyəti müzakirə etməsindən sonra Rusiya prezidenti Vladimir Putinlə Karen Karapetyan arasında telefon danışığı baş tutdu. Nəhayət, Rusiya rəhbərliyi öz rəsmi mövqeyini ortaya qoydu: "Ermənistandakı böhran 2017-ci ilin aprelindəki legitim parlament seçkilərinin nəticələri əsasında həllini tapmalıdır”. Rəsmi Moskva bununla may ayının 1-də yeni baş nazirin ötən il formalaşmış son parlamentdəki mandatların sayına uyğun seçilməsini təklif edir. 2017-ci ilin aprel ayında keçirilmiş seçkilərin nəticələrinə görə, parlamentdə çoxluğu 49 faiz səslə və ya 58 mandatla ERP qazanıb. Baş nazir seçilmək üçün isə 53 deputatın səsini əldə etmək lazımdır. Əgər K.Karapetyanın hökumət rəhbəri postuna namizədliyi irəli sürülərsə, o, 53 səslə qalib gələ bilər. Bu isə Rusiyaya ERP-nı hakimiyyətdə saxlamağa və inqilabın nəticələrinin Kreml üçün törədə biləcək təhlükələri aradan qaldırmağa imkan verir. Eyni zamanda, Serj Sarkisyanın istefaya getməsinə baxmayaraq, Azərbaycanın Əsgəran rayonunda anadan olmuş Karen Karapetyanın baş nazir seçilməsi Qarabağ klanının Ermənistanda hakimiyyətdə qalmasını təmin etmiş olar. 

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun Moskvada aparılan qapalı müzakirələr barədə açıqlaması da Putin administrasiyasının Ermənistandakı vəziyyətə müdaxilə etmək niyyətini nümayiş etdirir: "Danışıqlar rəsmi qurumlar vasitəsilə, həmçinin prezident Vladimir Putinlə Ermənistanın baş nazir vəzifəsini icra edən Karen Karapetyan arasında telefon danışığı vasitəsilə aparılıb. Bu müzakirələr əsasən hazırda Ermənistanda yaranmış böhranlı vəziyyətin sözsüz ki, konstitusiya çərçivəsində nizamlanması, bu baxımdan bütün maraqlı tərəflər arasında konsensusun tapılması ilə bağlı olub”-deyə Kremlin sözçüsü bildirib. 

"Bununla əlaqədar olaraq, hamımız may ayının 1-də baş nazir seçkilərinin keçirilməsini gözləyirik və müşahidə edirik” - deyə Peskov əlavə edib.

Rusiya rəsmiləri "vəziyyətin konstitusiya çərçivəsində həlli” məsələsini qabartmaqla yeni baş nazirin kütləvi aksiyaların tələbləri əsasında deyil, seçkilərin nəticələrinə uyğun seçilməli olduğu barədə mesaj verir. Aprelin 26-də gecə saatlarında isə Rusiya Dövlət Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin İrəvana gözlənilməz səfər etdiyinə dair məlumat yayılıb. Bundan dərhal sonra ERP hərəkətə keçərək K.Karapetyanın baş nazirliyə namizədliyi məsələsini gündəmə gətirib. Eyni zamanda, Serj Sarkisyan ERP-nın sədri postundan istefa verməyə hazır olduğunu bildirib. Əldə olunan məlumatların təhlili Rusiyanın həm hakim partiyaya, həm də hökumətə Karen Karapetyanı gətirməklə Ermənistanı nəzarətdə saxlamağa çalışdığını göstərir.

Ancaq ölkədə davam edən inqilabi şərait Rusiyanın Karapetyanla bağlı planlarının heç də asan həyata keçə bilməcəyindən xəbər verir. Çünki Ermənistanda may ayının 1-də baş nazir seçkiləri ilə eyni vaxtda kütləvi aksiyaların yeni dalğasının başlanılması barədə qərar qəbul olunub. İctimai rəydə Karapetyana olan münasibət Serj Sarkisyandan fərqlənsə də, Respublika Partiyasının hökuməti tərk etməsi və növbədənkənar seçkilərin keçirilməsi məsələlərində etiraz aksiyasında iştirak edən bütün qrupların maraqları üst-üstə düşür. Ona görə də K.Karapetyanın baş nazir seçilməsi asan olmayacaq. İkincisi, hökumət başçısı postuna ən real namizəd hazırda N.Paşinyan hesab olunur. Paşinyan isə "Mən seşilməsəm, başqası baş nazir olmayacaq” tələbi ilə çıxış edir. Əgər ERP Karapetyanın qələbəsi üçün Paşinyana mane olmağa çalışarsa, müxalifət bunu uzurpasiya (hakimiyyətin zorla mənimsənilməsi) kimi dəyərləndirəcəyini bəyan edib və etirazçı kütlənin parlamentin iclas salonuna daxil olacağını bildirib. Üçüncüsü, hökumət koalisiyası dağılıb. Ana müxalifət olan "Tsarukyan” və "Daşnaksütyun fraksiyaları N. Paşinyana dəstək verməyə hazır olduqlarını bəyan edib. "Tsarukyan” fraksiyası 31, "Yelk” fraksiyası 9, "Daşnaksütyun” fraksiyası isə 7 mandata malikdir. Ona görə də N.Paşinyan 53 deputat səsinin 47-ni qazanmış hesab olunur. 4 deputat yeri isə milli azlıqlara məxsusdur. Karapetyanla danışıqlar baş tutarsa, Paşinyanın baş nazir seçilməsi problem olmayacaq. Əgər Respublika Partiyası Rusiyanın dəstəyinə güvənərək Paşinyana güzəştə getmək istəməsə, o zaman Ermənistanda "məxməri inqilab”ın ikinci dalğası daha dağıdıcı nəticələr gətirə bilər. Bu baxımdan, K.Karapetyanın baş nazir seçilməsi məsələsində Rusiya ciddi maneə ilə qarşılaşa bilər. Rusiya isə hazırda bu nəticələrin ona problem, yoxsa fayda gətirəcəyi ilə bağlı təhlil aparır. N.Paşinyanın Karapetyana ünvanlanmış, "Bura sizin icarə torpağınız deyil. Sizin icarə yerləriniz Moskvadadır”bəyanatı isə əslində müxalifət liderinin Rusiyaya ünvanlanmış ciddi mesajı kimi başa düşülməlidir. 

Müşfiq Abdulla





Həftənin ən çox oxunanları