Yuxarı

İrana qarşı ikinci cəbhə açılır?

İrana qarşı ikinci cəbhə açılır?

Ermənistan Müdafiə Nazirliyi Azərbaycan ordusunun Naxçıvan istiqamətində daha əlverişli mövqeni tutması ilə bağlı yayılan xəbərləri faktiki olaraq təsdiqləyib. Bununla bağlı Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Artsrun Ovannisyan açıqlama verib. Son vaxtlar atəşkəs dövrü olduğuna baxmayaraq Ermənistan tərəfi qoşunların təmas xəttində tez-tez təxribatlar törədir. Gündəlik olaraq 80-dan çox atəşkəs pozulması faktı qeydə alınır. Ancaq Azərbaycan ordusunun Naxçıvanda daha bir əlverişli mövqeyi azad etməsi bir daha göstərdi ki, işğalçı Ermənistanın təxribatçı addımları cavabsız qalmayacaq.

Qeyd edək ki, bir neçə gün öncə yayılan məlumatlara görə dəniz səviyyəsindən 1683 metr hündürlükdə yerləşən Qızılqaya yüksəkliyi ordumuzun bölmələri tərəfindən azad olunub. Bu yüksəkliyin ən böyük strateji əhəmiyyəti İrəvan-Gorus-Qafan-Laçın avtomobil yoluna nəzarət etməyə imkan verməsidir.

Politoloq Nəzakət Məmmədova "Cümhuriyət” qəzetinə açıqlamasında aktiv hərbi əməliyyatların hər zaman mümkün variant olduğunu deyib:

"Bunu istisna etmək olmaz. Sadəcə, artıq Ermənistan-Azərbaycan münaqişəsində ikinci fəal hərbi əməliyyatlar cəbhəsi açmağa çalışırlar. Düşünürəm ki, bu təxribatların səbəbləri sırasında Ermənistanın işğalçı siyasəti ilə yanaşı İran amilini də istisna etmək olmaz. Naxçıvan İranla həmsərhəd bölgədir. Azərbaycanın Naxçıvanla quru əlaqəsi İran vasitəsilə reallaşır. Eyni zamanda, Naxçıvan Türkiyə ilə 11 kilometrlik sərhədə malikdir. Rusiya Naxçıvanın qarant dövlətidir. Naxçıvan istiqamətində təxribat bölgənin böyük güclərini qarşıdurmaya sürükləyə bilər. Paşinyanı hakimiyyətə gətirən Qərbin İrana qarşı təzyiq imkanları əldə etmək üçün sərhəd bölgədə qarışıqlıq yaratmaq niyyəti ola bilər. 

Eyni zamanda, Paşinyan da Sarkisyan kimi militarist ritorika ilə erməni xalqının və diasporanın rəğbətini qazanmaq istəyir. Hətta Qarabağla yanaşı ermənilərin Naxçıvan iddiasını da reallaşdıra biləcəyi mesajını verir. Bununla xalqın gözündə legitimlik qazanmaq istəyir. Çünki o, küçədən seçilmiş baş nazirdir. Öz legitimliyini tam qəbul etdirə bilməyib”.

Politoloq Əhəd Məmmədli də münaqişənin hər an alovlana biləcəyini deyib:

"Naxçıvanda olan hadisələrdən sonra hökmən cavab verilməli idi və Azərbaycan da etməli olduğunu etdi. Məncə, münaqişə istər Naxçıvan, istər Qarabağ istiqamətində hər an alovlana bilər. Lakin hələlik düşünmürəm ki, bu uzun müddətli müharibəyə çevrilsin. Hələlik Rusiya Paşinyana şans tanıyacaq. Paşinyan səhv addım atdıqca, torpağlarımızı qaytarmaq şansı artacaq. Amma hesab edirəm ki, hələlik bu baş verən deyil. İstənilən halda Azərbaycan baş verəcək təxribatlara layiqli cavab verməyə hazır olmalıdır”.

Vilayət Muxtar





Həftənin ən çox oxunanları