Yuxarı

Ağ Evdən neft ölkələrinə təhdid

Ağ Evdən neft ölkələrinə təhdid

ABŞ hökuməti, Səudiyyə Ərəbistanı və digər OPEC istehsalçılarından, neft hasilatını gündəlik təxminən 1 milyon barel artırmalarını istəyib. Bloomberg xəbər verir ki, istək gizli şəkildə olub. Nadir görülən bu istək, ABŞ-da pərakəndə benzin qiymətlərinin üç ildən artıq müddətin ən yüksək səviyyəsinə qalxmasının və ABŞ prezidenti Trampın OPEC-in siyasətini və artan neft qiymətlərini "Twitter" hesabından tənqid etməsinin ardından olub. Tramp, "Twitter" hesabından aprel ayının ortalarında bildirmişdi ki, OPEC yenə iş başındadır: "Neft qiymətləri süni şəkildə çox yüksəkdir! Bu yaxşı deyil və qəbuledilməzdir!" 

Xəbərin ardınca neft qiymətləri düşüb. Brent nefti 1,5 faziz ucuzlaşaraq 74,14 dollara enib.

Vaşinqton dünya bazarında neftin qiymətinin aşağı düşməsindən əsasən ABŞ-ın sanksiyalarına məruz qalan ölkələrə təzyiq vasitəsi kimi istifadə edir. O baxımdan söhbət ilk növbədə Rusiya, İrandan və Venesuela kimi ölkələrdən gedir. Ekspertlərin fikrincə, ABŞ-ın OPEC qarşısında irəli sürdüyü şərt daha çox siyasi xarakter daşıyır. ABŞ "qara qızıl”ın qiymətini aşağı salmaq üçün özünün istehsal etdiyi ucuz şist neftinin dünya bazarına çıxarılmasından istifadə edir.

Maraqlıdır, OPEC ABŞ-ın bu istəyinə əməl edəcəkmi?

İqtisadçı-alim Vüqar Bayramov "Cümhuriyət” qəzetinə bildirib ki, ABŞ prezidenti Donald Tramp aprelin 20-də neftin dünya bazar qiymətinin yüksək olması və bunun qəbuledilməzliyi ilə bağlı "Twitter" hesabından status paylaşdı: "Prezidentin bu tviti ondan xəbər verir ki, ABŞ neftin qiymətinin artmasında maraqlı deyil. Çünki bu dövrdə neftin dünya bazar qiymətinin artması, ABŞ-ın xərcini artırır. Amerika istehlakının yarısını idxal hesabına ödəyir. Baxmayaraq ki, ABŞ neft hasilatına görə dünyada ilk üçlüyə daxildir, amma çox az ixraca malik olan ölkədir, daha çox idxal edir.

Nəticə etibarilə qiymətin artması ABŞ üçün əlavə xərcdir. Vaşinqton isə bu xərcdə maraqlı deyil. Eyni zamanda ABŞ-ın rəqiblərinin də dövlət büdcəsi neftdən asılı olduğunu nəzərə alsaq, Amerika rəqiblərinin güclənməsində də maraqlı deyil. Bu kontekstdən də Amerikanın neftin qiymətinin artmasında marağı yoxdur. Təbii ki, burada siyasi səbəblər də var. ABŞ-ın ənənəvi rəqibləri olan və əsasən son dövrlərdə münasibətləri kəskinləşən Rusiya, Venesuela kimi ölkələrin gəlirlərinin artmasına və həmin ölkələrdə iqtisadiyyatın stabilləşməsinə xidmət edir. Bu baxımdan rəsmi Vaşinqton yüksək neft qiymətlərində maraqlı deyil”.

OPEC-in reaksiyasına gəlincə, analitik qeyd edib ki, ABŞ OPEC üzvü olmasa da, təşkilata təsir imkanları var: "Konkret hansı qərarın qəbul ediləcəyini söyləmək çətindir. Çünki OPEC hasilatı artırarsa, Rusiya da hasilatı artırmaqda maraqlı olacaq. Bu isə OPEC+ prinsipinin pozulmasına gətirib çıxara bilər. Amma digər tərəfdən Səudiyyə Ərəbistanı Amerika bazarını itirmək istəmir. Səudiyyə Ərəbistanı rəhbərliyinin ABŞ rəhbərliyi ilə münasibətləri istidir. Bu da Ağ Evdən gələn mesajların Səudiyyə Ərəbistanında qəbul edilməsi ehtimallarını artırır.

Güman olunur ki, iyunun 22-də Avstriyanın paytaxtı Vyanada təşkil ediləcək OPEC Nazirlər Şurasının 174-cü iclası həlledici olacaq. Hazırda sorğular da onu göstərir ki, OPEC üzvlərinin bir qismi, hətta Rusiya da hasilatın artırılmasının tərəfdarıdır. Hasilatın mövcud səviyyədə qalmasına maraqlı olan OPEC+ ölkələri də var. Hələlik çoxluq hasilatın artırılmasının tərəfdarıdır. Təbii ki, OPEC-in qərarlarını öncədən proqnozlaşdırmaq çox çətindir. Çünki bu qərarlar həm siyasi, həm də iqtisadi məzmunlu olur. OPEC hasilatı artırmaqda maraqlı görünür. İyunun 22-də veriləcək qərar növbəti dövrlərdə neftin dünya bazar qiymətini necə dəyişməsini birbaşa müəyyənləşdirəcək”.

Yeganə Oqtayqızı





Həftənin ən çox oxunanları