Yuxarı

Türkiyədə seçki: Ölkənin qazancı nə olacaq?

Türkiyədə seçki: Ölkənin qazancı nə olacaq?

Nəzakət Məmmədova: "Türkiyə burada parçalanma təhdidi ilə üzləşən ölkədir, prezident üsul-idarəçiliyinə keçilməsi doğru addım idi”

Türkiyədə prezident və parlament seçkiləri gözlənildiyi kimi hakim Ədalət və İnkişaf Partiyasının və hazırki prezident Rəcəb Tayyib Ərdoğanın qələbəsi ilə başa çatdı. Seçki prosesi kifayət qədər gərgin keçdi. Hətta seçki məntəqələrindən birində silahlı insident baş verdi. Hadisənin baş verməsinə səbəb kimi iki ailə arasında qan davası göstərilsə də, insidentdə adı hallananlardan biri İyi Partiyanın üzvü idi. Bu seçkilər həm də Türkiyənin artıq yeni idarəçiliyə keçməsi demək idi. Artıq Türkiyə prezident üsul-idarəsi ilə idarə olunacaq. Maraqlıdır, yeni sistemin Türkiyə üçün hansı müsbət və mənfi tərəfləri olacaq?

"Ərdoğan hakimiyyətinin ömrünü uzada bildi”

Politoloq Nəzakət Məmmədova "Cümhuriyət” qəzetinə deyib ki, Türkiyədə keçirilən seçkiləri normal, demokratik seçki hesab etmək olar:

"Çünki "demokratik seçki” anlayışını təkcə səsvermə günü yox, həm də seçkilər elan olunan vaxtdan başlayaraq yaradılan demokratik mühit, namizədlərə, siyasi qüvvələrə bərabər imkanların yaradılması, azad rəqabət şərtləndirir. Türkiyədə bunların hamısı var idi. Ərdoğana Türkiyə xalqının yarıdan çoxu etimad göstərdi. Ərdoğan öz hakimiyyətinin nəinki uzadılmasına nail ola, üstəlik də onu keyfiyyətcə yeni mərhələyə çıxara bildi. Bundan sonra o, prezident-üsul idarəsinin olduğu bir ölkəyə rəhbərlik edəcək. Parlamentin məhdudlaşdırılmış səlahiyyətləri və ləğv edilmiş baş nazirin funksional vəzifəsinə aid olan bir çox məsələlər artıq prezidentə keçdi. Artıq prezident Nazirlər Kabinetini parlamentin razılığı olmadan təkbaşına təşkil edə bilər. Bunun üçün Məclis üzvü olan və olmayan şəxsləri nazir vəzifəsinə təyin edə bilər. Əvvəllər isə bunu parlament formalaşdırırdı. Eyni zamanda, prezident partiya mənsubiyyətinə malik ola bilər”.

"Yeni sistem ölkənin hazırkı vəziyyətinə uyğundur”

"Artıq bununla da ölkənin siyasi sistemi tamamilə dəyişdi” deyən xanım politoloq hesab edir ki, yeni sistem Türkiyə üçün daha uyğundur: "Atatürkün formalaşdırdığı Böyük Millət Məclisinin əsas səlahiyyət sahibi olduğu dövlət modeli prezident üsul-idarəsi olan modelə keçdi. Düşünürəm ki, indiki şəraitdə ki, Türkiyə bu qədər daxili və xarici təhdidlərlə üz-üzə qalıb, onun birbaşa sərhədləri perimetri boyunca Yeni Dünya nizamının formalaşması prosesi gedir və Türkiyə burada parçalanma təhdidi ilə üzləşən ölkədir, prezident üsul-idarəçiliyinə keçilməsi doğru addım idi. Çünki parlament üsul-idarəçiliyi modeli nə qədər demokratik olsa da, Türkiyənin indiki şəraitinə cavab vermir. Daxildən və xaricdən terror, dövlət çevrilişi təhdidinə dərhal cavab vermək üçün tədbirlər görülməlidir. Təhlükəsizlik qüvvələri səfərbər edilməli, fövqəladə vəziyyət rejimi elan olunmalıdır və s. Məsələn, tutaq ki, şərait fövqəladə vəziyyət rejiminin tətbiqini tələb edir. Əvvəlki sistemdə bunun üçün bir xeyli vaxt alan prosedur həyata keçirilməli, Prezident, Nazirlər Kabineti bu təşəbbüslə parlament qarşısında çıxış etməli, parlamentdə müzakirələr aparılmalı idi. Əgər razılıq olardısa, fövqəladə vəziyyət rejiminin tətbiqinə və digər təhlükəsizlik tədbirlərinə icazə verilə bilərdi. Bu isə hər gün ciddi təhlükələrlə üzləşən ölkədə əhalinin təhlükəsizliyinin, daxili sabitliyin etibarlı təminatında bir maneə idi. İndi isə prezident və Nazirlər Kabineti bunu təxirəsalınmaz tədbir kimi dərhal həyata keçirə bilər”.

Politoloq hesab edir ki, dəyişikliklər deyildiyinin əksinə olaraq Ərdoğan hakimiyyətinin uzadılmasına xidmət etmir, xarici təhdidlərə qarşı atılan addımdır: "Ərdoğan özü də həmişə qeyd edib ki, o, şəxsi hakimiyyəti üçün bunu etməyib. Doğrudan da, o, xarizmatik liderdir və zatən nüfuzu böyükdür. Onun bunu rəsmiləşdirmək üçün ölkənin siyasi sistemini, idarəçilik qaydalarını dəyişməsinə ehtiyacı yox idi. Bunu indiki mürəkkəb beynəlxalq və regional şəraitdə təhlükələrə adekvat cavab vermək üçün atılan addım kimi dəyərləndirmək olar. Türkiyənin buna qədərki siyasi sistemi, parlamentli respublika əlbəttə ki, demokratiyadan xəbər verirdi. Lakin prezidentli respublika da hec də avtoritarizm demək deyildir. Həm parlamentar, həm prezident respublikaları Monteskyönün (Şarl Lui Monteskyö-fransız yazıçı, maarifçi filosof, siyasi mütəfəkkir, sosioloq və tarixçi-müəl.) hakimiyyətin 3 qolu arasında bölünməsi prinsiplərinə əsaslanır, demokratik idarəçilik üsulu hesab olunur. Sistem özü demokratikdir, prezident üsul idarəçiliyinə keçid dediyimiz kimi avtoritarizmə yuvarlanmaq demək deyil. Türkiyənin indiki şəraitdə başqa alternativi yox idi. Bu, idarəetmənin və qərarvermə mexanizminin çevikliyini artırmaqdan başqa həm də xarici qüvvələrin ölkənin daxili işlərinə müdaxilə imkanlarını da xeyli zəifləmiş oldu. Türkiyə 624 illik bir imperiyanın varisidir və ölkənin həm tarixi keçmişi, dövlətçilik ənənələri, həm də burada yaşayan çoxsaylı xalqların, məzhəblərin olması, ölkənin hazırkı geosiyasi vəziyyəti və qarşılaşdığı təhdidlər onu murəkkəb seçim qarşısında qoymuşdu. Belə bir şəraitdə prezident üsul idarəçiliyinə keçid düzgün çıxış yolu sayıla bilər. Lakin seçki prosesi göstərdi ki, müxalifət də kifayət qədər güclüdür və Ərdoğan onlarla hesablaşmalı olur. Hazırkı parlament demək olar ki, hakimiyyətə iddialı bütün siyasi qüvvələrin təmsil olunduğu bir yerə çevriləcək. Çünki Türkiyə tarixində ilk dəfə partiyalar seçkiyə tək yox, ittifaqlar şəklində getdi. Bu isə 10 faiz səs toplayan koalisiya üzvü bir partiyanın hesabına yetərli səs toplamayan, hətta 1 faiz belə səs toplayan digər ortaq partiyaların da parlamentə düşməsi demək idi”.

"Prezident dövləti daha çevik qərarlarla idarə edəcək”

Prezident üsul idarəsinin Türkiyəyə nə verəcəyinə gəlincə isə Nəzakət Məmmədova deyib ki, prezident dövləti daha çevik qərarlarla idarə edəcək: "Türkiyə daxili və xarici təhdidlərə çevik reaksiya verəcək, Ərdoğan daha inamla və əl-qolunu bağlayan məhdudiyyətlərdən azad şəkildə dövləti idarə edəcək. Türkiyənin Qərbdən yaxın və orta perspektivdə uzaqlaşması davam edəcək. O vaxta qədər ki, ABŞ və Avropa onun şərtlərini yerinə yetirsin, Türkiyəni parçalamaq planlarından əl çəksinlər. Əgər belə etməsələr, Ərdoğan Qərbə alternativ kimi Çin, Rusiya və digər ölkələrlə yaxınlaşma siyasətinə davam edəcək. İstənilən şəraitdə Ərdoğan başladığı nəhəng tranzit, enerji layihələrinə davam edərək, ölkəsinin hərbi-sənaye kompleksini inkişaf etdirəcək. 2023-cü ildə Cümhuriyyətin 100 illiyində isə o, Türkiyəni Yaxın Şərqdə, Afrikada, Balkanlarda, türk və islam dünyasında böyük iyirmiliyin dinamik inkişaf edən üzvü, NATO-da ikinci ən böyük ordusu olan ölkə kimi tarixə yaza bilər”.

"Afrin əməlliyyatı ilə kürd seçicilərinin səsini itirdi”

N.Məmmədova hesab edir ki, Ərdoğanın qələbəsi hakimiyyəti dönəmində göstərdiyi xidmətlərin məntiqi nəticəsidir: "Ərdoğan Türkiyə əhalisinin bir çox kəsiminin gözləntisinə cavab verən addımları ilə bir daha zəfər qazandı. Millətçilərin rəğbətini MHP ilə ittifaqa girməklə, uğurlu Afrin əməliyyatı, terrorçularla mübarizə, Türkiyənin bölünməsinə qarşı güclü müqavimət göstərməklə, ölkənin hərbi sənaye kompleksini inkişaf etdirməklə, türkdilli ölkələrlə yaxın münasibət qurmaqla qazandısa, dindarların rəğbətini Davosda İsrail prezidenti ilə məşhur polemika ilə, Qüds məsələsində ortaya qoyduğu kəskin və qətiyyətli mövqeyi ilə qazandı.

Həmas lideri Haniyə AKP-nin qurultayında onu islam dünyasının lideri adlandırdı. Qüds məsələsini BMT-də müzakirəyə çıxarması, yoxsul islam ölkələrinə yatırım qoyması, ailə üzvlərinin Arakandan tutmuş müsəlmanların yaşadığı coğrafiyada silahlı münaqisələrdən zərəcəkənlərə humanitar yardımlar aparması və s. əhalisinin əksəriyyəti dindar olan ölkəsində ona rəğbəti artırıb. Doğrudur, o, Afrin əməliyyatı ilə kürd əhalinin səsini itirdi. Lakin bunu millətçilərdən qazandıqları səslərilə və Bahçelinin dəstəyi ilə kompensasiya etməyə də nail oldu”.

N.Məmmədova deyib ki, bundan sonra da Azərbaycan-Türkiyə münasibətlərinin inkişaf edəcəyi aydın görünür: "Ermənistanda Qərbpərəst qüvvələrin hakimiyyətə gəlməsi hazırda Qərblə münasibətləri gərgin olan Türkiyə və Rusiyanın, hətta İranın yaxınlaşmasına, Qarabağ münaqişəsinin həllində strateji olmasa belə, Azərbaycanın xeyrinə taktiki, lakin həlledici dönüş yarada bilən siyasi qərarlar verməsinə təsir edə bilər”.

Vilayət Muxtar






Həftənin ən çox oxunanları