Yuxarı

Kremldən keçmiş SSRİ üçün yeni plan

Kremldən keçmiş SSRİ üçün yeni plan

Rusiyada yaşamaq istəyində olan əcnəbilərə bundan sonra daha bir yaşıl işıq yandırılacaq.

Belə ki, həmin ölkənin dilini bilən və orada yaşamaq istəyən əcnəbilərə, eləcə də vətəndaşlığı olmayan şəxslərə yaşayış icazələrinin verilməsi prosedurları sadələşdirilir. Bu barədə prezident Vladimir Putin Daxili İşlər və Əmək və Sosial Müdafiə nazirliklərinə tapşırıq verib. Sənəd mətnində qurumların tapşırığı bu il avqustun 31-dək yerinə yetiriləcək. 
Ekspertlər hesab edir ki, Rusiya rəhbərliyi tərəfindən verilən bu tapşırığın əslində siyasi anlamı var. Rusiya əsasən MDB məkanından öz ölkəsinə işçi qüvvəsi cəlb etməklə, ölkənin sosial-iqtisadi inkişafını genişləndirir. Bunun üçün daha geniş imkanlara imza atacaq və MDB ölkələrindən Rusiyaya əcnəbi axınına nail olacaq. Amma təbii ki, bu məsələdə Rusiyanın əsas şərti ölkəsində yaşayan əcnəbilərin öz dilini bilmələridir.  

Siyasi şərhçi Fikrət Sadıxov "Cümhuriyət” qəzetinə açıqlamasında deyib ki, söhbət MDB məkanından gedir: "Yəni keçmiş sovet respublikalarında yaşayan, rus dilini bilən və Rusiya vətəndaşlığını almaq istəyənlərə müsbət şərait yaradılır. Bir sözlə, asanlaşdırılmış bir rejim təşkil olunur. Bu özü-özlüyündə ona işarə edir ki, görünür, Rusiya hökuməti ölkəsinə digər ölkələrdən rusdilli əhalini cəlb etmək istəyir. Bu sadəcə olaraq pulla bağlıdır və özlüyündə digər respublikalara təsir vasitəsidir. Bu məsələdə rus dilini bilən və Rusiyaya gedən vətəndaşlar bu ölkənin dəyərlərini qiymətləndirirlərsə, dövlətçiliyə xidmət etmək istəyirlərsə, bu Rusiyanın ictimai-siyasi dairələri üçün müsbət bir addım kimi qiymətləndirilir. Burada müəyyən faiz bu imkanlardan istifadə edəcəklər. Eyni zamanda bu məsələdə işçi qüvvəsinin olması da istisna olunmur. Görünür, Rusiya bu məsələdən də müəyyən qədər qazanmaq niyyətindədir. Bu iki amil - siyasi və işçi qüvvəsi elə əsas amillərdəndir”.

Politoloq onu da əlavə edib ki, əslində Rusiya əcnəbiləri öz ölkəsinə cəlb etməklə öz təsir dairəsini genişləndirir: "Hər bir respublikada rus dilini bilən və Rusiyaya meyilli olan vətəndaşlar var. Moskva bu siyastələ Rusiya əhalisini artırmaq, kadr potensialına əlavə bir stimul vermək və respublikalar üçün özünü cəlbedici ölkə kimi qələmə vermək məqsədi güdür”.

Alçina Amilqızı