Yuxarı

Azərbaycan qazı İtaliyanı ikiyə böldü

Azərbaycan qazı İtaliyanı ikiyə böldü

İtaliyada Azərbaycan qazını Avropaya çatdıracaq TAP qaz kəmərinin tikintisinə qarşı etirazlar davam edir. Xüsusilə də  Apuliya əyalətində ardıcıl olaraq bir neçə etiraz aksiyası keçirilib. Xatırladaq ki, daha əvvəl bir neçə şəhərin meri qaz kəmərinin inşaatçılarını turizm mövsümü zamanı işlərin dayandırılması haqqında razılaşmanı pozmaqda ittiham etmişdi. Ümumiyyətlə, ekspertlər hesab edir ki, İtaliyada TAP-a qarşı münasibətin birmənalı olmamasının arxasında bir sıra məqamlar dayanır. Etirazların arxasında Rusiya amilinin də olduğu istisna olunmur. Bu məqam İtaliyada TAP-a qarşı keçirilən aksiyaları dəstəkləyən siyasətçilərin böyük əksəriyyətinin Rusiyameyilli olduğu üçün gündəmə gəlib və zaman-zaman ciddi müzakirələr yaradıb.

Amerika Birləşmiş Ştatları (ABŞ) isə bu məsələdə birmənalı mövqe nümayiş etdirir. Belə ki, ABŞ TAP-ın qısa zamanda yekunlaşmasının tərəfdarıdır. Bu məsələ ötən gün İtaliyanın baş naziri Cüzeppe Kontenin Ağ Evə səfəri zamanı ABŞ prezidenti Donald Trampla da müzakirə olunub. ABŞ prezidenti Donald Tramp İtaliya hökumətindən TAP layihəsinin başa çatdırılmasını istəyib, bu barədə xəbər Ağ Evin saytında qeyd olunub.

"Bir boru olduğu təqdirdə ona rəqib olan boru kəməri görmək istəyirəm. Elədirsə, ümidvaram ki, cənab baş nazir, siz bu boru xəttini başa çatdıra biləcəksiniz", - deyə Donald Tramp İtaliya təmsilçisi ilə görüşündə deyib. 

İtaliyanın "La Stampa” qəzeti isə yazır ki, TAP boru kəməri İtaliya hökumətinin üzvləri arasında da fikir ayrılığı yaradıb. Belə ki, hazırda İtaliya höküməti və Beş Ulduz Hərəkatı TAP boru kəmərinin tikintisi haqqında razılığa gələ bilmir və narahatdırlar. 

Maraqlıdır, İtaliya hökuməti TAP-la bağlı niyə vahid qərara gələ bilmir?

Politoloq Nəzakət Məmmədova "Cümhuriyət” qəzetinə açıqlamasında İtaliya hökumətində TAP-a görə parçalanmanın bir neçə səbəbindən danışıb. N.Məmmədova hesab edir ki, etirazların kökündə Rusiya amili dayanır: "TAP layihəsinə İtaliya hökumətinin bəzi qüvvələri və ictimai təşkilatların etirazı bir neçə səbəblə bağlı ola bilər. Lakin bunun başlıca səbəbi Rusiya təsiridir. Bilirik ki, İtaliya və Rusiyanın hər zaman yaxşı münasibətləri olub. İtaliyada sosialistlər hər zaman güclü siyasi qüvvə kimi çıxış ediblər. İtaliya hökumətində də Rusiyanın lobbiçiliyini, maraqlarını həyata keçirən qüvvələr var. Onlar və Qeyri -Hökumət Təşkilatları ekoloji problemləri bəhanə gətirərək TAP layihəsinə maneə olmağa çalışırlar. Cənub Qaz Dəhlizinin çox önəmli hissəsi olan TAP layihəsinin reallaşmasını istəmirlər. Əslində isə əlbəttə ki, ekoloji problemlər bəhanədir. Rusiya və onun "Qazprom” şirkəti bilir ki, Avropa Birliyi bazarında monopolist, inhisarçı mövqedədir. Bu mövqeyini qorumaq üçün digər bir oyunçunun bazara daxil olmasını istəmir. Bilirik ki, Rusiyanın Cənub Qaz Dəhlizi layihəsinə münasibəti çox mənfidir. Rusiya bazarda ona alternativ olan şirkətlərə mane olmaqla yanaşı, özünün mövcud olan qaz xətlərindən əlavə kəmərlər də çəkməyə hazırlaşır. "Şimal axını” layihəsi nəzərdə tutulur ki, bunun da üzərində çox ciddi işlər gedir. Artıq 2019-ci ildə "Şimal axını - 2” layihəsinin istifadəyə veriləcəyi gözlənilir. Rusiya isə TAP-ı "Şimal axını - 2” layihəsinə rəqib kimi baxır”. 

Xanım politoloq ABŞ-ın TAP-a dəstəyinin səbəblərinə də toxunub. N.Məmmədova hesab edir ki, ABŞ TAP-a dəstək verməklə, Rusiyanın enerji bazarındakı monopoliyasına son qoymaq istəyir:

"ABŞ Cənub Qaz Dəhlizini (TAP) ona görə dəstəkləyir ki, Avropa bazarında Rusiyanın inhisarçılığına son qoysun. Çünki bilir ki, Rusiya enerji siyasətindən istifadə edərək Avropa ölkələrinə təsir göstərir və özündən asılı vəziyyətə salır. ABŞ isə Avropa ölkələrinin Rusiyadan deyil, özündən asılı olmasını istəyir. Ona görə də ABŞ özünün sıxılmış təbii qaz rezervlərini Avropaya göndərmək niyyətindədir, amma Avropa ölkələri bundan imtina edir, çünki çox bahadır. Bu mümkün olmadıqda isə alternativ qaz kəmərinin çəkilməsinə dəstək verir ki, bu da TAP layihəsidir. Rusiya isə "Şimal axını-2” layihəsini həyata keçirmək istəyir ki, ABŞ da qətiyyətlə buna qarşı çıxır. Eyni zamanda Avropa Birliyi Komissiyası da bu layihəyə qarşıdır. Avropa Birliyi Komissiyası mandat istəyirdi ki, "Şimal axını-2” layihəsi ilə bağlı danışıqları Fransa və Almaniya deyil, birlik özü aparsın. Əslində İtaliyada bəzi qüvvələr var ki, onlar da "Şimal axını-2” layihəsinə dəstək verir, nəinki TAP-a. Bu məsələdə İtaliya hökumətində parçalanma var. Hökumət rəsmilərinin bir hissəsi deyir ki, enerji təhlükəsizliyi məsələsində alternativləri artıraq və Azərbaycandan qaz alaq. Digər bir hissəsi isə Rusiyadan qaz almağın tərəfdarıdır. Avropa Birliyinin özündə də Almaniya, Fransa və Avstriya Rusiyadan Baltik dənizinin dibi ilə "Şimal axını-2” layihəsinin Almaniyaya çəkilməsinin tərəfdarıdır. Lakin Avropa Birliyi, eləcə də ABŞ buna qarşıdır və onlar Azərbaycan qazına üstünlük verirlər”.

Nəzakət Məmmədova sonda vurğulayıb ki, hazırda sözügedən güclər arasında "qaz savaşı” gedir: "Avropa Komissiyası və ABŞ başa düşür ki, Rusiya "Şimal axını-2” layihəsini reallaşdırsa, bir sıra Şərqi Avropa ölkələrini, o cümlədən, Ukrayna və Polşanı tranzit ölkə hüququndan məhrum edəcək. Bu da sözügedən ölkələrin iqtisadiyyatına milyardlarla dollar zərər vuracaq. Ona görə də ABŞ və Avropa Birliyi Komissiyası Azərbaycana dəstək verir. Rusiya isə Almaniya və Fransanın dəstəyilə "Şimal axını-2” layihəsini həyata keçirir. İtaliya isə bu məsələdə hələ ki, tərəddüd edir. Hazırda ABŞ, Avropa Birliyi, Rusiya, Fransa və Almaniya arasında "qaz savaşı” gedir. İtaliya isə tərəddüd edir. Çünki bilir ki, Rusiyanın Avropada, xüsusilə də İtaliyada lobbiçilik fəaliyyəti güclüdür. İtaliya hökumətinin tərəddüd etməsinin də səbəbi məhz bu amillə bağlıdır”.

Vilayət Muxtar