Yuxarı

Avropa ilə ABŞ arasında "İran düyünü”

Avropa ilə ABŞ arasında

Avropa Komissiyası İrana 18 milyon avro həcmində ilk yardım paketi ayırıb.

Bu məbləğdən 8 milyonu özəl sektorun inkişafına yönələcək. Ümumilikdə isə Avropa Komissiyası İrana ölkənin iqtisadi və sosial inkişafı üçün 50 milyon avro həcmində yardım paketini nəzərdə tutub. Bu məsələdə İrana görə ABŞ-la Avropa üz-üzə gəlib. 

Qeyd edək ki, bir müddət öncə ABŞ prezidenti Donald Tramp nüvə anlaşmasına görə təxirə salınan sanksiyaların ilk mərhələsini tətbiq etməyə başladı. Sanksiyalar siyahısına İranın ABŞ dollarına çıxışının qarşısının alınması, dövlət istiqrazlarının satılması, qızıl, almaz və digər qiymətli metallar, polad, alüminium, kömür, həmçinin İrana idxal edilən təyyarə və ya onun detalları, gəmiqayırma sahəsi daxildir. Bununla yanaşı, xarici şirkətlərin İranın avtomobil sektoruna girməsinin qarşısını alacaq cəzalar, əl istehsalı olan xalçaların, şam fıstığı kimi qida məhsullarının ABŞ-a ixracı da sanksiyalarla qadağan hesab olunur. Sanksiyaların ikinci mərhələsi noyabrın 5-də tətbiq ediləcək. Onu da bildirək ki, Avropa Trampın istəklərinin əksinə olaraq, İranla nüvə anlaşmasından çıxmaq istəmir. Böyük Britaniya, Fransa və Almaniya birlikdə İrana dəstək bəyanatı imzalayıb. Bu dəfə də Avropa Komissiyası İrana böyük maliyyə yardımı nümayiş etdirib. 

Maraqlıdır, ABŞ-la Avropanın bundan sonrakı münasibətləri necə olacaq?

Siyasi məsələlər üzrə şərhçi Məhəmməd Əsədullazadə "Cümhuriyət” qəzetinə açıqlamasında deyib ki, ABŞ prezidenti Donald Tramp bu ilin may ayında İranla Hərtərəfli Birgə Fəaliyyət Proqramından çıxdıqdan sonra bu ölkəyə qarşı iqtisadi sanksiyalar paketini bərpa etməklə, yeni qlobal problemlərə zəmin yaratdı: "İranın regional müstəvidə hərbi-siyasi aktivliyi, ABŞ-la Yaxın Şərqdə toqquşan maraqları, rəsmi Tehranın İraqda, Suriyada, Yəməndə silahlı qrupları dəstəkləməsi yeni sanksiyaların bərpa olunmasını şərtləndirən amillərdi. Hesab edirəm ki, İrana qarşı sanksiyalarda ABŞ güzəştə getməyəcək. Vaşinqton digər müttəfiqlərini də bu sanksiyalara qoşulmağa məcbur edir. Türkiyəyə tətbiq olunan sanksiyalarda məhz İran amili də yer alır. Vaşinqtonun Ankaraya şərtlərində İrana qarşı sanksiyalara qoşulması da yer alıb.

Göründüyü kimi Vaşinqtonun öz ənənəvi müttəfiqinə sanskiya tətbiq etməsi yeni dünya nizamının formalaşması deməkdir. ABŞ "dünya jandarmı” rolunda çıxış edərək, Avropa İttifaqınıda sanksiyalar tətbiqinə start verir. Çünki, Avropa İttifaqı İranla iqtisadi əməkdaşlıqda maraqlıdır və heç də Vaşinqtonun diktəsi ilə hərəkət etmək istəmir. Hazırda Avropa İttifaqı ilə ABŞ arasında yaşanan konfontrasiya iqtisadi müharibədi. Avropa İttifaqının İrana maddi yardımı Brüssellə Vaşinqton arasında münasibətləri gərginləşdirəcək. Hesab edirəm ki, ABŞ Avropa İttifaqına yeni rüsumlar tətbiq edəcək. İttifaqın bu yardımı isə ABŞ-a meydan oxumaqdır”.

Alçina Amilqızı