Yuxarı

İranda istefa dalğası

İranda istefa dalğası

Amerika Birləşmiş Ştatlarının (ABŞ) İrana qarşı tətbiq etdiyi sanksiyalar getdikcə öz təsirini daha da artırır.

ABŞ prezidenti Donald Trampın may ayında verdiyi qərarla ölkəsinin İran nüvə müqaviləsindən çıxmasından sonra Tehrana qarşı sanksiyaların bir hissəsi bu ay qüvvəyə minib. Trampın qərarından sonra çoxsaylı Qərb şirkətləri ardıcıl bəyanatlarla İranda həyata keçitdikləri layihələri dayandırdıqlarını açıqlayıblar. Fransanın neft-qaz şirkəti "Total" və Almaniyanın sığorta şirkəti "Allianz", bu şirkətlərdən bəziləridir. Hətta "Mersedes Benz” kimi iri avtomobil şirkəti də İrandan fəaliyyətini məhdudlaşdıracağı ilə bağlı bəyanat yaydı. 

Bundan əlavə bir çox transmilli şirkətlər eyni cür bəyanatla çıxış etdi. Nəticədə İranın iqtisadi vəziyyəti ciddi şəkildə zəiflədi və bu da ölkədəki sosial vəziyyətə mənfi təsir göstərdi. Son aylarda İranın bir neçə şəhərində baş verən etiraz aksiyaları da məhz sosial vəziyyətin günü-gündən ağırlaşması ilə bağlı idi. Etirazlarda İran hakimiyyətinin istefaya və ya ciddi islahatlara getməsi tələbi gündəmə gəldi.

Mövcud Ruhani hakimiyyəti isə islahatlara İran Mərkəzi Bankının rəhbərini istefaya göndərməklə başladı. Mərkəzi Bankın Valyuta Şurasının sədr müavini Əhməd Əraqçi həbs olundu. Ardınca isə İranın kooperativlər, əmək və sosial rifah naziri Əli Rəbiinin istefaya göndərilməsi ilə bağlı parlament qərar qəbul etdi. Əli Rəbii islahatçı xətti təmsil edirdi. Məhəmməd Hatəminin prezidentliyi dövründə müşavir işləyirdi. Əli Rəbii ABŞ sanksiyaları bərpa etdikdən sonra ölkədə 1 milyon adamın işsiz qalacağını dedi. Bu açıqlamadan sonra onun məsələsini parlamentdə müzakirəyə çıxartdılar və etimadsızlıq göstərdilər.

Bugünlərdə isə İran Məclisi, yerli pul vahidi rialın ucuzlaşması və ölkə iqtisadiyyatının pisləşməsi ərəfəsində iqtisadiyyat və maliyyə naziri Məsud Kerbasiyanı vəzifəsindən azad edib. Məsud Kerbasiyan, məclisdə keçirilmiş səsvermə ilə vəzifəsindən azad edilib. Məsud Kerbasiyan, ölkədə bank sistemində yaşanan problemlər, ədalətsiz vergi sistemi, iqtisadi böhrana qarşı lazımi tədbirləri görməmək, uyğun maliyyə nəzarəti və şəffaflığı təmin etməməkdə günahlandırılır.

Görünən odur ki, İran hakimiyyəti bir neçə məmuru vəzifədən azad etməklə sosial gərginliyi azaltmağa, və iqtidarda qalmağa çalışır.

Maraqlıdır, İran hökumət üzvlərini qurban verməklə sanksiyalardan yaxa qurtara biləcəkmi? Bir neçə məmurun həbs olunması sanksiya dalğasını zəiflədəcəkmi?

Məlumdur ki, ABŞ-ın İranla bağlı planları tamamilə fərqlidir. Hökumət üzvlərinin dəyişikliyi ABŞ-ın sanksiyalara nöqtə qoymasına rəvac verə bilməz. Ekspertlər də hesab edir ki, İranda məmurların istefaya göndərilməsi və ya həbs olunması birbaşa olaraq hakimiyyətdaxili savaşın göstəricisidir. 

"Orta Doğu” Araşdırmalar Mərkəzinin rəhbəri Sədrəddin Soltan "Cümhuriyət” qəzetinə şərhində deyib ki, İranda məmurların istefaya göndərilməsi daxili maraqlara zidd addımlardır: "İranda hakimiyyət dəyişikliyi və ya rejimin islah olunması hələlik mümkün görünmür. Çünki rejimdaxili iki xətt bugünə qədər mövcuddur. Onlardan birinə islahatçı xətt, digərinə isə mühafizəkar xətt tərəfdarı deyirlər. Bu tərəflər arasında mübarizə hər zaman olub və islahatçılar Qərb və beynəlxalq ictimaiyyət tərəfindən bir çox hallarda dəstəkləniblər. Sadəcə olaraq islahatçıların gücü yoxdur və ölkədə hakim deyillər. İranda hakim mühafizəkarlardır. Məsələn, Xamneyi özünü bitərəf göstərsə də, əslində sərt xəttin tərəfdarıdır və ölkənin birinci adamdır.

Ölkədə ordu, yəni İnqilab Keşikçiləri Qvardiyası, güc strukturları, maliyyə, neft mühafizəkarların əlindədir. Odur ki, İranda ikinci bir məsələ qalır, o da bütövlükdə hakimiyyət çevrilişidir. Onu da edəcək qüvvə yenə də hakimiyyətin öz içindən çıxmalıdır. Hətta ABŞ, Qərb dəstəkləsə belə, yenə də bu xətt ölkənin içindən çıxmalıdır. Çünki ölkədəki mövcud siyasi müxalifət çox zəifdir və ya ümumiyyətlə, yox dərəcəsindədir”.

ABŞ-ın İranla bağlı planlarına nəzər saldıqda görürük ki, əslində hansısa məmurun istefaya göndərilməsi və ya həbs olunması mövcud sanksiyalar fonunda çox cılız görünür. İran hakimiyyətinin bu cür addımı sadəcə olaraq əhalinin etirazlarını səngitmək və islahat tələblərinə cavab verirmiş kimi görüntü yaratmaqdan ibarətdir. Çünki ekspertlər də deyir ki, əgər İranda etiraz aksiyaları davam edərsə, bu mövcud Ruhani hakimiyyətinin devrilməsinə səbəb ola bilər. Yaxın vaxtlarda birinci mərhələ kimi hökumət böhranı yaranması ehtimalı var. Bütün günahlar hökumətin boynuna qoyula və Nazirlər Kabineti istefaya gedə bilər. Təbii ki, yeni kabinet formalaşana qədər bir az vaxt udarlar. Artıq İran hakimiyyəti ölkəni əvvəlki kimi idarə edə bilmir. İnqilab o zaman baş verir ki, yuxarıkılar ölkəni əvvəlki kimi idarə edə bilmir, aşağılar da əvvəlki kimi yaşaya bilmir. Bu zaman iki qüvvə arasında ciddi uçurum yaranır. Bu isə artıq İranda baş verməkdədir. Görünən odur ki, İran hakim-elitası mövcud vəziyyətdə aciz durumda qalıb. ABŞ-ın ağır sanksiyaları sonunda günü-gündən ağırlaşan sosial vəziyyət İran hakimiyyətini sona doğru aparır. Analitiklər hesab edir ki, İran əhalisinin vəziyyəti ölkəni sosial partlayışa doğru itələyir. 

Məmurları istefaya göndərməklə hazırkı prosesi səngitməyə çalışan hakimiyyət bunu edə biləcəkmi? Hakimiyyətin hazırkı durumu göstərir ki, ABŞ-la razılıq əldə olunmasa və iqtisadi sabitlik yaranmasa, əhali bir neçə məmurun istefaya göndərilməsi və ya həbs olunması ilə qane olmayacaq. Eynilə, ABŞ-ın da məmurların istefaya göndərilməsi ilə sanksiyalara ara verəcəyini gözləmək sadəlövlük olardı. Ekspertlər də hesab edir ki, ABŞ İrandan gözlədiyi, ən azından Suriya məsələsində güzəştə getməyi və "Hizbullah”ı maliyyələşdirməsindən imtina etməklə bağlı güzəşt almasa, sərt sanksiya siyasətinə ara verməyəcək.

Vilayət Muxtar





Həftənin ən çox oxunanları