Yuxarı

Suriya savaşında son halqa: Qalib kim olacaq?

Suriya savaşında son halqa: Qalib kim olacaq?

Suriya savaşında son halqa: Qalib kim olacaq?

Suriya Silahlı Qüvvələri İdlib ətrafında toplanır. 

Bəşər Əsədin qoşunları Sincar və Xan-Şeyxun şəhərləri ətrafında toplanıb. Yerli mətbuatın yazdığına görə, hərbçilər əməliyyata başlamaq üçün rəhbərliyin əmrini gözləyir. Terrorçuların hücumu təkcə İdlibə yox, yaxın əyalətlərə Hələbə, Hamaya, Latakiyaya planlaşdırılır. Suriya aviasiyası artıq terrorçulara hava zərbələri endirib.

Lakin bu əməliyyatların başlanması Əsəd rejiminin mövcudluğunu təmin edən Rusiyanın və İranın razılığı olmadan baş tuta bilməz. Üstəlik, Moskva və Tehran bu məsələni Türkiyə ilə razılaşdırmalıdır. Son zamanlar Suriyadakı hərbi-siyasi proseslərə təsir imkanı daha çox Rusiya və Türkiyəyə məxsusdur. İranda baş qaldırmış sosial etirazlar və artmaqda olan iqtisadi böhran Tehran rejiminin Suriyadakı proseslərə müdaxilə imkanlarını zəiflədib. Aparılan araşdırmalara görə, İran iqtisadiyyatın zəif olması səbəbindən ölkə daxilində vəziyyətin gərginləşməsinə baxmayaraq, Əsədin hakimiyyətdə qalması üçün ildə 6-8 milyard dollar vəsait xərcləyir. Ancaq noyabrın 15-dən sonra baş qaldıran etirazlar fonunda Tehran rejimi bu imkanlarını itirməyə başlayıb. Bu isə Rusiyanın və Türkiyənin Suriyada geosiyasi fəaliyyət çevrəsinin genişlənməsinə şərait yaradır. Ona görə də rəsmi Dəməşq planlarını hər iki ölkə ilə razılaşdırmadan həyata keçirə bilməz. 

"Oğuz” Araşdırmalar Qrupunun rəhbəri Vüqar Zifəroğlu hesab edir ki, Suriya ordusunun hücum əməliyyatı rəsmi Dəməşqin müttəfiqi olan dövlətlərin və Türkiyənin maraqlarına cavab vermir. Ona görə də bu planın baş tutması reallıqdan uzaq görünür:

"Bəşər Əsədin İdlib, Lazkiyə, Həma istiqamətində hücuma keçməsi həmin bölgələrdə hakimiyyətini möhkəmləməsinə gətirib çıxara bilər. Bu isə Əsəd rejiminə şimala strateji çıxış əldə etmək imkanı verir. Amma hərbi birləşmələrin Xan-Şeyxun və Sincar istiqamətində cəmləşməsi hələ Əsəd rejiminin hücuma keçərək genişmiqyaslı hərbi əməliyyatlara başlaması demək deyil. Yəni ilk növbədə, Türkiyə və Rusiya arasında Soçidə razlaşmanın olduğunu nəzərə almaq lazımdır. Tərəflər bu sənədin bəndlərinə ciddi şəkildə əməl edir. İkincisi, Suriyanın hücumu bu razılaşmanı nəinki qüvvədən sala bilər, hətta hazırda Əsəd rejiminə loyal münasibət göstərən Türkiyəni özünə qarşı çevirmiş olar. Bu da Bəşər Əsəd hazırda lazım deyil. Bəşər Əsədə əsas dəstəyi Rusiya və İran verir. Son dövrlər İranın öz daxilində baş verən etirazları, İraqda, Livanda baş verən iğtişaşları nəzərə alsaq, rəsmi Tehranın Suriya ilə məğul olmağa imkanı qalmayıb. Rusiyaya gəlincə, Vladimir Putinlə Rəcəb Tayyib Ərdoğan arasında əldə olunmuş razılaşma yalnız Suriyanı deyil, kifayət qədər prinsipial məqamları özündə ehtiva edir. Hazırda Rusiyaya Türkiyəni itirmək heç cür sərf etmir. Yəni Əsəd ordusunun hücumu Türkiyə ilə yanaşı, ona dəstək vermiş dövlətləri də narazı sala bilər. Məsələ burasındadır ki, Əsəd ordusunun hərbi əməliyyatlara başlaması Türkiyə-Rusiya-İran üçbucağına qarşı müxalif mövqe sərgiləyən və qoşunlarını müəyyən qədər geri çəkmiş ABŞ-ın maraqlarına cavab verir. Yəni ABŞ-ın öz hərbçilərini yenidən Suriyaya yeritməsi üçün əlverişli bəhanə yarada bilər. Bu baxımdan mən düşünmürəm ki, Əsəd öz hakimiyyəti üçün mənfi nəticələr doğura biləcək addımlar atsın. Ancaq bəzi kiçik məntəqələrlə bağlı Rusiya və Türkiyə ilə müəyyən hərbi əməliyyatların keçirilməsi istisna edilmir”.

Qeyd edək ki, Suriya ordusu, əsasən, İdlib əyalətinin cənub, cənub-şərq və cənub-qərb ərazilərində cəmləşir. Bu isə rəsmi Dəməşqin İdlibə olan iddiasından geri çəkilmədiyini, Bəşər Əsədin adıçəkilən bölgə üzərində nəzarətini bərpa etməyə çalışdığını göstərir. Çünki İdlibin ələ keçirilməsi Əsədə Suriyanın ən böyük əyalətlərindən birinə nəzarəti bərpa etməyə şərait yarada bilər. Eyni zamanda, bu planın baş tutması Hələblə İdlibi və paytaxt Dəməşqi birləşdirən strateji əhəmiyyətli M5 magistral yoluna nəzarətin əsədin tabeliyinə keçməsi deməkdir. Bu səbəbdən, İdlib bölgəsi uğrunda geostrateji mübaruzə gedir. 

Vüqar Zifəroğlu bildirdi ki, İdlibdə Türkyənin strateji maraqları var. Ona görə də İdlibin Əsədin hakimiyyəti altına keçməsi rəsmi Ankaranın maraqlarına cavab vermir. Ona görə də Suriya ordusunun İdlib vilayətində hərbi əməliyyat aparması yalnız qarşılıqlı razılaşma əsasında mümkün ola bilər. 

"Lakin indiki məqamda belə bir razılaşmanın olması inandırıcı görünmür. Söhbət yalnız həmin bölgədə İŞİD-ə qarşı hərbi əməliyyatların keçirilməsindən gedə bilıər. Bu halda əməliyyatlarda Rusiya və Türkiyənin dəstəyi ilə Suriya qoşunlarının iştirakını da istisna etmək olmaz. Ümumiyyətlə, İdlib əyalətinin Bəşər Əsədin nəzarəti altına keçməsi hazırkı situasiyada Türkiyənin strateji maraqlarına uyğun deyil. Rəsmi Ankaranın buna razılıq verəcəyini düşünmürəm”. 

Müşfiq Abdulla





Həftənin ən çox oxunanları