Yuxarı

Böyük ticarət savaşı: Virus kimi qalib edəcək?

Böyük ticarət savaşı: Virus kimi qalib edəcək?

Böyük ticarət savaşı: Virus kimi qalib edəcək?


Koronavirus pandemiyasının başlandığı Çindən müsbət, pandemiyanın ən çox yayıldığı ABŞ-dan isə mənfi xəbərlər gəlməkdədir.Məlumatlara əsasən, Çində iqtisadiyyat birinci rübdə kiçilsə də, ikinci rübdə böyüməyə başlayıb.

Mütəxəssislər, böyümənin tələb tərəfindən deyil, dövlət tərəfindən maliyyələşdirildiyini vurğulayırlar. Koronavirusun yayılması ilə bağlı olaraq ilin ilk rübündə çətinliklər yaşayan Çin iqtisadiyyatı 2020-ci ilin ikinci rübündə 3,2% böyüyüb.

Xatırladaq ki, koronavirusun mərkəzi sayılan ölkədə ilin birinci rübdə iqtisadiyyat 6,8% azalmışdı. Bu göstərici 1992-ci ildən bəri ən pis iqtisadi göstərici olub."Hökumətin köməyi nəticəsində sənayedə inkişaf edən bir böyümə görürük”-Bunu stratejist Rodrigo Catril deyib.Mütəxəssislər Çinin böyüməsinin tələb əsaslı artım olmadığından gələcək üçün sual yaratdığını söyləyiblər. İlk iki rüb məlumatları açıqlandıqdan sonra Çin iqtisadiyyatı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,6% kiçilib.

Qeyd edək ki, bir qədər əvvəl ABŞ iqtisadiyyatı ilə bağlı da bir sıra rəqəmlər açıqlanıb. Ölkənin Maliyyə Nazirliyi tərəfindən açıqlanan büdcə hesabatında 1 oktyabr 2019-cu il - 30 sentyabr 2020-ci il müddətində federal hökumətin büdcə kəsirinin 864 milyard dollara yüksəldiyi məlum olub. Keçən ilin eyni dövründə isə büdcə kəsiri 8.4 milyard dollar olub. Təkcə may ayında büdcə kəsirinin 398,7 milyard dollar olduğu açıqlanıb. Bildirilir ki, büdcə kəsirlərinin sıçrayışla artmasına ölkədə koronavirusun yayılması ilə əlaqədar olaraq,vergi daxilolmalarının azalması səbəb olub.

Bu dövrdə dövlət xərcləri əvvəlki müvafiq dövrlə müqayisədə 223 faiz artaraq 1,1 trilyon dollara çatıb, gəlirlər isə 28 faiz azalaraq 240.8 milyard dollara enib.

Pandemiya başlanmazdan əvvəl ticarət müharibəsi şəraitində olan bu iki ölkədən gələn rəqəmlərə hansı mənzərəni ortaya qoyur?Rəqəmlər Çinin iqtisadi cəhətdən yüksəlişinin başlandığını və özünün ən böyük ticarət tərəfdaşı və eyni zamanda rəqibi olan ABŞ-ı geridə qoya biləcəyini deməyə əsas verirmi?

İqtisadçı Razi Abbasbəyli "Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, ilin birinci rübündə təqribən 7 faiz azalan iqtisadiyyatın, ikinci rübdə 3,2 faiz böyüməsi real görünmür:

"Məlumdur ki, Çinin açıqladığı rəqəmlərə dünya birjalarında və iqtisadi institutlarda tərəddüd və şübhə ilə yanaşılır. Nəzərə almaq lazımdır ki, dünya iqtisadiyyatı bərpa olunmayıb.Eləcə də sənaye dövləti olan Çinin dünya ölkələri ilə əlaqələri bərpa olunmayıb.Buna görə də açıqlanan rəqəmlər inandırıcı görünmür.Faktiki olaraq, hazırda yalnız Avropa dövlətləri arasında əlqələrin bərpa prosesləri gedir - hava uçuşları, nəqliyyatın fəaliyyəti bərpa edilir.Amma hələ ki, dünyanın iri şirkətlərində, iri sənaye müəssisələrində, hətta "Amazon” kimi dünyanın ticarət dövriyyəsində böyük payı olan şirkətlərdə 7, 8, bəzən 10, 12 faizlik geriləmələrin olduğu açıqlanır”.

İqtisadçı deyir ki, ilin ikinci rübündə Çində 3,2 faizlik irəliləmə baş versə idi, birjalarda ölkənin iri investorlarının səhmlərində ən azı 10-15 faizlik irəlliləmə, qiymətin bahalaşması müşahidə edilməli idi:

"Təəssüf ki, biz bunu görmədik. Bu baxımdan da Çinin açıqladığı rəqəmlər həqiqəti əks etdirmir və şübhələr çox böyükdür. Faktiki olaraq, dünya iqtisadiyyatında bərpa prosesi 1 -1,5 faizi keçməyib. ABŞ iqtisadiyyatında 0,75 faizlik bərpanın olduğu açıqlandı. Həm neft, həm də yüngül sənaye üzrə ticarət dövriyyəsində irəliləyiş baş verməyib.Avropa ölkələrində iqtisadiyyatın neçə faiz bərpa olunması ilə bağlı açıqlamaların verilməsi gözlənilir”. İqtisadçı hesab edir ki, 2020-ci ilin sonuna qədər Çin, eləcə də Çinlə böyük ticarət dövriyyəsi olan ölkələrdə - həm ABŞ, həm Avropada, xüsusilə də Asiya ölkələrinin iqtisadiyyatında dönüş müşahidə edilməyəcək.

Xatirə Nəsirova





Həftənin ən çox oxunanları