Yuxarı

Mərkəzi Bankın inflyasiya proqnozları nə dərəcədə realdır? "Devalvasiya qərarı qəbul olunacaqsa...”

Mərkəzi Bankın inflyasiya proqnozları nə dərəcədə realdır?

Mərkəzi Bankın inflyasiya proqnozları nə dərəcədə realdır?

Azərbaycan Mərkəzi Bankı inflyasiya proqnozlarını yeniləyib.

Dekabrda yenilənmiş proqnozlara görə, inflyasiyanın 2020-ci ilin sonuna 3% ətrafında, 2021-ci ilə isə 3.5-4% diapozonunda formalaşacağı gözlənilir. Oktyabrda yenilənmiş proqnozlara görə, inflyasiyanın 2020-ci ilin sonuna 2.8-3%, 2021-ci ilə isə 3.6-4% diapozonunda qalacağı gözlənilirdi. Məlum olduğu kimi, artıq gələn ilin dövlət büdcəsi layihəsi Milli Məclisə təqdim olunub və cəmiyyətə açıqlanıb.

Qeyd edək ki, layihədə devalvasiya riskinin olma ehtimalı da yer alıb. Eləcə də ekspertlər də Azərbaycanda devalvasiyanın baş verəcəyini istisna etmirlər. Bir dolların 2 manat səviyyəsinə çatacağı ehtimalı var.

Bəs, pandemiya şəratinin davam etdiyi və manatın məzənnəsinə təhlükənin yarandığı indiki vəziyyətə inflyasiya Mərkəzi Bankın proqnoznozlaşdırdığı səviyyədə olacaqmı?

İqtisadçı Rəşad Həsənov "Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, inflyasiyanın səviyyəsi yaranmış situasiyadan asılı olacaq:

"Devalvasiya qərarı qəbul olunacaqsa, ölkə üçün ciddi idxal inflyasiyası riski yaranacaq. Bu da o proqnozların üzərində qiymət indeksinin dəyişməsinə səbəb olacaq. Əgər vəziyyət indiki kimi qalacaqsa, devalvasiya qərarı qəbul edilməyəcəksə, müəyyən qədər qlobal iqtisadi fasilələrdən qaynaqlanan qiymət artımları Azərbaycan bazarı daxilində istehlakın azalması təzyiqi ilə üzləşəcək, bu da artım təzyiqlərinin neytallaşdırılması üçün daha əlverişli şərait yaradacaq. Bu da müvafiq çərçivədə - təxminən 3-5 faiz ətrafında inflyasiyanın baş verməsinə gətirib çıxara, bundan artıq inflyasiyanın baş verməməsi konyukturunu formalaşdıra bilər”.

İqtisadçı bildirir ki, bu həm də Azərbaycanın xarici ticarət tərəfdaşı olan ölkələrdə konyukturun hansı istiqamətdə dəyişməsindən asılıdır:

"Türkiyədə, Gürcüstanda, Rusiyada istehsal qiymətlərinin indeksinin necə dəyişməsi burada rol oynacaq. Azərbaycanda yerli istehsalın idxaldan asılılıq amili var. Bu son nəticədə xarici şoklara yerli istehsalın qiymət aspektindən dayanıqlılığını zəiflədir. Digər tərəfdən yerli istehsal qiymətlərinin maya dəyəri də artacaqsa, bu da təbii ki, qiymətlərə mənfi təsir edəcək”.

Rəşad Həsənov bir məqamın da nəzərə alınmasının vacib olduğunu qeyd etdi:

"Nəzərə almalıyıq ki, əhalinin gəlirlərində azalma var, pandemiya əhalini əhəmiyyətli dərəcədə yoxsullaşdırdı, əhalinin alıcılıq qabiliyyətini zəiflətdi. 2021-ci il büdcə parametrlərinə baxsaq - hökumət tərəfindən ehtiyac meyarının 170 manata, yaşayış minimumun 196 manata çatdırılması qərarı qəbul edilib. Yəni, təxminən 3 fazilik inflyasiyaya qarşı qərar qəbul olunnub. Bu özü də hökumətin sosial müdafiə mexanizmlərinin tətbiqi nəticəsində bazara böyük pul kütləsinin daxil olma imkanlarını məhdudlaşdırır və həmin şəxslərin alıcılıq imkanlarını limitə salır. Bu da inflyasiya üzərində müəyyən təzyiqlərin yaranmasına səbəb olmaqla onun proqnozlaşdırılan civarda baş verməsini şərtləndirə bilər”.

Xatirə Nəsirli





Həftənin ən çox oxunanları