Yuxarı

Bahalaşmanın rəsmi təsdiqi:İqtisadiyyat daralır, problemlər artır...

Bahalaşmanın rəsmi təsdiqi:İqtisadiyyat daralır, problemlər artır...

Bahalaşmanın rəsmi təsdiqi:İqtisadiyyat daralır, problemlər artır...

Dünya ölkələrində ərzaq qiymətləri artmaqdadır.

BMT-nin Qida və Kənd Təsərrüfatı Təşkilatının (FAO) baş iqtisadçısı Abdolreza Abbassian bildirib ki, istər beynəlxalq, istərsə də yerli miqyasda ərzaq qiymətlərinin artması bir sıra amillərdən asılıdır və yalnız dolayı yolla pandemiya ilə əlaqəlidir. Onun sözlərinə görə, pandemiya səbəbindən ilin əvvəlində ərzaq qiymətlərindəki dəyişkənlik gözləntiləri reallaşmayıb:

"Beynəlxalq səviyyədə son göstəricilər qiymətlərin keçən ilə nisbətən artmasına işarə edir və artmaqda davam edir. Lakin bunun səbəbinin pandemiya olduğunu deyə bilmərik. Bu, amillərin daha mürəkkəb birləşməsinin nəticəsidir: yüksək tələbat, müəyyən məhsul növlərinin tədarükü, makroiqtisadi səbəblər. Bu, pandemiyanın heç bir şəkildə təsir etmədiyi anlamına gəlmir, ancaq bu cəhəti digər aspektlərdən ayırmaq çətindir".

Ekspert beynəlxalq və yerli bazarlarda meyllərin fərqli olduğunu qeyd edir:

"Çox şey bir ölkənin idxalçı və ya ixracatçı olmasından asılıdır. Bir çox ixracatçı ölkə maddi-texniki problemlərlə üzləşib. Öz növbəsində, idxal edən ölkələr gecikmələrin narahatlıq doğurduğu oxşar tədarük problemləri ilə üzləşib. İxrac edən ölkələr ümumiyyətlə çətinlikləri aradan qaldırdı, idxalçı ölkələr isə iqtisadi tənəzzül, mənfi artım, yerli valyutanın ucuzlaşması və inflyasiya kimi digər problemlərlə qarşılaşıb. Pandemiyanın təsir dərəcəsi ölkənin ümumi iqtisadi vəziyyətindən asılıdır".

Məlum olduğu kimi, Azərbaycan qeyri-neft sektorunda idxaldan asılı olan ölkədir. Eləcə də ölkəmizin ərzaq təlabatı da əsasən idxal hesabına ödənilir. Onu da qeyd edək ki, bu il ərzində ölkəmizdə kifayət qədər iqtisadi geriləmə baş verib. Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin yanvar-noyabr aylarında Azərbaycanda ötən eyni dövrü ilə müqayisədə 4,3% az ümumi daxili məhsul istehsal olunub. İlin sonunadək iqtisadi daralmanın daha da artacağı gözlənilir.

Pandemiyanın davam etdiyi, karantin tədbirlərinin sərtləşdirildiyi nəzərə alınarsa, idxalçı ölkələrin arasında yer alan Azərbaycanda da inflyasiya, yerli valyutanın ucuzlaşması, iqtisadi daralmanın daha da artması gözlənilə bilərmi?

İqtisadçı Natiq Cəfərli "Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, Azərbaycanda ərzaq məhsullarının qiymət artımının mənfi alqoritmi formalaşıb:

"Noyabr ayının ortalarından ərzaq məhsullarının qiymət bahalaşması sürətlənirdi, təqribən Novruz bayramına qədər bu davam edirdi. Bu müddət ərzində bayramların olması, təlabatın artması və topdansatış bazar oyunçularının - yəni ölkəyə mal gətirən şirkətlərin dar çərçivədə olması və onların kordinasiya olunmuş qiymət siyasəti nəticəsində qiymətlər daim yüksəlirdi. Təqribən aprel ayından - yerli məhsullar bazara çıxandan sonra qiymətlər təqribən sabitləşirdi. İndi bunun üzərinə COVID-lə bağı problemlər, Azərbaycan iqtisadiyyatının daralması, insanların alıcılıq qabiliyyətinin aşağı düşməsi gəldikdə və dünyada ərzağın bahalaşması tendeniyası da nəzərə alındıqda, idxaldan asılı olan ölkə olaraq qiymət artımının sürətləndiyini görürük. Azərbaycanda rəsmi statistikaya güvən az olsa da, hər halda rəsmi rəqəmlər də qiymət artımının baş verdiyini göstərir. Azərbaycanda inflyasiya mövcuddur”.

Devalvasiyaya gəldikdə isə iqtisadçı deyir ki, bu, dövlətin qərarlarından asılı olacaq:

"Bizdə manatın məzənnəsi bazar tərəfindən tənzimlənmir. Yəni 2016-cı ildə üzən məzənnə rejiminə keçid elan olunsa da, bu baş tutmadı. İndi isə bu barədə ümumiyyətlə danışılmır da, məzənnə inzibati qərarla tənzimlənir. İqtisadi faktorlar dolayısı ilə rol oynasa da, məzənnəyə birbaşa təsir edə bilmir. 2021-ci ilin büdcəsi hələ açıqlanmayıb ki, bu da ciddi problemdir. İlin bitməsinə 15 gün qalıb, amma büdcə proqnozları hələ də yoxdur. Ötən illərin oktyabr - noyabr aylarından büdcə müzakirələri başlanılırdı. Büdcə açıqlanandan sonra ordakı bəzi rəqəmlər bizə hökumətin hansı məzənnə siyasəti yürüdəcəyi ilə bağlı ipiucu vercək. Görünən odur ki, manatın məzənnəsinin uzun müddət sabit saxlanması mümkün olmayacaq. Bunun fəsadları artıq ortadadır və bundan sonra da çıxacaq. 2005-2015-ci illərində hökumət baha manat rejimi irəli sürdü və bunun ağrı acısını iki dəfə ağır devolvasiya, bir dəfə isə yüngül devalvasiya ilə çəkdi. İqtisadi reallıq devolvasiya tələb etsə də, hökumətin qərarının nədən ibarət olacağını proqnozlaşdırmaq çətindir”.

Xatirə Nəsirova





Həftənin ən çox oxunanları