Yuxarı

Azərbaycan yeni bazar axtarışında

Azərbaycan yeni bazar axtarışında

Azərbaycan yeni bazar axtarışında

Rusiyanın "Vetra Marketinq” şirkəti Azərbaycanın qeyri-neft məhsulları üçün bazar araşdırmaları aparacaq.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) tərəfindən qeyri-neft məhsullarının və ya məhsul qruplarının ixracı üçün yeni və mövcud ixrac bazarlarına çıxış imkanlarının tədqiqi məqsədilə sənaye və qida məhsulları üzrə xarici ölkələrdə bazar araşdırmalarının aparılması məqsədilə keçirilmiş təkliflər sorğusunda iddiaçılardan daxil olmuş təkliflərin qiymətləndirilməsi həyata keçirilib.

Təkliflər sorğusunun nəticələri haqqında Tender komissiyasının qərarına əsasən, Rusiyanın OOO "Vetra Marketinq” ("Vetra Marketing” MMC) şirkəti qalib elan edilib. Məlumdur ki, hazırda Azərbaycanın qeyri-neft sektorunda ixracı o qədər də böyük rəqəmlərlə ifadə olunmur. Ölkə məhsullarının əsas ixrac bazarı Rusiya bazarıdır. Bu bazara ölkəmizdən əsasən kənd təsərrüfatı məhsulları ixrac edilir. Rusiyadan başqa Azərbaycan məhsulları Gürcüstan, Türkiyə, Qazaxıstan, İsveçrəyə də çıxarılır.

Amma qeyd olunan ölkələrə ixrac edilən məhsulların həcmi və gətirdiyi gəlir Rusiya ilə müqayisədə qat-qat aşağıdır. Bir ölkənin bazarından asılı olmaq isə ölkəmizin iqtisadi təhlükəsizliyini sual altına alır.

Xatırladaq ki, Rusiya bir qədər əvvəl Azərbaycanın ixracda ilk yeri tutan məhsulu olan pomidorun və almanın idxalına qadağa qoymuşdu. Bu cür durumların yaranmaması üçün isə ixrac bazarının genişləndirilməsi vacibdir.

Azərbaycan hansı ölkələrə məhsul ixracını genişləndirə bilər? Yeni ixrac bazarlarını hansı ölkələrdə axtarmaq olar?

İqtisadçı Akif Nəsirli "Cümhuriyət”ə açıqlamasında bildirib ki, Azərbaycanda bazar iqtisadiyyatı tam oturuşmayıb:

"Azərbaycanı bazar iqtisadiyyatı ölkəsi kimi qəbul etsək, onun bazar iqtisadiyyatını "şikəst” adlandırardım. Normal bazar iqtisadiyyatının əsas şərti ölkədə rəqabətliliyin təmin edilməsidir. İndiyə qədər Azərbaycanda maketinq tədqiqatı sahəsi inkişaf etməyib. Marketinq elə bir elmdir ki, məhsulu canlı orqanizm kimi qəbul edir, müştəri tərəfindən qəbul edilməsi, pik nöqtəyə çatması və "ölməsinə” qədər onu müşayiət edir. Bu çoxşahəli sahə Azərbaycaanda hazırda primitiv inkişaf səviyyəsindədir. Bu baxımdan da xarici şirkətlər tenderlərdə qalib olur”.

İqtisadçı bildirir ki, Azərbaycanda bütün sahələrdə marketinq tədqiqatının aparılması vacibdir:

"Bu tədqiqatın da bir neçə növü var. Əgər kimsə hansısa məhsulu istehsal etmək istəyirsə, ilk növbədə onun marketinqindən başlamalıdır. Bazarı araşdırmalıdır ki, nə istehsal etsin ki, onun satışını təşkil edə bilsin. Yəni marketinq uğura aparan yoldur. Azərbaycanda istehsalla məşğul olanlardan heç biri bu cür tədqiqat aparmır. Ümumilikdə buna əhəmiyyət verən şirkətlərin sayı azdır. Əsasən mobil telefon şirkətlərində, avia şirkətlərdə bu işlə məşğul olurlar. Azərbaycanda ilk növbədə rəqabət mühiti formalaşmalıdır, ikinci növbədə bütün sahələrdə marketinq tədqiqatlarının aparılmasını təlqin etmək lazımdır”.

Marketinq tədqiqatları aparılmadan Azərbaycanın öz məhsullarını Rusiyadan başqa hansı ölkəyə ixrac etmə potensialı ilə bağlı ilkin müşahidələrə gəlincə, Akif Nəsirli deyib ki, bunun üçün ilk növbədə ixrac ediləcək məhsullar olmalıdır:

"Rusiyadan başqa Gürcüstana da məhsul ixrac edə bilərik. MDB məkanından kənara ixraca gəlincə, belə məhsullarımız barmaqla sayıla bilər. Təbii brendlərimiz var ki, onları Avropa ölkələrinə ixrac etmək olar. Məsələn, narı, Azərbaycanda istehsal olunan gübrəni Avropa bazarına çıxarmaq olar. Amma bunun üçün həmin məhsullar o bazarların standartlarına uyğun olmalıdır. Avropa standrtlarına uyğun olmasa, bu məhsulların həmin bazarlara çıxarılması mümkün deyil”.

İqtisadçı qeyd edir ki, hansısa məhsul xarici bazara çıxmazdan əvvəl ölkə daxilində rəqabət mühiti olmalıdır:

"Keyfiyyətli məhsul daxildəki rəqabət mühitində yetişməlidir. Şirkətin rəqibi olmalıdır ki, rəqabət şəraitində keyfiyyətli, standartlara uyğun məhsul istehsal etsin. Belə bir şəraitdə bizim bir çox məhsullarımız dünyanın müxtəlif ölkələrinə çıxarıla bilər. Bunun üçün təbii şərait var, amma inzibati şərait yoxdur. Amma indi bunun reallaşacağından danışmaq çətindir”.

Xatirə Nəsirli