Yuxarı

Virusun "dibə endirdiyi” iqtisadiyyatı nə gözləyir? - "İş tapma imkanları yaxşılaşacaq” - MÜSAHİBƏ

Virusun

Virusun

2020-ci il digərlərindən bütün sahələrdə olduğu kimi, iqtisadiyyatda da ciddi olaraq fərqləndi.

Hətta ilin ən çox zərbə vurduğu sahələrdən birinin iqtisadiyyat olduğunu da demək olar. Pandemiyanın kiçiltdiyi Azərbaycan iqtisadiyyatına işğal altında olan torpaqlarımızın azad olunması yeni dividentlər gətirdi.

"Cümhuriyət” qəzeti 2020-ci ilin təzadlı iqtisadi yekunlarını iqtisadçı Rəşad Həsənovla təhlil edib.

-2020-ci il Azərbaycan iqtisadiyyatı üçün necə xarakterizə olundu?

-Böyük ehtimalla 2020-ci il 2015-2016- ci il böhranından sonra Azərbaycanın müstəqilik dövrünün ən böyük ressesiya dövrü kimi xarakterizə olunacaq. 11 ayın nəticələrinə görə iqtisadiyyatda 4,3 faiz kiçilmə var, adambaşına düşən məhsul isə 4,7 faiz azalıb. Bunlar təbii ki, rəsmi rəqəmlərdir, bizim müşahidələrimiz isə göstərir ki, qeyri-rəsmi iqtisadiyyatın həcminin böyük olması və bunların hesablamalara daxil edilməməsi, bir sıra hallarda rəqəmlərin siyasiləşməsi faktorları nəticəsində təxminən 12-15 faizlik kiçilməni rəsmi rəqəmlərdə görə bilmirik. Ciddi məşğulluq problemləri üzə çıxdı. Əslində Azərbaycan ilə normal başlamışdı - 2015-ci il devolvasiyasından sonra ilk dəfə olaraq 3 faiz ətrafında artım dinamilkası müşahidə olunmuşdu. Təəssüf ki, fevral ayının sonunda pandemiya Azərbaycan sərhədlərinə çatdı, mart ayından başlayaraq iqtisadiyyata təsirlərini göstərdi. Pandemiya Azərbaycan iqtisadiyyatına iki istiqamətli təsirini göstərdi - Azərbaycan iqtisadiyyatının strukturundan asılı olaraq qəbul edilən qərarın nəticəsində hərəkətin məhdudlaşdırılması və biznesin fəaliyyət imkanlarının kiçildilməsindən problemlər yarandı. Bir də Azərbaycanın büdcə gəlirlərində əsas rol oynayan neftin dünya bazarlarında qiymətinin azalması prosesi baş verdi. Ümumilikdə götürdükdə, uğursuz il kimi qiymətləndirilə bilər, amma təbii ki, digər aspektdən baxdıqda işğal altında olan torpaqlarımızın təxminən 75 faizinin azad edilməsi 10 min kvadrat kilometr ərazinin Azərbaycan iqtisadiyyatına qazandırılması demək oldu.

-Necə hesab edirsiniz, gələn il iqtisadi daralma davam edəcəkmi?

-Mən bu istiqamətdə nisbətən optimistəm. Ümid edirəm ki, dünya elminin pandemiya ilə mübarizəsi, xüsusilə vaksinasiya öz effektini verəcək. Artıq bir neçə şirkətin vaksinləri müxtəlif ölkələr tərəfindən təsdiqlənib. Hətta ABŞ kimi dünya iqtisadiyyatının 1/4 hissəsini təşkil edən ölkədə vaksinasiya başlanıb. Yaxın vaxtlarda regiona da vaksinlərin gətiriləcəyi gözlənilir. Düşünürəm ki, vaksinasiya prosesi pandemiya riskini əhəmiyyətli dərəcədə azaltmaqla iqtisadiyyatların açılmasına gətirib çıxaracaq. Azərbaycanda da iqtisadi subyektlər daha rahat şəkildə fəaliyyət imkanı əldə edəcəklər. Baza ili - yəni 2001-ci illə müqayisədə - biz 2021-ci ildə inkişaf görəcəyik. Hökumətin proqnozu 2,4 faizdir. Düşünürəm ki, bu ətrafda artım müşahidə edəcəyik. 2019-cu ilin iqtisadiyyatına çatmamız üçün isə çox güman ki, iki il sərf olunacaq. 2021-də yox, 2022-də iqtisadiyyatı bu səviyyəyə çatdıra biləcəyik.

-Pandemiyanın məşğulluq sahəsinə ciddi ziyan vurduğunu qeyd etdiniz. Gələn il işsizliyin aradan qaldırılması istiqamətində irəliləyişlər gözləyirsinizmi?

-İqtisadiyyatla məşğulluq arasında asılılıq var. Doğrudur, hökumət mümkün alətlərindən istifadə edərək, məşğulluqla bağlı problemləri gizlətməyə çalışır. Amma digər bir statistikaya baxsaq - 600 min nəfərə hökumət işsizliklə əlaqədər olaraq yardım edib, bir o qədər adama qeyri-odekvat cavablarla yardımın verilməsindən imtina olunub. Ciddi işsizlik problemi yarandı. Doğrudur, statistikada qeyri-məşğul insanların sayı 250 mindən 360 minə qalxdı, bununla yanaşı muzdlu işçilərin sayında 45 min artım oldu. Bu rəqəmlər qarışıqlıq yaratsa da, deyə bilərəm ki, məşğul əhalinin hər 5 nəfərindən biri işini ya tam, ya da qismən itirdi. 2021-ci ildə həmin insanlar ola bilər ki, öz işlərini dəyişsinlər. Amma iş tapma imkanları nisbətən yaxşılaşacaq və məşğulluğun səviyyəsinin nisbətən yüksəlməsinə şərait yaradacaq.

-İşğal olunmuş ərazilərilərimiz azad edilməsini Azərbaycan iqtisadiyyatının qazancı adlandırdınız. Bu ərazilərin ölkənin aktivlərinə qatılması yaxın olmasa da, uzaqmüddətli perespektiv üçün ölkəyə hansı dividentlər vəd edir?

-Bu məsələdə əvvəlcədən nəticələri proqnozlaşdırmaq etmək çətindir. Bu hökumətin aparacağı iqtisadi siyasətdən asılı olacaq. Hökumət əsas iqtisadiyyata yanaşmasını dəyişəcəksə, təbii ki, işğaldan azad olunmuş ərazilərdə də inkişaf sürəti artacaq. İlk dövrlərdə bunun müxtəlif multuplikativ effektləri olacaq. Bərpa prosesi müvafiq xərclər, investisiya qoyuluşları tələb edir. Bu istiqamətdə xərcləmələr Azərbaycan iqtisadiyyatının digər sahələrinə də təsir edəcək. Həmin bölgələrin çox böyük aqrar, turizm və mədən sənayesi potensialı var. Bu potensialın səmərəli şəkildə istifadə edilməsi iqtisadiyyatın hansı səviyyədə liberallaşdırılmasından, xarici investorların prosesdə iştirakının hansı səviyyədə təşkil edilməsindən asılı olacaq. Ortamüddətli dövrdə həmin bölgələrin təkcə turizm sektorunda ölkəyə illik 700-800 milyon manat ətrafında ümumi daxili məhsul qazandırma imkanı var. Kənd təsərrüfatında illik 500-600 milyon manatlıq ÜDM istehsalı mümkündür.

Mədən sənayesi istiqamətində də iqtisadiyyatın formalaşacağı gözlənilir. Ortamüddətli dövrdə həmin bölgələrin Azərbaycana 3-4 milyad manatlıq ÜDM qazandırma ehtimalı var. Məsələyə başqa aspektdən baxdıqda azad olunan torpaqlar (Dağlıq Qarabağla bağlı hələ ki, ciddi suallar olduğundan oranı nəzərdə tutmuram - R. H) Azərbaycanın təxminən 15 faizini təşkil edir və bu bölgələrin potensialını 5 milyard manatlıq ÜDM istehsalına, 400-500 min işyerinin yaranmasına qədər dəyərləndirmək mümkündür.

Bütün bunlar hökumətin strategiyasından, post pandemiya, post müharibə dövründə Azərbaycan iqtisadiyyatında hansı prinsipləri rəhbər tutacağından asılı olacaq. Əgər ənənəvi idarəetmə davam edəcəksə, bu halda, biz həmin bölgələrin potensialının ən yaxşı halda, 30 faizindən istifadə edə biləcəyik.

Xatirə Nəsirli





Həftənin ən çox oxunanları