Yuxarı

Azərbaycanda işsiz də var, iş də: "Heç 500 min iş yeri açmaq da mümkün deyil”

Azərbaycanda işsiz də var, iş də:

Azərbaycanda işsiz də var, iş də:

Azərbaycanda işsiz əhalinin sayı hər zaman müzakirə doğuran məsələlərdən biri olub.

Bununla bağlı həm Dövlət Statistika Komitəsinin, həm də beynəlxalq iqtisadi təşkilatların təqdim etdiyi rəqəmlər şübhə doğurub. Şübhəyə səbəb olan başlıca amil isə vəziyyətin göz qabağında olması, hər bir şəxsin ətrafında onlarla işsiz şəxsin olmasıdır. Digər məsələ isə ölkədə qeyri leqal çalışanlarla bağlıdır ki, onların sayının bəlli olmaması da işsizlərin dəqiq sayını müəyyənləşdirməyə imkan vermir.

Bununla belə son illərdə həm dövlət qurumları, həm də beynəlxalq reytinq agentliklərinin Azərbaycanda işsizlik nisbəti ilə bağlı təqdim etdiyi rəqəm 5 faizin ətrafında dövr eləyir. Bu dəfə oxşar proqnoz "S&P Global Ratings" reytinq agentliyindən verilib. Beynəlxalq Reytinq Agentliyi bu il Azərbaycanda işsizlik nisbətinin ötən illə müqayisədə 1 faiz bəndi azalaraq 5,7 %-ə enəcəyini proqnozlaşdırır. Hesabata əsasən, Azərbaycanda 2022-2024-cü illərdə isə işsizlik nisbətinin müvafiq olaraq 5 %, 4,9 % və 4,7 % səviyyəsində reallaşacağı gözlənilir.

Bəs, proqnoz nə dərəcədə əsaslıdır?

Qeyd edək ki, Dövlət Statistika Komitəsinin əmək bazarı ilə bağlı təqdim etdiyi rəqəmlərə baxdıqa hələ ki burada, 2020-ci ilin yekunları ilə bağlı göstəricilərin yer almadığı məlum olur.

Son göstəricilərə görə, 2019-cu ildə iqtisadi fəal əhalinin sayı 5 milyon 190 min nəfər olub ki, bunun da təxminən 4,9 milyonu məşğul əhali kateqoriyasında yer alıb. Statistikada muzdla işləyənlərin sayı 1 milyon 646,6 min nəfər kimi qeyd olunub. İşsiz vətəndaşların sayını 251,6 min nəfər olduğu qeyd olunub.

İqtisadçı Akif Nəsirli "Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, beynəlxalq şirkətlər adətən Azərbaycan hökumətinin statistikasına əsasən bu cür proqnozlar verir:

"Bu proqnozlar da əsaslı deyil. Biz ötən il şahidi olduq ki, Azərbaycan hökuməti cəmi 100-200 min əhaliyə 190 manatlıq işsizliyə görə kompensasiya vermək istəyirdi. Bir ayın içində bu rəqəm 3 dəfə artaraq 600 minə çatdı. Bu qədər insana kompensasiya verildikdən sonra media şikayətlə, narazılıqla dolu idi. Yəni bu rəqəm də bütün işsizləri əhatə etmədi. Hesab edirəm ki, hazırda Azərbaycanda işsizlik səviyyəsi 1 milyon nəfərdən çoxdur. Bizim təxminən 5,2 milyon əmək qabilliyyətli əhalimiz var, onun təxminən 4 miyonu məşğul əhalidir ki, onların arasında əmək müqaviləsi olmadan, qeyri-leqal çalışanlar da var. Məşğul hesab olunan əhali arasında 1,8 milyon torpaq sahibi olan şəxslər var. Elə torpaq sahibi var ki, onun 0,3 hektar torpağı var. Tutaq ki, 1 hektar torpaq sahəsi olan şəxs məşğul sayılır, amma bu torpaqla nə etmək olar axı. Həmin 1,8 milyonun təxminən 1,5 milyonu 1 hektardan aşağı torpaq sahəsi olanlardır ki, onlar da məşğul əhali deyil. Azərbaycanda real vəziyyət budur”.

İqtisadçı bildirir ki, pandemiya işsizlik sayının bir qədər də artırıb:

"Bəlkə də işsiz əhalinin sayı artıq 2 milyon nəfərə çatıb. Bu halda bir il ərzində bir milyon iş yeri açmaq mümkündürmü? - Hesab edirəm ki, heç 500 min iş yeri açmaq da mümkün deyil. Çünki Azərbaycanda iqtisadi şərait elə formalaşıb ki, iş yeri açmaq problemə çevirilib. Bununla bağlı bizim ənənəvi problemlərimiz var. Həmin problemlər aradan qalxmayanadək bizim işsiz əhalinin nisbəti 30-40 faizdən aşağı düşməyəcək. Bu baxımdan da proqnozu əsaslı hesab etmirəm, bu real görünmür”.

Xatirə Nəsirli





Həftənin ən çox oxunanları