Yuxarı

Dövlətin və vətəndaşın ağır yükü - Çıxış yolu ancaq özəlləşdirmədir?

Dövlətin və vətəndaşın ağır yükü - Çıxış yolu ancaq özəlləşdirmədir?

Dövlətin və vətəndaşın ağır yükü - Çıxış yolu ancaq özəlləşdirmədir?

Hökumətin su-kanalizasiya qiymətlərini artırmasından sonra digər kommunal xidmət sahələrində də bahalaşma müzakirə olunur.

Qeyd edək ki, bahalaşma istiqamətində atılan addımlar həm də ötən ilin sonlarına yaxın anonsu verilən dövlət qurumlarının özəlləşdiriləcəyi ilə də əlaqələndirilir. Kommunal sahənin özəlləşdirilməsi ilə bağlı məsələ illərdir ki, müzakirə mövzusudur.

Kommunal xidmət sektorunda xidmət səviyyəsinin aşağı olması, eləcə də bu sahədə fəaliyyət göstərən şirkətlərin dövlət büdcəsindən asılılığı həmin sahələrin özəlləşdirilməsini şərtləndirən amil hesab olunur.

Özəlləşdirmənin qiymət artımına səbəb ola biləcəyi də qeyd olunurdu və hökumətin bunun qarşısını almaq üçün bir sıra vasitələrdən istifadə etməsinin də mümkün olduğu bildirilirdi.

Hələ ki, kommunal sektorun özəlləşdirib-özəlləşdirilməyəcəyi dəqiq bəlli deyil, amma əhali mövcud qiymət artımından narazılığını bildirir və gələcəkdə digər sahələrdə də bunun baş verəcəyinin narahatlığını yaşatmaqdadır.

Bəs kommunal sahələrində yüksək xidmətlərə nail olmağın yolu yalnız özəlləşdirmədən keçir? Alternativ yollar varmı?

İqtisadçı Natiq Cəfərli "Cümhuriyət” qəzetinə bildirib ki, indiki şəraitdə Azərbaycanda dövlət şirkətlərinin qeyri - rentabelli çalışması ciddi sual doğurur:

"Hər bir xərci dövlət ödədiyi təqdirdə qurumlar izah etməlidir ki, maya dəyəri necə hesablanır. Dövlət şirkətlərinin bərbad çalışmasının əsas səbəbi korrupsiya mexanizmidir - satınalmalar və tenderlər şişirdilir və nəticədə də maya dəyəri şişir. Gələcəkdə bu problemlərin həlli üçün dövlətin yükü öz üzərindən atması məntiqli yol olardı. Doğru-düzgün özəlləşdirmə proqramı qəbul edib, dövlətin bu sahədən yavaş-yavaş çəkilməsi və büdcənin üzərinə düşən yükün azaldılması doğru yanaşma ola bilərdi. Amma bunun bədəlini əhali ödəməməlidir. Dövlət çalışır ki, özəl şirkətlər qiymət artımına getməsin və bu dövlətin üzərində yük yaratmasın. Bu yolla özəlləşdirməyə gedəcəklərsə, ağırlıq yenə də əhalinin üzərinə düşəcək”.

İqtisadçı bildirir ki, əgər gələcəkdə kommunal sahələrdə özəl şirkətlər çalışacaqlarsa, əhali ilə onların arasında hüquqi müqavilələrin bağlanması üçün hökumət öhdəlik götürməlidir:

"İndi hər şey dövlətin əlindədir-istəyəndə işığı, qazı, suyu kəsir və buna görə heç bir məsuliyyət daşımır. İşıqlar kəsilib, yenidən verilən zaman vətəndaşın evində hansısa avadanlıq yanırsa, dövlət buna görə heç bir ödəniş etmir, suyun kəsilməsindən əhali əziyyət çəkirsə, heç kim məsuliyyət daşımır. Özəl şirkətlərlə vətəndaş arasında normal müqavilə prinsiplərinə keçidlə bağlı dövlət öhdəliklər götürsə, gələcəkdə vətəndaşlara hansısa konpensasiya almaq imkanı yaradar, həmin şirkətlərin məsuliyyətini də artıra bilər. Özəlləşdirmədən sonra şirkətlər hansısa məmurların "qanadı” altında fəaliyyət göstərəcəklərsə və müqavilə öhdəliklərini yerinə yetirməyəcəklərsə, bu cür özəlləşdirmədən əhali heç bir xeyir görməyəcək”.

Özəlləşdirmə kommunal sektorda yüksək xidmətlərə nail olunmasının yeganə yoludurmu? İqtisadçı bildirir ki, dünyada normal fəaliyyət göstərən dövlət şirkətləri nümunələri də var:

"Dövlət şirkətləri şəffaf şəkildə fəaliyyət göstərsə idi, paylayıcı şirkətlərdə korrupsiya hallarının qarşısı alınsa idi, dövlətin əlində də normal fəaliyyət forması yaratmaq mümkün idi. Amma təəssüf ki, indiki sistemdə bu mümkün görünmür. Məsələn, Bakı-Oğuz-Qəbələ kəmərinin tikintintisini dövlət öz üzərinə götürdü, vəsaitlər Dövlət Neft Fondundan ödənildi, 242 kilometrlik boru xətti çəkildi. Suyun da maya dəyəri yoxdur və bunun üçün "Azərsu” dövlətə hansısa ödəniş etmir. Su həmin boru xətti ilə Bakıya qədər gəlir, Bakıda paylayıcı boru xətlərinə verilir ki, həmin boru xətləri də dövlətin vəsaitləri hesabına çəkilib. Amma indi "Azərsu” deyir ki, bizim xərclərimiz çoxdur, maya dəyəri yüksəkdir və qiymət artırılmalıdır. Deməli, problemlər idarəetmədədir. Həmin problemləri aradan qaldıra bilmirlərsə, o zaman özəlləşdirmədən başqa çarə qalmır”.

Özəlləşdirmə mütləq qiymət artımını şərtləndirirmi?

Natiq Cəfərli deyir ki, əgər dövlətin həqiqətən həmin sahələri özəlləşdirmək niyyəti varsa, indidən qiymətləri artırır ki, xarici və ya yerli investorlar üçün bu sahədə çalışmaq cəlbedici olsun:

"Özəlləşdirmədən sonra qiymət artımının baş verməsi daha problemli məsələdir. Çünki burada artıq Tarif Şurasının nəzarəti olmayacaq. Özəl sektor üçün dövlət qiymət müəyyən edə bilməz. Bütün münasibətlər vətəndaşlarla paylayıcı şirkət arasında müqavilələrlə tənzimlənəcək. Ona görə də öncədən qiymət artırılır ki, özəlləşdirmə baş verən zaman bazara özəl şirkət girərsə, onlarla vətəndaş arasında problem yaranmasın. Və ya hansısa şirkətlərin belə bir tələbinin olması mümkündür ki, qiymətlər artmasa, özəlləşdirmədə maraqlı olmayacaq”.

Xatirə Nəsirli





Həftənin ən çox oxunanları