Yuxarı

Çörək bol olarsa: Qarabağın azadlığı taxıl asılılığını da azaldacaq?

Çörək bol olarsa: Qarabağın azadlığı taxıl asılılığını da azaldacaq?

Çörək bol olarsa: Qarabağın azadlığı taxıl asılılığını da azaldacaq?

Azərbaycanın ən böyük taxıl idxalçılarından olan Rusiyada həm ixracla bağlı vergilər artırılır, həm də ixrac prosedurları çətinləşdirilir.

Rusiyada vergilərin artırılması ilə ixracın azaldılması siyasəti açıqlanan dekabr ayından etibarən qlobal bazarlarda buğda qiymətləri fasiləsiz yüksəlməkdə davam edib.

"Qlobal ərzaq bazarındakı vəziyyət çox təəssüf ki, pisə gedir" deyən Rusiya Prezidenti Putin ölkənin İqtisadiyyat naziri Maksim Reşetnikov ilə görüşündə taxıl bazarının və istehsalçılarının dəstəkləməsi üçün bir mexanizm hazırlanmasına ehtiyac olduğunu bildirib.

Nazir isə daimi taxıl ixracı mexanizmi tətbiq etməyi planlaşdırdığını açıqlayıb. Mexanizm, düstura əsaslanan taxıl ixracı vergisi ilə bağlı olacaq. Reşetnikov, düstura əsaslanan ixrac mexanizminə dair hər hansı bir detal verməyib.

Amma mətbuat orqanlarında 1 apreldən etibarən Rusiyanın taxıl ixracatçılarının müqavilələrini Rusiyanın birjalarından birində qeydiyyata aldırmaları lazım olacağı və bu sayədə düstur üçün bir qiymət göstəricisi hesablanacağı qeyd olunur. İnterfax-ın bu həftə açıqladığına görə, düstura görə, Moskva Birjası tərəfindən hesablanan qiymət əsas olacaq.

Reşetnikov, yeni mexanizmin, "qlobal qiymət dalğalanmalarının və yüksək qlobal qiymətlərin daxili bazara mənfi təsirinin qarşısını almağı" məqsəd qoyan qalıcı bir "qiymət dayandırıcı" olacağını ifadə edib. Xatırladaq ki, Rusiya buğda ixrac vergisini 1 martdan etibarən 1 ton üçün 25 avrodan 50 avroya yüksəldib. Arpa və qarğıdalı üçün ixrac vergisi isə 15 Mart-30 İyun dövrü üçün 1 ton üçün 10 avro və 24 avro olaraq müəyyən olunub. Rusiya Prezidenti Vladimir Putin haqlı olaraq qlobal ərzaq bazarındakı vəziyyətin mənfi istiqamətdə addımladığını bildirir.

Məlumdur ki, koronavirus pandemiyası dünyada ərzaq təhlükəsizliyi məsələsini daha da aktuallaşdırıb. Rusiya kimi digər ölkələr də bu istiqamətdə bir sıra addımlar atmağa başlayıblar.

Məlumdur ki, illər öncə Azərbaycanda taxıl istehsalının ölkənin təlabatı səviyyəsinə çatdırılması prioritet olaraq qoyulmuşdu. Amma bu məqsədə nail olmaq mümkün olmadı.

Ərzaq bazarlarında durumun pisləşdiyi indiki məqamda Azərbaycanda taxıl istehsalının artırılması, idxaldan asılılığın azaldılması üçün hökumət səviyyəsində hansı addımlar atılır?

Kənd Təsəsttüfatı Nazirliyinin tabeliyində Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Firdovsi Fikrətzadə "Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, Nazirlik taxıl istehsalının artırılması üçün fermerlərin stimullaşdırılmasını davam etdirir:

"Fermerlərə gübrələrin güzəştlə satışı həyata keçirilir. Onlara subsidiyalar verilir. Eyni zamanda taxıl istehalında fermerlərin məsləhət və informasiya təminatı bizim üçün prioritet istiqamətlərindən biridir. Yəni düzgün aqrotexniki normala uyğun olaraq becərmə ilə bağlı təlimatlar aparırıq. Fermerlərin sertifikatlı toxumdan istifadəsi üçün toxumçuluqda ən çox subsidiya alan sahə də məhz taxıl istehsalı sahəsidir. Bu cür tədbirlərlə biz yerli istehsalın artırılması üçün tədbirlər görürük”.

Qarşıdakı illərdə istehalın artacağını düşünürsünüzmü?

Firdovsi Fikrətzadə bildirib ki, məhsuldarlığın artımı hesabına hər il buğda istehsalının artacağı gözlənilir:

"Bunu son illərin təcrübəsi də göstərir. Doğrudur, keçən il quraqlığa görə bəzi rayonlarda situatsiya fərqli oldu, amma müəyyən aqrotexniki normaların düzgün tətbiqi hesabına məhsuldarlığın və bununla da taxıl istehsalının artımını gözləyirik”.

İşğaldan azad edilmiş rayonlarımızda taxıl istehsal olunacaqmı? Bununla bağlı proqnozlar varmı?

KTN şöbə rəhbəri bildirib ki, təhlillər işğaldan azad olunmuş ərazilərin taxılçılıq üçün çox yararlı olacağını göstərir:

"Gözləyirik ki, azad olunmuş torpaqlarımızda kənd təsərrüfatı bərpa olunanda o da taxıl istehsalına müsbət təsirini göstərəcək”. Gələn il üçün bunu gözləmək olarmı? Firdovsi Fikrətzadənin sözlərinə görə, minalardan təmizləmə prosesi getdikcə, orda ərazilərin bərpası ilə paralel əkin-biçin prosesi də aparılacaq.

Xatirə Nəsirli





Həftənin ən çox oxunanları