Yuxarı

Nazim Məmmədov: “Hökumət bir-birini təkrar edən qurumlarda islahat aparmalıdır"

Nazim Məmmədov: “Hökumət bir-birini təkrar edən qurumlarda islahat aparmalıdır

nazim memmedov"Sahibkarlıq mühiti şəffaflaşdırılmalı, liberal iqtisadiyyat qurulmalıdır" Ölkədə iqtisadi inkişafın sürətləndirilməsi haqda müxtəlif instansiyalarda bir-birindən rəngarəng fikirlər səsələndirilsə də, müəyyən dairələrdə həm də iqtisadi göstəricilərin ürəkaçan olmadığı dolayısı ilə etiraf edilir. Bu günlərdə ölkənin aparıcı TV-lərindən olan ANS-ə müsahibə verən maliyyə naziri Samir Şərifov etiraf edib ki, cari ilin dövlət büdcəsinin gözlənilən icrasına nisbətən gələn ilin gəlirləri də, xərcləri də azaldılır. Gəlirlər təxminən 12% səviyyəsində, xərclərimiz isə təxminən 16% azalır. Yəni cari ilin dövlət büdcəsinin gözlənilən icrasına dair. Təsdiq olunmuş büdcəyə nisbətdə isə bu rəgəmlər müvafiq olaraq gəlirlər üzrə 25%, xərclər üzrə 22,9% təşkil edir. Bu son 10 ildə ilk dəfə olaraq növbəti ilin nəzərdə tutulan dövlət büdcəsi cari ilin dövlət büdcəsindən az həcmlərdə proqnozlaşdırılır. Nazirin sözlərinə görə, xərclərin azaldılması heç də bütün sosial həssas qruplara aid deyil. Yəni vətəndaşlara mənfi təsirdən söhbət gedə bilməz. Əsasən xərclərin azaldılması dövlət investisiya proqramlarının bir qədər kiçildilməsi hesabına baş verəcək. Bu məsələyə münasibət bildirən sabiq deputat,  iqtisadçı-ekspert Nazim Məmmədovun sözlərinə görə, Azərbaycanda maliyyə sabitliyi pozulmaqda davam edir: “Vaxtilə manatın kursunu çox stabil valyuta kimi olmasını geniş təbliğ edirdik. Dəfələrlə demişik ki, Azərbaycanda rezerv problemi olmasa da, sabit ucuz resurs problemi var. Mərkəzi Bankın və Dövlət Neft Fondunun rezervlərini xarici banklarda, maliyyə institutlarında çox ucuz faizlə uzun müddətə idarə etməyə veririk. Ancaq Azərbaycanın daxili bank sektorunda kredit resursları çox yüksək faizlə təklif olunur. Bunun səbəbləri Azərbaycanda pulun baha olmasından irəli gəlir. Bu da kommersiya banklarına ucuz resurslarına çıxışın olmamasıdır. Maliyyə naziri Samir Şərifovun çıxışında sətiraltı vurğulanır ki, Azərbaycan iqtisadiyyatının neftdən asılılığı ciddi surətdə azalmasa, milli valyuta yenidən devalvasiya ola bilər. Bunu da deməyi özümə borc bilirəm ki, ikinci devalvasiya baş verəcəyi halda onun nəticələrini aradan qaldırmağın yeganə yolu, bank sektoru da daxil olmaqla iqtisadiyatda inhisarlaşmanı aradan götürməkdən keçir. Liberal iqtisadiyyatın qurulmasından, rəqabətlilik mühitinin  Azərbaycana gətiriliməsindən keçir. Müxtəlif məmurların, jurnalistlərin  “oliqarx” adlandırdıqları şəxslərin dövlət qurumlarında oturub iqtisadiyyatı bölməklə, monopoliya yaratmaqla heç bir nailiyyət əldə etmək mümkün deyil. Məncə, jurnalistlər, QHT nümayəndələri daha çox məmurların gəlir və  əmlaklarının deklorasiyası problemlərinin üzərinə getməlidir. Şəffaflığı artırmaq üçün cənab prezidentə dəstək olsunlar. Ölkə başçısı İlham Əliyev hamıdan qanun qarşısında bir olmağı tələb edir. Cənab prezident bir neçə il bundan öncə qeyd etmişdi ki, biz cari xarcləri vergilərin hesabına formalaşdırmalıyıq. Hansı ki, onda nə iqtisadi böhran var idi, nə də neftin qiyməti aşağı deyildi. Yəni vergi bazası daha da genişləndirilməlidir. Təbii ki, Vergilər Nazirliyi həm inzibatçılığı artırmaqla, həm də maarifləndirmə işləri aparmaqla çox müsbət addımlar atır. Ancaq hər bir vergi ödəyicisinin yanına bir vergi müfəttişi qoymaq da düzgün deyil. Bu, Vergilər Nazirliyinin imkanı xaricindədir. Buna görə də vergi bazasını genişləndirmək üçün iqtisadiyyatda olan ümumi inhisarçılığı aradan qaldırmaq lazımdır. Arxasında məmur duran müəyyən holdinqləri, şirkətləri vergiyə tam cəlb edilməsini təmin etmək lazımdır. İstər maliyə naziri olsun, istərsə də Mərkəzi Bankın rəhbəri,  eləcə də digərləri çıxışlarında bu səbəblərə toxunmurlarsa, deməli, sona qədər səmimi deyillər. Qonşu Gürcüstanda büdcə gəlirlərinin təqribən 94 faizi vergi xətti ilə toplanırsa, bizdə bu rəqəm 36 faizdir. Buna görə də Dövlət Neft Fondunun vəsaitlərindən pul götürməyə məcbur oluruq. Əgər  götürməsək,  gəlirlərin azaldığı dövrdə müxtəlif layihələrin maliyyələşməsi hökumətə problem yaradacaq, ölkənin  infrastrukturunu  yeniləmək  mümkün  olmayacaq, o  zaman  sahibkarlıq  da  zəifləyəcək.  Bunları önləmək  üçün  hökumət bir-birini təkrar edən qurumlarda struktur islahatları aparmalıdır. Ən əsas sahibkarlıq mühiti şəffaflandırılmalıdır, liberal iqtisadiyyat qurulmalıdır. Çıxış yolumuz, ancaq bundan keçir”. Nazim Məmmədov onu da vurğulayır ki, idxalda monopoliyanı ləğv etmək lazımdır: “Gömrük orqanları tərəfindən yığılan ƏDV, aksiz  vergisi  və s.   Vergilər Nazirliyinin  səlahiyyətinə  verilməlidir ki, fəaliyyətləri  dövründə  sahibkarlar tərəfindən  alqı-satqı  əməliyyatlarında  ƏDV vergisi  əvəzləşdirilməsi baş versin, şəffaf  vergi  toplana  bilsin, korrupsiya  ləğv  olunsun. İdxalda  alınan  ƏDV-nin  sonradan  əvəzləndirilməsi  büdcəyə  çox  böyük  ziyan  vurur, idxalda  dəyişdirilən  qaimə-fakturalar  vasitəsi  ilə  100  milyonlarla, milyardlarla  manat  büdcədən  yayındırılır. Buna görə də eyni  funksiyaları  təkrar  edən müxtəlif qurumlar ləğv edilməlidir. Gömrük Komitəsinin vergi yığmaq funksiyası Vergilər Nazirliyinə, digər funksiyaları prosedur orqanı kimi ASAN Xidmətə verilməlidir. Eyni zamanda 2015-ci ildə olan devalvasiya heç də bizim tədiyə balansımızın mənfi olmasından irəli gəlmədi. Valyuta kursunu müəyyən edən ölkənin tədiyə balansıdır. Yəni ölkədən çıxan valyutanın həcmi ilə, daxil olan valyuta arasındakı fərqdir. Bu fərq əvvəl də müsbət idi, hələ ki, indi də müsbətdir. Milli valyutanın kursunu banklararası valyuta birjası müəyyən etmədiyinə görə, Mərkəzi Bankın bir gecədə kurs müəyyən etməsini süni devalvasiya adlandırıram. Bu, iqtisadi əsası olmayan bir devalvasiya idi. Bizim əsas ixrac məhsulumuz neft olduğuna görə, ölkəyə gələn əsas valyuta gətiricisi də neft sektorudur. Əgər neft sektorunda qiymət kifayət qədər aşağı düşsə, uzun müddət resurslarımız az olsa, təbii ki, onda iqtisadi devalvasiya mümkündür. Ancaq manatın devalvasiyasını ixracı stimullaşdırmaq kimi qələmə verənlərə çox sərt təpki göstərmək lazımdır. Tək manatın ucuzlaşması ilə iqtisadi fəallığı artırmaq mümkün deyil. Heç vaxtı heç bir ölkə buna nail olmayıb. Buna görə də kompleks addımlar atılmalıdır. Yəni iqtisadiyyat liberallaşdırılmalıdır, Mərkəzi Bank və Dövlət Neft Fondu tərəfindən idarə olunan rezervlərin bir hissəsi Azərbaycana gətirilib idarə edilməyə verilməlidir. Kredit faizlərini aşağı salaraq iqtisadi fəallığı artırmaq lazımdır. Eyni zamanda sahibkarlara siyasi, maddi və mənəvi dəstək olunmalıdır. Güman edirəm bunlar olsa, Azərbaycan sahibkarı daha çox fəallaşar, yeni iş yerləri açar. Çox pul qazanan sahibkar daha çox vergi ödəyəcək, vergi ödənilən zaman dövlət büdcəsinin gəlirləri artacaq. Bu, elementar bir məfhumdur. Neftin qiymətinin aşağı düşdüyü ərəfələrdə daha çox qeyri-neft sektorunu stimullaşdırmalıyıq ki, sahibkarlara azadlıq verək. Vergilərdən başqa sahibkarla heç bir qurum təmasda olmamalıdır”.   Yeganə Oqtayqızı





Həftənin ən çox oxunanları