Yuxarı

Putin neft ixracatçısı olan ölkələri müharibəyə cəlb etmək istəyir

Putin neft ixracatçısı olan ölkələri müharibəyə cəlb etmək istəyir

[caption id="attachment_1246" align="alignleft" width="282"]qulu-ib Qulu İbrahimli: “Hərbi əməliyyatların ağırlıq mərkəzi neft istehsal edən və neftin daşındığı bölgələrə keçəcək”[/caption] Dünya bazarında neftin qiyməti durmadan artır. Bir çox ekspertlər bunu Rusiyanın Suriyaya hərbi müdaxiləsinin nəticəsi kimi dəyərləndirirlər. Ehtimal olunur ki, Rusiyanın Suriyaya girmə məqsədlərindən biri də, İŞİD-in əlində olan neft mərkəzlərinə nəzarəti ələ keçirmək, bununla da bu terror təşkilatının qara qızılı Qərbə ucuz qiymətə satmasının qarşısını almaq, nəticədə neftin qiymətinin qalxmasına nail olmaqdır. Qeyd edək ki, əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə  0,79 dollar bahalaşaraq  49,32 dollar təşkil edib.   Brend markalı neftin 1 barelinin dəyəri 0,54 dollar bahalaşaraq 52.46 dollar olub. Britaniyanın "The Telegraph” qəzeti isə yazır ki, hazırkı vəziyyətdə Rusiyanın Suriyada hərbi əməliyyatlar keçirməsi neftin qiymətlərinin daha da artması ilə nəticələnə bilər. Qəzet yazır ki, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Qətər və Küveyt tərəfindən neft qiymətlərinin aşağı salınması Rusiya iqtisadiyyatına neqativ təsir edir. Əgər bu tendensiya gələn il də qalsa, onda rusların öz liderlərinə qarşı xeyli sayda sualı meydana çıxacaq. Nəşr vurğulayır ki, Suriyaya aviazərbələr endirmək Rusiyanın onu müflis olmaq həddinə çatdırmaq istəyən ABŞ-la yerlərini dəyişmək cəhdidir. Suriyada hərbi kampaniya regionda gərginliyin artması ilə nəticələnir və Suriya müxalifətini dəstəkləyən Səudiyyə Ərəbistanı, onun tərəfdaşlarına maliyyə təzyiqi edir. Bu cür vəziyyət Səudiyyə Ərəbistanının neft hasilatını azaltmaqla nəticələnə bilər ki, bu da sonda neft qiymətlərini artıracaq. “Suriyada gərginləşən vəziyyət yeni situasiya yaradır” "The Wall Street Journal” qəzeti yazır ki, bu ölkənin Dövlət Neft Şirkəti olan "Saudi Aramco”nun alıcılara göndərdiyi son qiymət cədvəlində qeyd olunub ki, Asiyaya tədarük qiyməti hər barrelə 1,7 dollar azalıb. "Saudi Aramco” həmçinin Uzaq Şərq üçün qiyməti 2 dollar, ABŞ üçün 30 sent ucuzlaşdırıb. Qəzet yazıb ki, dünyada iki ən böyük neft istehsalçısı Rusiya və Səudiyyə Ərəbistanı həmçinin sentyabrda neft istehsalını da artırıblar. Rusiya neft hasilat rekord həddə - gündəlik 10,74 milyon barrelə, Səudiyyə Ərəbistanında isə hasilat son aylarda gündəlik 10 milyon barrelə çatıb və hasilata investisiyasını artırmaq niyyətindədir. Bu şəraitdə öz iddialarını reallaşdırmaq baxımından Rusiya üçün neftin yüksək qiyməti olduqca sərfəlidir. Səudiyyə Ərəbistanı isə Suriyada maraqlarını reallaşdırmaq və neftin qiymətini aşağı salmaq üçün qiymətlərdə ucuzlaşmaya gedir və bu məsələdə Qərb tərəfindən dəstəklənir. Amma Yaxın Şərqdə, xüsusən də Suriyada gərginləşən vəziyyət yeni situasiya yaradır və neftin qiymətini yüksəldir. Ekspertlər Suriya gərginliyinin belə davam edəcəyi, Yəməndə, Liviyada, İraqda vəziyyətin xaotik şəkildə qalacağı təqdirdə neftin qiymətinin hətta 100 dollara yüksələ biləcəyini belə istisna etmirlər. Rusiyanın energetika naziri Aleksandr Novak bildirib ki, 2016-cı ildə neftin bir bareli 60-70 dollara qədər qalxa bilər: "Neftin qiymətində yüksək dəyişkənlik var. Gələn ilə qiymətlərin 60-70 dollara qədər qalxacağı gözlənilir. Mənə elə gəlir ki, perspektivdə orta qiymət 50 dollardan aşağı olmayacaq”."LUKoil” şirkətinin vitse-prezidenti Leonid Fedun isə daha optimist məbləğ səsləndirib. Şirkətin təxminlərinə görə, neftin bir barelinin qiyməti 80-100 dollara qədər qalxa bilər. “Siyasi amillərin təsiri az deyil” İqtisadçı ekspert Pərviz Heydərov “Cumhuriyət”ə açıqlamasında bildirib ki, neftin qiymətinin formalaşması təkcə siyasi amillərdən asılı deyil. Onun sözlərinə görə, son 2 ilə yaxın müddət ərzində ucuzlaşmaya əsas səbəblərdən biri kimi bazarda təklifin tələbi üstələməsi faktoru da təsir etməkdədir: “Məsələn, real olaraq qiymətlərin 50 dollardan aşağı olmasında dünyanın bir sıra nəhəng aparıcı iqtisadiyyata malik ölkələrində müvafiq geriləmə mühüm rol oynayır. Bununla belə, sözsüz ki, siyasi amillərin də təsiri az deyil. Belə ki, dünya bazarlarında "qara qızılın" ucuzlaşmasında onu idxal edən ölkələrin bilavasitə maraqlı olduqları, Rusiya kimi ölkələrin isə maliyyə gəlirləri baxımdan "belləri qırıldığı" aydın məsələdir. Bu baxımdan, bir ara ucuzlaşmanın məhz ABŞ ilə Səudiyyə Ərəbistanı arasında qarşılıqlı gizli razılaşmanın nəticəsi olduğu da təsadüfi söylənilmirdi. Elə Rusiyanın bu günlərdə Suriyada aşkar hərbi əməliyyatlara baş vurması da bu fikri növbəti dəfə təsdiqləməyə imkan verir”. Ekspert hesab edir ki, Moskvanın bu addımı atmasında həm də regionda əsas neft ixracatçısı olan ölkələri dərin hərbi əməliyyatlara cəlb etmək məqsədi dayanır: “Məlumdur ki, ərəb ölkələri Bəşər Əsəd rejiminin əleyhinədirlər. Onlardan hər hansı birinin Suriyadakı münaqişəyə açıq müdaxiləsi neftin qiymətinin ucuzlaşmasının nəinki qarşısını ala, əksinə bahalaşdıra bilər. Ancaq vəziyyətin məhz qeyd olunan istiqamətdə inkişaf edəcəyi isə hələ sual altındadır. Odur ki, hadisələri izləmək tələb olunur. Hesab edirəm ki, neftin qiymətini ucuzlaşdırmağa doğru çəkib aparan iqtisadi səbəblər hər halda indi daha çoxdur və sıraya Rusiyanın Suriyaya hərbi müdaxiləsi də daxil olmaqla mövcud siyasi faktorlarla müqayisədə daha güclüdür”. İqtisadçı ekspert Qulu İbrahimli isə hesab edir ki, dünya bazarında neftin hazırkı aşağı qiyməti əslində birjada deyil, məhz "qara bazar"da təşəkkül tapan qiymətdir və ədalətli dəyəri əks etdirmir. Qulu İbrahimli hesab edir ki, məhz neftin birjadan kənar, "qara bazar"da tranziti və satışının genişlənməsi birja qiymətlərinin də ədalətli dəyərdən uzaqlaşmaqla aşağı düşməsinə təsir göstərib: "Görünür, neftin kəskin aşağı düşməsindən iqtisadiyyatı əziyyət çəkən Azərbaycan kimi, Rusiya da neftin "qara bazar"ının aradan qalxmasına maraqlıdır. Ona görə də Suriya və İraqda suveren dövlətlərin bərpa olunması və İŞID kimi terror qruplaşmalarının sıradan çıxması üçün hərbi müdaxiləyə əl atmağa məcbur qaldı. Deyərdim ki, SHELL-in timsalında hətta beynəlxalq neft şirkətləri də "qara bazar"dan əziyyət çəkməyə başlayıb". Qulu İbrahimlinin fikrincə, hazırda Rusiya ictimai diqqəti "terrorçuların məskunlaşdığı bölgələri" bombardıman etdiyi fikri üzərində cəmləməyə yönəltsə də, yaxın vaxtlarda hərbi əməliyyatların ağırlıq mərkəzini Suriya və İraqın neft istehsal edən və neftin daşındığı bölgələrinə keçirəcək: "Artıq İŞİD-in Rakkadan Mosula çəkildiyi xəbərləri yayılıb. Çox güman ki, yaxın günlərdə ruslar bu istiqamətdə də əhəmiyyətli irəliləyişlər əldə edəcək: həm neft çıxarılan bölgələr, həm də daşınmanın həyata keçirildiyi yollar bombalanacaq".   Cavad





Həftənin ən çox oxunanları