Yuxarı

Bədbin proqnoz: “Vəziyyət sürətlə pisləşir”

Bədbin proqnoz: “Vəziyyət sürətlə pisləşir”

milli-meclisMilli Məclisin plenar iclasında 2016-cı il üçün dövlət büdcə zərfinin müzakirəsi zamanı Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin sədri Elman Rüstəmov bir çox vacib məsələlərə toxunub. O qeyd edib ki, 2014-cü ildə AMB-nin valyuta ehtiyatları 15 mlrd. dollar olub. Baş bankir əlavə edib ki, çevik məzənnə siyasətinə keçidlə bağlı məsələlər ciddi araşdırılır: "Məzənnəyə təsir edən başlıca amillər ölkədən, milli iqtisadiyyatdan kənarda formalaşır. Müxtəlif çevik məzənnə siyasəti çoxdandır ki, AMB-nin gündəliyindədir. Bu məsələlər ciddi araşdırılır. Əlaqədar beynəlxalq təşkilatlarla geniş müzakirə edilir”.

İqtisdadçı ekspert Qubad İbadoğlu bildirir ki, parlamentdə büdcə müzakirələri zamanı Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin sədri Elman Rüstəmovun çıxışında səsləndirdiyi faktlar Azərbaycan iqtisadiyyatında mövcud durumun sürətlə pisləşdiyini göstərir: “Bu çıxışda diqqəti çəkən 2 neqativ tendensiyaya və 1 məqama münasibət bildirmək istərdim. AMB sədri çıxışında səsləndirib ki: 1) “2011-ci ildə tədiyyə balansı 17 milyard dollar idi. 2015-ci ilin sonun tədiyyə balansının 2 milyard dollar olacağı gözlənilir. Başqa sözlə, tədiyyə balansı 2011-ci illə müqayisədə 8 dəfə az olacaq”. 2) “2014-cü ildə AMB-nin valyuta ehtiyatları 15 milyard dollar olub. İndi dollarlaşma səviyyəsi 10 il əvvəlki səviyyədədir. Hazırda AMB-nin valyuta ehtiyatları 7 milyard dollardır.” E.Rüstəmovun qeyd etdiyi maraqlı məqam isə çevik məzənnə siyasətinə keçidlə bağlı məsələlərin ciddi araşdırılması ilə bağlıdır: “Bu siyasətə keçid texniki hazırlıq və soyuqqanlı yanaşma tələb edir. Bununla bağlı beynəlxalq təşkilatlarla müzakirələr aparırıq”.

O əlavə edib ki, AMB sədrinin bu çıxışını çevik məzənnə siyasətinə keçid mesaji kimi də dəyərləndirmək olar: “Çünki 21 fevral devalvasiyası qarşıya qoyulan məqsədlərə çatmaq üçün yetərli olmadı. Devalvasiyadan sonrakı dövrdə nə makro-iqtisadi səviyyədə (ixrac potensialının genişlənməsi, rəqabət qabliyyətliliyinin artırılması), nə də pul-kredit göstəricilərində müsbət dəyişikliklər müşahidə olunmadı. Belə ki, ötən dövrdə kredit qoyuluşlarının həcminin azalmasına baxmayaraq, geri qayıtmayan problemli kreditlərin həcmi artdı. Bankların cəlb etdiyi əmanətlərin səviyyəsi aşağı düşməsi ilə yanaşı onun valyuta tərkibində dollar hökmran mövqeyə çıxdı. Hər iki tendensiyanın davamlı olması AMB-dən yeni addımlar atmağı tələb edir.

“Məzənnənin tənzimlənməsinin 2 yolu qalıb”

Odur ki, AMB sədri parlament kürsüsündən başqa alternativlərlə bağlı araşdırmalar apardıqlarını bəyan etdi. Hesab edirəm ki, AMB manatın sabitləşməsinə təmin edəcək çoxlu varinatlar üzrə seçim qarşısında deyil. Burda məzənnənin tənzimlənməsinin 2 yolu qalıb. Onlardan biri valyuta bazarına müdaxilələr yolu ilə hazırkı inzibati tənzimləmə siyasətini davam etdirməklə AMB-nin malik olduğu 7 milyard dolları da qısa müddətə xərcləmək, ikincisi isə valyuta bazarına müdaxiləyə son qoyaraq manatın məzənnəsinin tənzimlənməsini bazaq iştirakçılarının ixtiyarına vermək. İkinci yanaşma yeni olduğuna görə ona keçid hazırlığı tələb edir. Əks tədqirdə, 21 fevral devalvasiyasından sonra manatın qiymətdən düşməsi, dəyərini və etibarını itirməsi onun bazar tənzimlənməsi zamanı ucuzlaşmasını şərtləndirə bilər. Buna yol verməmək üçün yenidən devalvasiya keçid dövrünün tədbirlərindən biri ola bilər”.

iqtisadiyatİqtisadçı ekspert Vüqar Bayramov deyib ki, büdcə gəlirlərinin azalması müəyyən mənada gözlənilən idi: “Ona görə ki, neftin dünya bazarında qiyməti aşağı düşürsə, Azərbaycan dövlət büdcəsinin 65%-i neft sektorunun hesabına formalaşırdısa, bu o deməkdir ki, büdcə gəlirlərinə təsirsiz ötüşməyəcək. Neftin dünya bazarında qiymətinin azalması fonunda hökumət çalışır ki, qənaət etsin. Dövlətin ən mühüm strategiyası vəsaitlərə qənaət etməkdən ibarətdir. Vəsaitlərə qənaət etmək eyni zamanda Dövlət Neft Fondundan dövlət büdcəsinə ayrılmalara da öz təsirini göstərir. Hökumət çalışır ki, Dövlət Neft Fondundan dövlət büdcəsinə ciddi ayırmalar etməsin. Ona görə ki, neftin dünya bazarındakı qiyməti ilə bağlı nikbin və aydın proqnoz yoxdur. Neftin dünya bazarındakı qiymətinin formalaşması həm də siyasi faktorlarla bağlı olduğu üçün neftin dünya bazarındakı qiyməti uzun müddət aşağı ola bilər. Neftin dünya bazarındakı qiyməti aşağı olduqca bu, dövlət gəlirlərinə təsir göstərəcək”. Onun fikrincə, hökumət büdcə siyasətini yeni dövrə və yeni mərhələyə uyğunlaşdırmalıdır: “Büdcə investisiya rolunu oynamamalıdır. Büdcə sosial büdcə rolunu oynamalıdır. Avropa ölkələrində büdcə ayrılmalarının orta hesabla 80%-i sosial proqramların maliyyələşdirilməsinə yönəldilir. Büdcənin rolu sosial xərclərin ödənilməsi və sosial proqramların maliyyələşdirilməsi istiqamətində olmalıdır. Büdcə çalışmalıdır ki, əməkhaqqı və pensiyalar ödənilsin. Artıq investisiyanı özəl sektor həyata keçirməlidir. 2016-cı ilin dövlət büdcəsi həm də hökumət tərəfindən bir mesaj kimi qiymətlənidirilməlidir. Artıq hökumət gələn il, ölkə başçısının qeyd etdiyi kimi sahibkarlığın inkişafında əngəllərin qaldırılması istiqamətində işləri genişləndirməlidir. Büdcə kiçilib, bunun obyektiv səbəbləri var. Gələcəkdə də büdcədə investisiya imkanları ilə bağlı azalmalar olacaq. İnvestisiya imkanları azaldıqca özəl sektor bu işi görməlidir. Özəl sektorun investisiya layihələri həyata keçirməsi üçün biznes mühitini yaxşılaşdırmaq, özəl sektora yersiz müdaxilələri aradan qaldırmaq lazımdır. Ölkə prezidentinin dediyi kimi, lisenziyaların sayının azaldılmasına ehtiyac var”.

“Monopoliya aradan qaldırılmalıdır”

Ekpsertin sözlərinə görə, İdxal və ixracdakı monopoliyanı aradan qaldırmaq lazımdır: “2016-cı ilin dövlət büdcəsinin verdiyi mesaj ondan ibarətdir ki, biznes mühitinin yaxşılaşdırılması istiqamətində ölkə prezidentinin də ötən müşavirədə qeyd etdiyi bütün tapşırıqlara əməl edilməlidir. Hökumət çalışmalıdır ki, investisiyaları büdcədən kənar mənbələr hesabına təmin etsin. Buna nail olmaq mümkün olacaqsa, özəl sektorun investisiya imkanları artacaqsa, büdcənin kiçildilməsi iqtisadiyyata təsir göstərməyəcək. 2016-cı ilin dövlət büdcəsinin müəyyənləşdirdiyi əsas mesaj sahibkarlıq fəaliyyətinə mane olan bütün süni maneələrin aradan qaldırılmasıdır. Hökumət nümayəndələrinin çıxışları fərqli tondadır. Bəzi hökumət nümayəndələri devalvasiyada maraqlı deyillər, bəziləri isə ehtiyac olduqda yeni devalvasiyaya gedilməsinə ehtiyac görür. Birmənalı şəkildə yeni devalvasiya Azərbaycan iqtisadiyyatına mənfi təsir göstərəcək. Əsasən də banklar və özəl sektor bundan əziyyət çəkəcək. Ona görə də, hökumət çalışmalıdır ki, yaxın zamanlarda devalvasiya olmasın".

Cavad





Həftənin ən çox oxunanları