Yuxarı

Zeytunçuluq: Potensial və perspektivlər nə vəd edir?

Zeytunçuluq: Potensial və perspektivlər nə vəd edir?

zeytun

Ekspertlər bu sahəni inkişaf etdirməklə həm dövlətin, həm təsərrüfatçıların böyük gəlir əldə etməsinin mümkün olduğunu deyir

Məlum olduğu kimi, ölkə prezidenti İlham Əliyev hökumətin son müşavirəsində qeyri-neft sektorunun inkişafının sürətləndirilməsinin və dövlət büdcəsində bu sektordan gələn gəlirlərinin artırılmasının vacibliyini bildirdi. Dövlət başçısı bu sahədə əsas potensial və perspektivlərin aqrar sektorda olduğunu da qeyd edib. Azərbaycan iqtisadiyyatının aqrar sektorunda ən unikal və perspektivli sahələrdən biri də zeytunçuluqdur.

Çox qədimlərdən Azərbaycanda yetişdirilən zeytun təkcə qida vasitəsi deyil, həm də dərman vasitəsidir. Dözümlü, uzunömürlü olan bu bitki bol məhsul verməsi ilə seçilir. Azərbaycanda zeytunçuluğun böyük potensialı var, lakin təəssüf ki, hələlik bu potensialdan tam istifadə edilmir. Bəs zeytunçuluq iqtisadi baxımdan nə vəd edir, bu sahədə hansı problemlər, hansı perspektivlər var? Bu yazımızda həmin suallara cavab axtarmışıq.

Azərbaycanda zeytunçuluğun iqtisadi əhəmiyyəti

Zeytun sənaye əhəmiyyətli spesifik bir sahə olaraq dünyanın bəzi ölkələrində mühüm gəlir mənbəyidir. İspaniya, İtaliyada 2 milyon hektar, Türkiyədə 1 milyon hektardan çox zeytun bağları var. Bu ölkələr zeytun meyvəsindən və onun emalından yüz milyonlarla gəlir əldə edirlər. Respublikamızda zeytunçuluq üzrə ilk təsərrüfat 1949-cu ildə Zığda təşkil edilib. Abşeron Zeytun Sovxozuna məxsus bu bağdan 1955-ci ildə 7 tona qədər meyvə yığılmışdı.  80-ci illərdə zeytun bağlarından ildə təxminən 2000 tona yaxın məhsul yığılırdı. Həmin dövrdə Azərbaycanda zeytun bağlarının ümumi sahəsi 3 min hektar təşkil edib. Lakin, Sovet İttiqafının süqutundan sonra- 90-cı illərdə digər istehsal sahələri kimi, zeytunçuluq da tənəzzülə uğradı. Torpaqlar özəlləşdirildikdən sonra zeytun ağaclarının xeyli hissəsi sıradan çıxarıldı və  yerdə qalan  bağların məhsuldarlığı da qayğısızlıq ucbatından aşağı düşdü. Zeytun bağlarının tutduğu ərazi yarıbayarı azaldı.

Son illərdə yeni bağlar salınıb. Hazırda zeytun sahələri 2 min hektardan yuxarıdır. Hər hektardan məhsuldarlıq isə 20 sentner ətrafında dəyişir. İldə 60-70 ton arasında zeytun yağı istehsal olunur. Azərbaycan istehsalı zeytun məhsulları xarici ölkələrdə də tanınır. Bu sahədə ən iri istehsalçı “Azərsun Holdinq” Şirkətlər Qrupudur. Bu şirkətin məhsulları Azərbaycanla yanaşı, Rusiya, Gürcüstan, Qazaxstan və Avropa ölkələrində də satışa çıxarılır.

Zeytunçuluğun inkişafını sürətləndirmək üçün nə etməli?

Kənd Təsərrüfatı mütəxəssisi Vahid Məhərrəmovun fikrincə, emalın genişləndirilməsi, istehsalın artması üçün yeni bağlar salmaqla yanaşı, köhnə bağların bərpası da effektiv ola bilər: “Təəssüflər olsun ki, bir çox sahələrdə məhsuldar ağaclar qırılaraq yaşayış yeri inşa edilib, kafe və ya restoran tikilib. Bu sahə gəlir səviyyəsinə görə yüksəkdir, ona görə də bu sahəyə daha çox qayğı göstərmək lazımdır, nəinki ağacları məhv edib yerində tikililər inşa etmək”.

Ekspert deyir ki, zeytunçuluğun inkişafında bir neçə əsas şərt var: “Onlardan biri odur ki, böyük sahələr lazımdır. Məsələn, pay torpağında zeytunçuluğu inkişaf etdirmək səmərə verməz, ona görə ki,  gərək onu yığdırıb emal etdirəsən, müəssisələrə vermək üçün. Bizim bir çox fermerin emal etmək üçün imkanı və şəraiti yoxdur. Belə olanda pay torpağında istehsal az olur və burda qazancı daha çox emalla məşğul alan sahibkar qazanacaq. Kiçik sahələrdə bu üsulla məşğul olmaq fayda vermir, ona görə də çalışmaq lazımdır ki, zeytun plantasiyaları yaradılsın, pay torpaqları olan sahibkarları birləşdirib böyük bir zeytun bağı yaratmaq olar”. Mütəxəssis vurğulayır ki, bu sahəyə dövlət dəstəyi güclənməlidir: “Hökumət gərək bu sahəyə subsidiya ayırsın, çünki bu sahə əhalinin məşğulluğunu təmin edəcək. Burda həm bağbanlar özünə iş tapa bilər, həm emal sahəsində işlər yaranar, məhsulun satışını həyata keçirə biləcək insanlar bu işə cəlb oluna bilər. Hökumət bu istiqamətdə xüsusi proqram qəbul etməlidir”.

“Bizim üçün böyük bazar var, o bazarda möhkəmlənməliyik”

Ekspert deyir ki, Rusiya bazarında zeytun məhsulları ixracı üzrə keçmiş SSRİ respublikaları arasında Azərbaycanın payı 80 faizdir: “Digər ölkələrin ümumilikdə payına isə 20 faiz düşür. Bu da onu göstərir ki, digər ölkələrdə zeytunçuluq elə də inkişaf etməyib. Bizim artıq bazarımız var, qalır bu bazarda  daha böyük nailliyyət əldə etmək. Bunun üçün bizə bu sahəni genişləndirmək, məhsuldarlığı artırmaq lazımdır. Abşeronda bu imkan yaradılsa, yarımadanın ekologiyasına da müsbət təsirləri olar. Hesab edin ki, bu, sadəcə, bir gəlirli təsərrüfat sahəsi deyil, həm də böyük bir meşədir. Zeytun Azərbaycanın iqlim şəraitinə yaxşı uyğunlaşır və dözümlüdür. Küləyə və istiyə dözür. Emal olunan məhsullardan həm də əczaçılıqda istifadə edilir”.

Hamı yerli zeytun alsın? Niyə?

Mağazalarda apardığımız müşahidələr, satıcılarla söhbətimiz göstərdi ki, son vaxtlar yerli zeytun məhsullarına maraq artıb. Buna bir sıra mühüm faktorlar  təsir göstərir. Əvvəla, yerli zeytun yağı və konservləşdirilmiş meyvəsi xarici analoqlarından 2 dəfə ucuzdur. Məsələn, 1 litrlik yerli yağlar 6-7 manat aralığında satılır, xarici yağların isə yarm litri bu qiymətədir.

İkincisi, bir çox alıcılar yerli zeytunun daha keyfiyyətli olduğunu başa düşürlər. Yerli zeytun yağına üstünlük verənlər düşünürlər ki, Abşeron zeytunu daha yağlı, daha dadlı, ondan əldə edilən yağ isə daha keyfiyyətlidir. Hesab edirlər ki, xarici ölkələrdə zeytun təsərrüfatlarına məhsuldarlığı süni şəkildə artırmaq üçün kimyəvi dərmanlar çox vurulur. Nəticədə təbilliyi və xeyirliliyi itir. Zeytun turşusu da çoxlarının gündəlik istifadə etdiyi məhsuldur. Hazırda yerli zeytun turşusunun kq-ı 2-3 manat, xarici ölkələrdən gətirilənlərin kq-ı isə 5-6 manatdır. Bakı və Abşeronda xeyli sayda sahibsiz zeytun ağacları olduğundan bəzi şəxslər bu meyvələri yığır və turşu düzəldib mağazalara satırlar.

“Zeytunçuluğu gəlirli sahəyə çevirmək mümkündür”

Ekspertlərin fikrincə, əgər Azərbaycanın dünya bazarına ekoloji cəhətdən təmiz zeytun məhsulları ilə daha böyük miqyasda çıxması üçün çox gözəl perspektivi var. Keçmiş aqronom Sabir Əhmədov deyir ki, Abşeron torpağı zəif torpaq hesab olunur, ona görə də biz çalışmalıyıq ki, bu torpaqda qida elementlərini artıraq: “Buna da üzvü gübrələrin verilməsi hesabına nail olmaq olar. Bitki qalıqlarını yığıb onların çürüdülməsini həyata keçirmək və onu zeytun bağlarına vermək lazımdır ki, torpaqda olan mikroorqanizmlər həmin üzvü maddələri qeyri-üzvü minerallara çevirib bitkiyə ötürə bilsin”.

Ekspert deyir ki, əhali arasında xüsusilə maarifləndirmə işləri aparılmaldır, fermerlər və sahibkarlar bilməlidir ki, hansı hallarda daha keyfiyyətli məhsul almaq olar: “Bəzən biz deyirik ki, Azərbaycan rəqabət qabiliyyətli məhsul istehsal edə bilmir, amma bunu etmək üçün bizim kifayət qədər potensialımız var, fermerlərə istiqamət verməli, yönləndirməliyik”.

Zeytunçuluğu daha da inkişaf etdirməklə bu sahədə idxala son qoymaq, əhalini daha keyfiyyətli, daha ucuz zeytun yağı və konservləri ilə təmin etmək, həmçinin bu məhsulları ixrac etmək olar ki, bu da öz növbəsində həm bu sektordan gələn gəlirlərin artmasına, həm də bazarda ucuzluğun yaranmasına səbəb olacaq. Bundan ən çox bəhrələnən ilk növbədə təbii ki, ölkə əhalisi olacaq. Keyfiyyətli, zəngin tərkibli, müalicəvi zeytun meyvəsi və yağı ilə qidalanmaq insanlarımızın sağlamlığına öz müsbət təsirini göstərəcək. Son nəticədə isə bu ölkə iqtisadiyyatının qeyri-neft sektorunda əhəmiyyətli və perspektivli bir sahənin inkişafına öz töhfəsini verəcək.

Elçin Bayramlı





Həftənin ən çox oxunanları