Yuxarı

Dünya əhalisi sağlam qocalmır

Dünya əhalisi sağlam qocalmır

ehali

Hər il dünyada qeydə alınan 57 milyon ölüm halının yarısı 60 yaşı olanların payına düşür

Dünya əhalisi sürətlə yaşlanır və onları əvəz eləyəcək gənc nəsil yetərli deyil. Əsasən Avropa ölkələrində doğum faizi aşağı düşdüyü üçün ciddi demoqrafik problemlər yaranır. Yaşlanan insanların əksəriyyəti də xəstə qocalır. Maddi problemlər, karyera qurmaq həvəsi ailələrin çox vaxt 1 uşaqla kifayətlənməsinə, bəzən isə ümumiyyətlə, uşaqsız olmasına səbəb olur. Qocalan əhalinin yeri boş qalır, orta yaşlı peşəkarlar qocalanda onların yerini dolduracaq gənclər azdır. Bir vaxtlar ölkəyə köç edən miqrantlara qarşı ciddi qanun-qadağa yaradan bir çox Avropa ölkəsi indi bu qadağaları yumşaltmağa doğru addımlar atır.

Çünki ölkəyə nə qədər gənc axın etsə, əhali bir o qədər cavanlaşacaq. Ümumdünya Sağlamlıq Təşkilatı insanların uzun ömür sürdüyünü, amma sağlam yaşlanmadığı barədə bir araşdırma yayımlayıb. Bildirilir ki, 2050-ci ilə qədər yaşı 60-dan çox olan insanların sayı iki dəfə artaraq 2 milyarda çatacaq.Hazırda dünyada 900 milyon 60 yaşlı və daha çox yaşı olan insan olduğunu yazan ÜST mütəxəssisləri bildirir ki, bir çox ölkədə hər 5 insandan biri 60 və ya daha çox yaşı olanlardır.

Hesabatda bildirilir ki, insanlar uzunömürlülüyü əldən verməsə də, xəstə yaşlanırlar. Qocalan əhalinin bir qismi sağlam və rahat bir həyat sürsə də, əksəriyyət ciddi sağlamlıq problemləri ilə üzləşir. Kapitalizmin hakim olduğu bir çöx ölkədə sağlamlıq xidmətlərindən, xəstəxana və dərman problemlərindən əziyyət çəkən insanlar xəstəliklə təkbaşına mübarizə aparırlar. Aşağı və orta gəlirlərə sahib olan bu insanların pulu çox zaman dərmanlara yetmədiyi üçün ömrünü yarıda qoymalı olur.

Təşkilat dünya ölkələrinin sağlamlıq qurumlarına yaşlı və yaşlanmaqda olan nəslin sağlamlıq problemləri ilə ciddi məşğul olmağa, qocalan nəslin sağlam qocalmasına şərait yaratmağa çağırır. ÜST hesabatında qocaların sağlamlıq problemlərini ödənişsiz həll etməyə, sağlamlıq qurumlarının bu sahədə olan mövcud qanunlarına əl gəzdirməyə, şəhərlərin qocalara uyğun iqlimlərdə salınmasına və yaşlı insanların sosial həyatının nəzarətdə olmasına diqqət etməyə çağırır. Birləşmiş Millətlər Təşkilatının eyni təyinatlı araşdırmasında isə bildirilir ki, yaşlı insanlar daha zəhmətkeş olsalar da, dünyada daha çox etinasızlıqla və diqqətsizliklə üzləşirlər. Bəzən zorakılığa məruz qalan qocaların intihara əl atması da dünya əhalisinin getdikcə gəncləşməsinə və təbiətin balansının pozulmasına səbəb olur. BMT-nin hesabatında bildirilir ki, hazırda dünyada orta yaş qrupu 26-dır. Dünyada ən gənc əhalisi olan ölkə isə Yəməndir. Bu ölkədə orta yaş 15 olduğu halda Yaponiyada bu rəqəm 41-dir. BMT-nin ekspertləri 2050-ci ildə dünyanın orta yaş qrupunun 36-ya yüksələcəyini təxmin edirlər. Həmin illərdə ən gənc əhali Nigeriyada, ən yaşlı əhali isə İspaniyada olacaq. Ekspertlərə görə, insanların uzun yaşaması həm həyat tərzindən, həm də ətraf mühitin təsirindən asılıdır. Hesabatda bildirilir ki, bütün dünyada qadınlar kişilərdən daha çox yaşayır, lakin iki ölkə  - Pakistan və Banqladeş istisna edilməklə.

Bildirlir ki, oğlan uşaqlarının orqanizmi qızlara nisbətən daha zəif olduğu üçün yoluxucu xəstəliklərə daha çox məruz qalırlar. Ekspertlərin yazdıqlarından belə bir nəticə ortaya çıxır ki, Avropa ölkələrinin əhalisi sürətlə yaşlanır, bu ölkələrin gənc qismi isə doğuş sayını minimuma endirib, bu səbəbdən Avropa yaxın gələcəkdə ciddi problemlərlə üzləşəcək. Əvvəllər mövcud olan qanunları nisbətən yüngülləşdirən bir çox Avropa ölkəsi gənc miqrantları öz ölkələrində yaşamaq və işləmək üçün cəlb etməyə maraqlıdır. Dünya əhalisi daha çox inkişaf etmiş yox, inkişaf etməkdə olan ölkələrdə sürətlə yaşlanır və qocalarkən maddi problemlər sağlamlıq problemlərinə səbəb olur. BMT-nin hesabatında həmçinin dünya əhalisinin 2050-ci ildə 9,7 milyarda, 2100-cü ildə isə 11,2 milyarda çatacağı bildirilir. 2050-ci ilə qədər bütün dünyada əhali artımın yarısının Hindistan, Nigeriya, Pakistan, Konqo Cümhuriyyəti, Efiopiya, Tanzaniya, ABŞ, İndoneziya və Uqanda tərəfindən reallaşdırılacağını iddia edən ekspertlər 2022-ci ildə Hindistan əhalisinin sayı Çin əhalisinin sayını ötəcəyini proqnozlaşdırırlar.  Qeyd edək ki, bir ölkənin əhalisinin tərkibinin təbii yolla dəyişməsi üçün doğuş sürətinin ən az  2,1 faiz olması vacibdir. Azərbaycanda isə ölkə əhalisinin 1,3%-lik artımı var. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatlarında bildirilir ki, ölkəmizdə hər min nəfərə 13 nəfər artım var. Bu 2020-ci ilə kimi Azərbaycan əhalisinin 10,2 milyona qədər artacağını göstərir. Məlumata görə, Azərbaycanda son dövrlərdə uşaqların doğum ardıcıllığında üçüncü, dördüncü, beşinci uşaqların doğulması faizi aşağı düşüb. Belə ki, 2013-cü ildə doğulan 172 671 uşaqdan yalnız 756-sı dördüncü, beşinci uşaqlardır. Bu, təqribən 0,44% təşkil edir.  Bu gün Azərbaycanda əhalinin tərkibində 65 yaş və ondan yuxarı olanların xüsusi çəkisi 90-cı ildəki 4,8%-dan hazırkı 5,8%-ə yüksəlib. Ümundünya Sağlamlıq Təşkilatının hazırladığı hesabata görə, dünyada bütün ölümlərin 63 faizi xroniki xəstəliklər səbəbindən olur. Bu, hər il 57 milyon ölüm deməkdir. Bu ölümlərin 36 milyonu ürək, qan-damar, şəkərli diabet, xərçəng xəstəliklərindən baş verir. Xroniki xəstəlikləri olan insanların 80 faizi aşağı və orta gəlirli ölkələrdə yaşayan insanlardır. Ölümlərin 50 faizi 60-70 yaş aralığığında qeydə alınır. Ölüm halları qadın və kişilərə görə bərabərdir. Ürək problemləri və şəkərli diabetdən ölənlərin təxminən, 90 faizi isə orta gəlirli ölkələrin payına düşür.

Lalə Mehralı





Həftənin ən çox oxunanları