Yuxarı

Balkanların enerji bazarı uğrunda mübarizə

Balkanların enerji bazarı uğrunda mübarizə

[caption id="attachment_385" align="alignleft" width="387"]Elxan Şahinoğlu Elxan Şahinoğlu: “Qazprom”un Gürcüstanda fəallaşması SOCAR üçün rəqabət mühiti yaradır”[/caption]

Gürcüstan Rusiyadan qaz almaq istəyir. Gürcüstanın enerji naziri Kaxa Kaladze artıq bu məqsədlə Rusiyanın “Qazporm” şirkəri ilə danışıqlara başlayıb. Bu danışıqların Azərbaycan hakimiyyəti tərəfindən diqqətlə izləndiyini deyən “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlunun sözlərinə görə, Gürcüstan uzun müddətdir ki, yalnız Azərbaycandan qaz alır və bu, hər iki ölkənin maraqlarına cavab verir. E. Şahinoğlu qeyd edib ki, rəsmi Bakı Tiflisin Moskva ilə başladığı danışıqlara da mane ola bilməz, çünki Gürcüstan müstəqil dövlət kimi enerji idxalını şaxələndirməkdə sərbəstdir.

“Buna baxmayaraq, “Qazprom” şirkətinin Gürcüstanda fəallaşması SOCAR (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) üçün qonşuluqla rəqabət mühiti yaradır. “Qazprom” SOCAR-ı başqa bazarlarda da sıxışdırmağa çalışır. Oktyabrın 27-də Monteneqronun baş naziri Milo Cukanoviç Azərbaycana səfər etdi. O Azərbaycan prezidenti ilə yanaşı, iqtisadiyyat və sənaye naziri Şahin Mustafayevlə də görüşdü. Bu görüşdə iştirak edən SOCAR-ın prezidenti Rövnəq Abdullayev bildirib ki, Azərbaycan “Şahdəniz-2” yatağından hasil edilən qazı Avropaya nəql edəcək “Cənub” qaz dəhlizi layihəsi çərçivəsində işlər uğurla davam etdirilir. Azərbaycanın təşəbbüsü və qonşu ölkələrin fəal iştirakı ilə reallaşan “Cənub” qaz dəhlizi transmilli layihədir. Buna cavab olaraq, Milo Cukanoviç qeyd edib ki, Monteneqro “Cənub” qaz dəhlizi layihəsinin Avropa hissəsini təşkil edən “Trans-Adriatik” (TAP) qaz kəmərinin genişləndirilməsində və TAP-la bu ölkəyə də Azərbaycan qazının çatdırılmasında maraqlıdır. Milo Cukanoviç SOCAR-ın Albaniyada qaz şəbəkəsinin yaradılmasında iştirakının əhəmiyyətini vurğuladı. O, gələcəkdə SOCAR-ın Monteneqronun da qazlaşdırılması prosesində iştirakına ümidvar olduqlarını bildirib. Maraqlıdır ki, eyni günlərdə Milo Cukanoviç Rusiya hakimiyyətini kəskin tənqid edib. Məsələ burasındadır ki, Monteneqroda NATO əleyhinə mitinqlər keçirilir. Monteneqronun baş naziri Rusiyanın bu mitinqləri dəsklədiyini və bununla ölkəsinin daxili işlərinə qarışdığını deyib”.

“Moskva müxtəlif yollarla bu dövlətlərə təzyiq etmək istəyir”

Politoloq qeyd edib ki, Monteneqro prezidenti Azərbaycanı qazının ölkəsinə və qonşularına çatdırılmasında maraqlıdır. Elxan Şahinoğlu bunun Moskvanın maraqlarına cavab vermədyi qənaətindədir: “Qazprom” Şərqi Avropanın qaz bazarını itirmək istəmir. Ona görə də, Moskva müxtəlif yollarla bu dövlətlərə təzyiq etmək istəyir. Rusiya ilə Azərbaycan arasında Serbiyanın enerji bazarı uğrunda da rəqabət gedir. Serbiyanın baş naziri Aleksandr Vuçiç ötən həftə Moskvaya səfər edərək Rusiya prezidenti Vladimir Putin və baş nazir Dmitri Medvedyevlə görüşdü. Serbiya Avropa Birliyinə üzv olmaq üçün Brüssellə danışıqlarını davam etdirsə də, Rusiya ilə ənənəvi sıx əlaqələrini də qoruyur. Avropa ölkələrindən yalnız Serbiya Rusiyaya qarşı sanksiyalara qoşulmadı. Rusiya da bundan istifadə edərək Serbiyaya qaz satışını artırmaq istəyir. Rusiya qazının Serbiyaya “cənub axını” layihəsi ilə çatdırılması planlaşdırılırdı. Ancaq daha sonra Rusiya bu layihədən imtina etdi. İndi Moskva diqqəti “türk axını” layihəsinə yönəldib. Rusiya bu boru xətti ilə gələcəkdə Serbiyaya qaz satmaq istəyir. Ancaq bunun üçün “türk axını”ndan Serbiyaya əlavə olaraq xətt çəkilməlidir”.

“Belqrad Azərbaycan qazına maraq göstərir”

Elxan Şahinoğlu vurğulayıb ki, Serbiyanın Rusiya ilə yanaşı, Azərbaycanla da münasibətləri yaxşıdır. “Belqrad Azərbaycan qazına da maraq göstərir. Serbiya Azərbaycan qazını TAP vasitəsilə almaq istəyir. Bu baxımdan, “Qazporm”la SOCAR-ın Serbiyanın da qaz bazarı uğrunda rəqabəti güclənib. Bu rəqabətdə kimin qalib gələcəyini hansı boru xəttinin - “Türk axını”nın və ya TAP-ın birinci inşa olunacağından asılıdır. Bu istiqamətdə də Rusiya ilə Azərbaycan arasında rəqabət gedir. Rusiya “Türk axını”nın TAP-dan əvvəl tikilməsinə çalışır. Bunun üçün Moskva Ankaranı tələsdirir. Ancaq Ankara Azərbaycanın geridə olmasını istəmir və ona görə də “Türk axını” məsələsində gözləmə mövqeyinə keçib. Həmçinin Rusiyanın Suriyada hərbi fəallığını artırması da Ankaranın xoşuna gəlmir. Suriya məsələsinə görə yaranan fikir ayrılığı “Türk axını” layihəsini gecikdirə bilər. Bu vəziyyət Azərbaycanın xeyrinədir. Rəsmi Bakı zamandan doğru istifadə edərək, Türkiyə və Avropa Birliyi ilə birgə TAP layihəsinin reallaşmasını sürətləndirməlidir. Bu məsələdə Vaşinqton da Bakıya dəstək verir”, - deyə E.Şahinoğlu qeyd edib.

Mənsur





Həftənin ən çox oxunanları