Yuxarı

Ölkədə manat ajiotajı davam edir

Ölkədə manat ajiotajı davam edir

dollarDollar və avro yenə yüksəldi

Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələrinə əsasən, 28 dekabrda ABŞ dollarının məzənnəsi 0,14% bahalaşaraq 1,5561 manat olub. Cebhe.info xəbər verir ki, avronun da məzənnəsi isə 0,21% bahalaşaraq 1,7079 manat təşkil edib. Rusiya rublunun məzənnəsi isə sabit qalaraq 0,0221 manata bərabər olub.

Bayram günlərində valyuta bazarında gərginlik olacaq

“Dollar ajiotajı Mərkəzi Bankın ictimaiyyətlə zəif işlədiyini bir daha göstərdi. Ölkədə az qala fövqəladə hadisə baş verib, amma Mərkəzi Bank gərginliyi azaltmaq üçün zəruri açıqlama vermir”.  Cebhe.info xəbər verir ki, bu barədə iqtisadçı-ekspert Samir Əliyev bildirib. S.Əliyev qeyd edib ki, Mərkəzi Bankın işini Banklar Assosiasiyası görür. Ekspert hesab edir ki, hər bir halda ölkənin baş bank requlyatoru bu məsələyə ciddi yanaşmalıdır:

“Digər tərəfdən, Mərkəzi Bank hərracda bankların tələbatını ödəmir, lazımi həddə dollar satışı həyata keçirmir ki, bu da sonradan dollar qıtlığını qabarıq göstərir. Cəmiyyətdə ciddi ajiotajın olduğu zamanda Mərkəzi Bank müəyyən əliaçıqlıq etməlidir. Məni narahat edən bayramla əlaqədar qarşıdakı qeyri-iş günləridir. Həmin dövrdə də Mərkəzi Bank cəmiyyətdəki reaksiyalara həssaslıq yaratmasa, bayramdan qabaq bankları dollarla təmin etməsə, valyuta bazarında gərginlik olacaq. Bu nüansları nəzərə almaq lazımdır. Nəzərə alaq ki, söhbət 5 günlük qeyri-iş rejimindən gedir”.

Bakıda dollar üçün uzun növbələr...

Manatın daha da ucuzlaşması, 1 ABŞ dollarının 2 manata qədər bahalaşacağı barədə paytaxt Bakıda yayılan məlumatlar sakinlərin valyutadəişmə məntəqələrinə axışmalarına səbəb olub. Dekabrın 27-də Bakıda əksər valyutadəyişmə məntəqələri ya ABŞ dolları satmaqdan imtina edib, ya da ümumiyyətlə işləməyiblər. İşləyən məntəqələrin qarşısında isə növbələr yaranıb. Artıq paytaxtın bəzi yerlərində dollar üçün “qara bazar” – qeyri-rəsmi vayutadəyişmə xidməti göstərən adamlar peyda olub və onlar 1 ABŞ dollarını 2 manata təklif ediblər. Hələlik Mərkəzi Bankdan bir rəsmi açılama yoxdur. Amma dekabrın 28-də səhər saatlarından dolların bir qədər də bahalaşacağı barədə gözləntilər var. Mərkəzi Bank dekabrın 21-də “üzən məzənnə” rejiminə keçdiyini elan edib və həmin gün 1 dollar 1.55 manat olub. Bundan sonra müşahidəçilər manatın qarşıdakı günlərdə daha da dəyər itirəcəyini deyirdilər. “Azadlıq” radiosu dekabrın 27-də Bakıda Nərimanov rayonu ərazisindəki valyutadəyişmə məntəqələrinin birində axşam saatlarında gördüyü mənzərənin fotolarını təqdim edir. Həmin məntəqədə məzənnə 100 ABŞ dolları üçün 158 manat 40 qəpik olub.

Qanunsuz dollar satışı ilə məşğul olanlara qarşı əməliyyat: 3 nəfər saxlanılıb

Azərbaycanda xarici valyutanın qanunsuz mübadiləsini həyata keçirən 3 nəfər saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi, polis polkovniki Sadiq Gözəlov APA-nın sorğusuna cavab olaraq bildirib ki, daxili işlər naziri, general-polkovnik Ramil Usubov tərəfindən qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması ilə müşayiət olunan bu cür hərəkətlərin qarşısının alınması sahəsində əlavə tədbirlərə dair xüsusi göstəriş imzalanıb.

Həmin göstərişdə Mərkəzi Bankın İdarə Heyətinin 28 iyun 2006-cı il tarixli Qərarı ilə təsdiq edilmiş "Mübadilə şöbələrinin təşkili və mübadilə əməliyyatlarının aparılması qaydaları"nın tələblərini pozmaqla müvafiq icazəsi olmadan qanunsuz fəaliyyət göstərən mübadilə yerlərinin aşkarlanması məqsədilə aidiyyəti qurumlarla birgə qanunvericiliyə əsasən operativ tədbirlərin, o cümlədən valyuta tənzimi haqqında mövcud qanunvericiliyi pozmaqla valyuta sərvətlərinin ictimai yerlərdə alınıb-satılmasını və ya dəyişdirilməsini həyata keçirən şəxslərin müəyyənləşdirilərək barələrində İnzibati Xətalar Məcəlləsinin 222.1-ci maddəsinə uyğun olaraq (inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin 30 faizindən 70 faizinədək miqdarda cərimə) müvafiq tədbirlərin görülməsi nəzərdə tutulur: “Artıq göstərişin tələblərinə uyğun olaraq, polis əməkdaşları tərəfindən xarici valyutanın qanunsuz mübadiləsini həyata keçirilməsinə qarşı tədbirlərə başlanılıb və bu işlə məşğul olan 3 nəfər saxlanılıb. Eyni zamanda, vətəndaşların nəzərinə çatdırmaq istərdik ki, göstərilən istiqamətdə tədbirlər bundan sonra da qətiyyətlə davam etdiriləcək”. Qeyd edək ki, son günlər manatın məzənnəsində olan dəyişikliklərdən sui-istifadə edən bəzi şəxslər tərəfindən xarici valyutanın alınması və satılmasının Azərbaycan Mərkəzi Bankının müəyyən etdiyi qaydada yalnız müvəkkil banklar vasitəsilə həyata keçirilməsinə dair normativ hüquqi aktların tələbləri pozulmaqla qanunazidd hallara yol verilir, xarici valyutanın mübadiləsi buna müvafiq icazəsi olmayan və qanunsuz fəaliyyət göstərən şəxslərin təşkil etdiyi mübadilə yerlərində, xüsusən iri ticarət mərkəzlərində və digər ictimai yerlərdə alınıb-satılır və ya dəyişdirilir.

Nazirlik: Ətin qiymətində artım yoxdur

Son günlər bəzi KİV-lərdə ətin qiymətinin artması barədə yayılan məlumatların heç bir əsası yoxdur. Bu barədə "APA-Economics"ə İqtisadiyyat və Sənaye Nazirliyindən məlumat verilib.

Bildirilib ki, qurum yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən istehlak bazarına mütəmadi olaraq nəzarət olunur və ətin qiymətində hər hansı dəyişiklik qeydə alınmayıb: "Hazırda Bakıdakı satış məntəqələrində mal ətinin 1 kiloqramı ı istehlakçılara 6,50 - 8 manat arasında təklif edilir. Qoyun ətinin 1 kiloqramı isə əvvəlki aylarda olduğu kimi, 8-10 manata satılır. Bununla yanaşı, artıq Bakı və Sumqayıt şəhərlərində Yeni il bayramı ərəfəsində əhalinin bir sıra ərzaq və kənd təsərrüfatı mallarına tələbatının daha dolğun ödənilməsi, istehlakçıların seçim imkanlarının artırılması, eləcə də süni qiymət artımının qarşısının alınması məqsədilə satış yarmarkaları fəaliyyət göstərir. Həmin yarmarkalarda mal ətinin 1 kiloqramının qiyməti 5,50 - 6 manat arasındadır".





Həftənin ən çox oxunanları