Yuxarı

“Valyuta qıtlığı yaranacaq”

“Valyuta qıtlığı yaranacaq”

vuqar bayramov“Dünya neft içərisində üzür: Gündəlik istehlak 94 milyon bareldən az olan dünya bazarında təklif 97 milyon bareldən çoxdur. Hər gün dünya bazarında 3 milyon barel artıq neft çıxarılır. Bu isə qiymətin aşağı düşməsinin əsas iqtisadi səbəblərindədir. Doğrudur, hasilatın çox olmasının siyasi səbəbləri də var. Amma reallıq bundan ibarətdir ki, neft hasilatı və təklifi yüksək olaraq qalmaqdadır”. Cəbhə.info-nun məlumatına görə, bunu iqtisadçı alim Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, gündəlik 9.3 milyon barel xam neft hasil edən ABŞ-ın Avropa bazarına çıxması neftin qiymətinə iqtisadi təsirdən daha çox psixoloji təzyiq göstərir. Vüqar Bayramovun sözlərinə görə, neftin dünya bazar qiymətinin azalması və aşağı səviyyədə qalması Azərbaycan iqtisadiyyatına mənfi təsir göstərir: “Neftin dünya bazar qiyməti yüksək olan dövrlərdə ixracatının 95 faizini neft və neft məhsulları təşkil edən ölkəmizin gəlirləri son 1 ildə 3 dəfə azalıb. Manatın devalvasiyası Azərbaycan ÜDM-nin son 1 ildə dollar ifadəsində 2 dəfə azalmasına səbəb olub. Bu baxımdan neftin dünya bazar qiyməti aşağı qaldıqca bu, iqtisadiyyatımıza mənfi təsir göstərməklə daxildə valyuta qıtlığı yaradacaq.

Bu isə manata olan təzyiqin daha artmasına səbəb olacaq. Neftin dünya bazar qiymətinin aşağı qaldığı halda üçüncü devalvasiya gözləniləndir. Əslində, neftin dünya bazar qiymətinin azalması Azərbaycan üçün bütün sahələrə əhatə edəcək islahatların aparılması üçün mesaj olmalıdır. İndiki mərhələdə paralel olaraq, iki fəaliyyəti həyata keçirilməsinə ehtiyac var. ÜDM-də xarici borcun payının 20 faiz olduğunu nəzərə alsaq, Azərbaycanın daha 10 milyard dollar xarici borc cəlb etməsi borc asılılığımızı artırmayacaq. Qeyd etmək lazımdır, xarici borcun ÜDM-də payına görə Azərbaycan MDB-də ən yaxşı göstəricilərə malik olan dövlətlərdəndir. Bu isə borclanma limitimizin olmasından xəbər verir. Təbii ki, 80-100 milyard dollarlıq borcun alınması ilə bağlı fantastik təkliflər heç bir halda müzakirə edilə bilməz və bu ölkəni ciddi borc asılılığına sürükləyə bilər. Məqbul borclanma valyutaya olan cari tələbin ödənilməsi üçün vacibdir.

Buna paralel olaraq isə xarici ticarət daxil olmaqla iqtisadiyyatın bütün sektorlarındakı monopoliya tamamilə aradan qalıdırlmalıdır. İdxal monopoliyasının ləğvi istehlak bazarında qiymətlərinin bazar tərəfindən tənzimlənməsinə və qiymət azalmalarına səbəb ola bilər. Azərbaycan iqtisadiyyatının tamamilə liberallaşması və elektronlaşması həyata keçirilməlidir”.





Həftənin ən çox oxunanları