Yuxarı

“Mərkəzi Bank pulları seyfə yığıb, iqtisadiyyata buraxa bilmir”

“Mərkəzi Bank pulları seyfə yığıb, iqtisadiyyata buraxa bilmir”

[caption id="attachment_854" align="alignleft" width="325"]Natig Ceferli Natiq Cəfərli: “Mərkəzi Bank pulları seyfə yığıb, iqtisadiyyata buraxa bilmir”[/caption]

“Əhali nə manata, nə Mərkəzi Banka, nə də hökumətə güvənmir”

Dünya ölkələrinin gələcək inkişaf trendlərini, cari dövrdə olan problemləri, investorların və hökumətlərin önünü görmələri üçün bir çox vacib iqtisadi indekslər var. Bunlardan biri də “İstehlakçı Güvən İndeksidir” (Consumer Confidence Index, CCI). Bu indeksin aylıq ölçülməsi həm hökumətlərə, həm də biznesə planlar qurmağa yardımçı olur.

İqtisadçı-ekspert Natiq Cəfərli isə hesab edir ki, Azərbaycanda heç bir indeks yoxdur. N.Cəfərli bunu iqtisadiyyat olmaması, statistikanın siyasiləşdirilməsi, iqtisadi institutların formalaşmaması, bir boru üzərində qurulmuş primitiv inzibati sistemlə əlaqələndirib. Lakin ekspert hesab edir ki, böhranlı vəziyyətlərdə İGİ göstəriciləri çox önəmlidir, istehlakçının güvəni artanda xərcləmələri artır, xərcləmələr artıqca iqtisadiyyatın çarxları dönməyə başlayır və daxili bazar, istehlak hesabına böyümə sürəti artır:

“ABŞ-da 2008-ci ildə böhran yaranarkən FED-in o zamankı başqanı Ben Bernanke belə bir çıxış etmişdi ki, məndən olsa helikopterlə göydən əhaliyə dollar səpərdim ki, onlar da bu pulları xərcləsinlər, iqtisadiyyat dirçəlsin. Əslində, ABŞ, FED bu obrazlı ifadəni həyata keçirdi 2008-də uçot dərəcəsini 0-0.25%-ə saldı, QE proqramı qəbul etdi (birjalara, banklara, fondlara hər ay 85 mlrd. dollar axıtmağa başladı), bu da ABŞ iqtisadiyyatını böhrandan daha tez çıxmasına səbəb oldu. Bu gün Avropa Mərkəzi Bankı ayda 60 mlrd. avro, Çin Mərkəzi Bankı ayda 40-60 mlrd. arası iqtisadiyyata pul axıdır ki, güvən yüksəlsin. Əslində, bu yol müvəqqətidir, “yanğını söndürməyə” hesablanıb, daim bu yolla getmək olmaz, çünki artım tək pul çap maşınına görə olur, iqtisadi faktorlar ikinci plana keçir. ABŞ bunu bilir, ona görə də, QE proqramını dayandırdı, FED faizi artırdı ki, iqtisadiyyat öz doğal yolu ilə inkişafa geri dönsün, çünki bu zaman inkişaf daha dayanıqlı, uzunmüddətli və effektiv olur. Mərkəzi Bankda da indi böyük həcmdə, milyardlarla manat kütləsi yığılıb, Elman Rüstəmov camaata deyir ki, pullar “yastıq altındadır”, amma MB da pulları seyflərinə yığıb, iqtisadiyyata buraxa bilmir. Manatın iqtisadiyyata buraxılmasının əsas 2 yolu var: 1) MB % dərəcəsini aşağı salır, banklara ucuz faizlə manat verir, banklar da o manatı kreditlər şəklində biznesə və əhaliyə ötürürlər, 2) Maaşlar və təqaüdlər artırılır. Bəla budur ki, hər iki yol da inflyasiyanı və manatın dəyərdən düşməsini sürətləndirəcək. Çünki əhali nə manata, nə Mərkəzi Banka, nə hökumətə, nə ölkənin gələcəyinə güvənmir, əlində olanı belə xərcləmək istəmir. Hətta indi kreditlər sadələşsə belə, kredit alan həmən manatı dollara çevirib, sonra nə edəcəyi haqqında düşünəcək. Banklar da kreditləşmənin artmasından qorxur, çünki onsuz da problemli kreditlər xirtdəyəcən artıb, banklar artıq bunu idarə edə bilmirlər. Paralel olaraq iş yerləri, əhalinin gəliri də azalır ki, bu da kreditlərin geri dönüşünü çətinləşdirir.

Bir sözlə, istehlakçının güvəninin artması üçün əhalinin sistemə, hökumətə, sabahkı gününə güvəni artmalıdır. Bunun yolu isə hesabatlı və xalqın seçdiyi hökumət modelindən keçir. Yəni,yenə də məsələ gəlib siyasi islahatlara dirənir, artıq yarımçıq və sistemsiz atılan iqtisadi addımlar heç bir effekt vermir, verməyəcək də, çünki güvən ölüb. Problemlərin kökü güvənsizliyə, güvənsizliyin səbəbi isə siyasi sistemə, ədalətsiz idarəetmə modelinə dirənir”.

Mənsur





Həftənin ən çox oxunanları