Yuxarı

Təcrübələr burulğanında itən ümidlər...

Təcrübələr burulğanında itən ümidlər...

[caption id="attachment_1026" align="alignleft" width="310"]Fexrim Ebdulezimov Fəxrim Abduləzimov: “Turizm və tekstil sənayesi dirçəldilməlidir”[/caption]

“Holland sindromu”ndan necə çıxaq?

“Siyasət və iqtisadiyyat dövlətin ən vacib strukturlarındandır. Dünyada cərəyan edən geosiyasi proseslər bu gün ölkədəki mövcud iqtisadi böhranın əsas səbəblərindəndir. Bəs bunun qarşısını almaq və ya zərəri minimuma endirmək mümkündürmü?” AXCP funksioneri, iqtisadçı-ekspert  Fəxrim Adduləzimov cebhe.info-ya açıqlamasında bildirib ki, əhali birinci devalvasiyadan qurtulmamış, ikincisi baş verdi. Manat çökdü, dollar yüksəldi, qiymətlər bahalaşdı:

“Bəs dövlət nə etdi, bizi bu yükün altından çıxarmaq üçün? Demək olar ki, heç nə. Manat kimi, xalqı da buraxdı böhranın axarına, necə deyərlər, “üzə bilən canını qurtarsın". Bu məsələnin kökündə iqtisadi rəqabətin olmadığı kimi, həm də hakimiyyətlə rəqabət aparacaq siyasi gücün də yoxluğu dayanır. Nə müxalifət partiyaları, nə də qeyri-hökumət təşkilatları xalqı mövcud böhrandan çıxarmaq üçün heç bir konkret təkliflər vermədi. Müxalifət xalqın səsidirsə, hakimiyyətin istənilən yanlış addımının qarşısında olmalı idi. Söhbət aksiyalardan, mitinqlərdən, iğtişaşlardan getmir. Vəziyyətdən çıxış yolunu göstərəcək konkret təkliflər paketi hazırlanıb hökumətə təqdim edilə bilərdi. Tənqidlə kifayətləndik. Hakimiyyət də əlindəki media gücündən istifadə edərək ölkənin analoqu olmayan iqtisadi inkişafından danışdı”.

İqtisadçı-ekspert bildirib ki, hər bir dövlətin iqtisadiyyatının tərəqqi və tənəzzül dövrləri olur, bu, normaldır. Azərbaycan iqtisadiyyatının tərəqqisi yalnız neft üzərində qurulduğu üçün bünövrəsi zəif idi. Tərəqqi ilk neft ucuzlaşmasındaca tənəzzülə çevrildi: “İqtisadi çöküşə səbəb olan digər halları da saymaq olar. Ölkədə biznes planın olmaması, təhsilin keyfiyyətinin aşağı səviyyəsi, yeni yaranmış sahələrdə peşəkarların çatışmazlığı, marketinq strategiyasının zəifliyi və s. Ən üzücüsü odur ki, ölkəmiz minimum yeraltı, yerüstü  sərvətləri ilə bizdən yaxşı yaşayan bir cox ölkədən geri qalır. Bu da onu göstərir ki, biz təbiətin bəxş etdiyi bu nemətlərdən düzgün istifadə edə bilmirik. Nəinki gələcək nəsillər, hec özümüz üçün də bu sərvətlərdən bir gün ağlamağı bacarmadıq. Neft gəlirlərinin artdığı dönəmdə hakimiyyət  qeyri-neft sektorunun inkişafına maraq göstərmədi. Hazırkı durumda daxili istehsalat bərbad vəziyyətdədir. Ölkədə istehsal olunan məhsulların da əksəriyyəti üçün xammal, yaxud lazım olan müəyyən vasitələr yenə də xaricdən gətirilir.

Elə buna görə də qiymət artımının qarşısını almaq mümkün olmayacaq. Əgər hökumət “iqtisadi inkişafda biz Norveç təcrübəsindən yararlanıb irəli gedəcəyik, deyirdisə”, bu, tam əksinə oldu, artıq ölkə “Holland sindromu” təhlükəsi ilə qarşı-qarşıyadır. Daha bir acınacaqlı məqam odur ki, ölkədə iqtisadiyyatın və digər müxtəlif sahələrin inkişafına ayrılan maliyyələrə nəzarət yoxdur. Bu da külli miqdarda yeyintiyə, iqtisadiyyatın bugünkü kimi çökməsinə və büdcə kəsirlərinə səbəb olur”.

AXCP funksionerinin fikrincə, iqtisadiyyatının inkişafı üçün əsas şərtlərdən biri də düzgün beynəlxalq iqtisadi münasibətlərin qurulmasıdır. Ölkə xaricində bəzi yerli şirkətlər müəyyən işlər gördü, amma bu, ölkə iqtisadiyyatı üçün səmərə vermir. Səbəb isə ancaq pul qazanmaq olması, keyfiyyətə maraq göstərilməməsi və şirkətin biznes planının olmamasıdır. Bunun qarşısını bu şirkətlərə kredit ayıran bank sistemləri ilə yanaşı, dövlətin xüsusi nəzarət orqanları almalıdır. Çünki dövlətin ən böyük gəlir mənbələrindən biri də ölkə xaricində və daxildə böyük şirkətlərin fəaliyyəti və onlardan büdcəyə gələn vergilərdir: “Daha bir səmərəli gəlir mənbəyi sudur. Bildiyimiz kimi, su ilə bağlı layhihələrə külli miqdarda pullar ayrıldı. Müəyyən susuz ərazilər su ilə təmin olundu. Lakin Azərbaycan bu təbii sərvətindən lazımi gəliri əldə edə bilirmi? Keçmiş sovetlər birliyində bildiyimiz kimi, bəzi Asiya ölkələrinin su tələbatını Azərbaycan təmin edib. İndi də biz bəzi ölkələrə su veririk. Deməli, bu sahəni genişləndirib yaxşı gəlir əldə edə bilərik.

Eyni zamanda dövlət kənd təsərrüffatına da müəyyən sərmayə ayırdı, lakin bu gün bunun heç bir nəticəsini görə bilmirik. Bəzi işbazlar ayrılan pulları bu sahənin perspektivinə yox, qısa müddətdə çox gəlirli sahələrə yatırdılar. Səbəb yenə də nəzarətin zəifliyi, yaxud şəxsi maraqlardır. Manatın xarici valyutadan asılılığının qarşısını almağın başlıca yolu daxili istehsalın genişləndirilməsidir. Çünki Azərbaycan bütün təbiəti ilə gəlirli ölkələrdən sayılır. Məsələn, turizm sahəsi üçün münbit şərait var. Ölkədə istər dəniz, istər yaşıllıq, istərsə də qış turizminin inkişafı üçün geniş imkanlar mövcuddur. Bəs belə olan halda niyə ölkəyə xarici turist cəlb edə bilmirik? Ona görə ki, kimlərinsə daha çox qazanmaq istəyinə strateji əhəmiyyətli bir məsələ qurban verilir. Turizm sektorunda qiymət baha, xidmət səviyyəsi aşağıdır. Qonşu ölkələrlə müqayisə etdikdə, qiymətlər iki dəfədən bahadır. Buna görə də, istər xarici, istərsə də yerli turistlər başqa, daha ucuz ölkələrə üz tuturlar. Azərbaycanda bir zamanlar əsas gəlir sahələrindən biri olan tekstil sənayesi yoxa çıxıb. Kecmiş sövetlər dövründə pambıq istehsalına görə ölkəmiz ön sıralarda gedirdi. İndi bu xammal yüksək qiymətlərlərlə xaricdən idxal olunur”.

Fəxrim Adduləzimovun fikrincə, ölkəni iqtisadi böhrandan qurtarmağın yolları var; ilk növbədə, manatın xarici valyutadan asılılığını aradan qaldırmaq lazımdır: “Azad ticarəti bərpa etmək, korrupsiya və rüşvətxorluğun qarşısını ciddi surətdə almaq, monopoliyanı aradan qaldırıb rəqabətə üstünlük vermək, vergi sistemində dəyişiklik edərək müəyyən vaxta kimi sadələşdirilmiş vergi sisteminə keçmək (ƏDV-ni 18% ləğv edib 3%-ə salmaq), güzəştli şərtlərlə xarici səhmdarları ölkəyə cəlb etmək, o cümlədən xaricə çıxarılmış valyutanı ölkəyə qaytarmaqla iqtisadiyyatı yenidən tənzimləmək olar. O cümlədən, əhalinin də qayğısına qalmaq gərəkdir. Bank faizlərini aşağı salmaq, vətəndaşların istehlak kreditlərini dövlətin qarşılaması ilə onları indiki durumdan çıxara bilərik.

Təbii ki, bu, hökumətin üzərinə düşən ən böyük məsuliyyətdir. Hesab edirəm ki, indiki halda vəziyyətdən çıxış yolu bunlardır”.

Vilayət Muxtar





Həftənin ən çox oxunanları