Yuxarı

“İqtisadiyyatı tənzimləməyin tək yolu siyasi islahatlardır”

“İqtisadiyyatı tənzimləməyin tək yolu siyasi islahatlardır”

rafiqRafiq Daşdəmirli: “Struktur islahatları heç nəyi dəyişməyəcək”

“Rayonlardakı aksiyalara görə yarıtmaz məmurlar günahkardır”

Son günlər ölkədə baş verən proseslər siyasi partiyalarda da narahatlıqla izlənilir. AXCP funksioneri Rafiq Daşdəmirli “Cümhuriyət” qəzetinə verdiyi müsahibədə regionlarda bahalaşma əleyhinə başlanmış etiraz aksiyalarının yaratdığı siyasi vəziyyətdən danışıb.

-Rafiq bəy, Nazirlər Kabinetinin son iclasında səslənən fikirlərdən hansı nəticəyə gəldiniz?

-Müşavirəni izlədim, təfərrüatını isə mətbuatdan oxudum. Hələ Sovetlər  Birliyi zamanında, orta məktəb illərində bizə belə bir fikir aşılanırdı ki, Azərbaycan güclü dövlətdir,  güclü iqtisadiyyatımız var. Milli Azadlıq Hərəkatı illərində keçirdiyimiz görüşlərdə, yığıncaqlarda çıxış edən natiqlər, liderlər tez-tez xatırladırdılar ki, ölkəmizin yetərincə yeraltı və yerüstü sərvətləri var, bircə SSRİ-dən ayrılaq, bəsimizdir. Hər şeyimiz var, yerin altı da, üstü də qızıldı. Müstəqil olsaq, xalqımız yaxşı yaşayacaq. Ancaq sonralar xəyal qırıqlığına uğradıq. Müşavirəyə gəlincə, 2015-ci ilin yekunları və  2016-cı ildə göruləcək işlər barədə Nazirlər Kabinetinin növbəti iclasında  manatın dollara nisbətdə vəziyyəti, süni qiymət artımı və başqa məsələlər müzakirə olundu. Bütün nazirlərin və baş nazirin iştirakına baxmayaraq, yalnız üc nazirin çıxışı dinlənildi.

-Bir vətəndaş olaraq suallarınıza cavab tapa bildinizmi?

- Qane etməsəydi belə, nə edə bilərdim ki... Anons verilmişdi. İnsanlar oturub müşavirəyə baxırdılar. Bu müşavirədən çox şey gözləyirdik. Amma gözlədiyimizi  ala bilmədik. Bütün nazirlərin və baş nazirin iştirakına baxmayaraq, yalnız üç nazirin: maliyyə naziri Samir Şərifovun, kənd təsərrüfatı naziri Heydər Əsədovun və Qacqın və Məcburi Köckünlərlə İş üzrə Dövlət Komitəsinin  sədri Əli Həsənovun çıxışı dinlənildi. Müşavirədə iqtisadiyyatımızın 3 faiz, qeyri-neft sektorunun 8,4 faiz artdığı bildirildi. Həmişə olduğu kimi, yenə də ölkəyə cavabdeh olan Nazirlər Kabinetinin rəhbərliyi həm Artur Rasizadə, həm də Abid Şərifov susmağı üstün tutdular.

-Ölkəni sosial-iqtisadi böhrandan çıxarmağın yolu varmı?

- Ölkə böhranla qarşılaşıb.  Hökumət böhranı etiraf etmir. Böhranın olduğunu etiraf etmirsənsə, onunla necə mübarizə aparmaq olar? Hakimiyyət nümayəndələri  iqtisadi böhrandan  çox, iqtisadi çətinliklərdən danışırlar. Səbəbini isə ancaq neft amilinə bağladılar. Neftdən asılılıq belə olmalı idi. Axı neftin 140 dollar civarında olan dövrlərində danışmaq daha yaxşı olmazdımı? Açıq deyilməliydi ki, iqtisadiyyatı tənzimləməyin tək yolu, siyasi islahatlardan keçir. Elə başa düşdüm ki, yenə də köklü islahatlar olmayacaq. Struktur islahatları aparılacaq. Bunun isə nəyisə dəyişməsinə inamım azdır.

-Süni qiymət artımı, xüsusən də dərmanların bahalaşması müşahidə olunur. Bu barədə nə deyə bilərsiz?

-Belə hallar gözlənilən idi. Fürstəcil nadürüstlər, möhtəkirlər hər yerdə  var. Bunun həm pis, həm də yaxşı tərəfləri var. Pis tərəfi odur ki, bu ölkənin vətəndaşı olub, bu ölkənin pisliyini istəyənlər bilinir, tanınır. Yaxşı tərəfi odur ki, belə insanlar tanınır, üzə çıxır, onlar zərərsizləşdirilir. Əvvəla onu deyim ki, böyük şirkətlər var ki, həmin şirkətlərlə iş aparmaq, onların fəaliyyətinə həm nəzarət etmək, həm də stimullaşdırmaq lazımdır. Çalışmaq lazımdır ki, bu şirkətlər ölkəyə mal idxalını dayandırmasınlar. Doğrudan da, onların mallarının artım məsələsinə yardım etmək lazımdır. Monopoliyanın, rüşvətin qarşısını almaq lazımdır ki, işləyə bilsinlər. Dərmanlarla bağlı, həqiqətən də vəziyyət çox ağırdır. Bir anlığa fikirləşək ki, pensiyaçı və ya müəllim xəstələnərsə nə olacaq? Bu dərman məsələsinə tam nəzarət lazımdır. Bəzi saytlara baxıram yazırlar ki, bu necə bazar iqtisadiyyatıdır ki, nəzarət var. Bəs bu necə olmalıdır, bazar iqsidiyyatıdır deyə, möhtəkirlər at oynatmalıdır? Hamımız yaxşı bilirik ki, dərmanlar əsasən Rusiyadan gəlir. Gəlin, bir araşdırma aparaq. Rusiya rublu ilə manatın dollara nisbətində 20 manat fərq var. Demək, bizim manat daha möhkəmdir. Onda nə ücün dərmanlar Rusiyadan nisbətdə iki dəfə bahadır. Belə də olmaz axı! Onda zəhmət olmasa, maaş və pensiyaları artırın.

- Rayonlarda keçirilən etiraz aksiyaları barədə nə deyə bilərsiniz?

- Gəlin, bu sözü aksiya yox, narazılıqlarla əvəz edək. Əvvəla onu deyim ki, niyə bu narazılıqlar məhz Nazirlər Kabinetinin müşavirəsindən sonra baş verdi? Burada deyəsən, bir məqsəd də var, məmur qorxusu. Siyəzən rayonunun 2015-ci il üçün yerli büdcəsi 8,8 milyon manat, Ağcəbədi rayonunun 2015-ci ildəki büdcəsi 25,7 milyon manat, Ucar rayonu 16,3 milyon manat, Füzulu rayonu 30,2 milyon manat, Lənkəran rayonu 37,7 milyon manat təsdiq olunub. Siyəzənin 40,5 min, Ağcəbədinin 130 min,  Ucarın 84 min, Füzulinin 125 min, Lənkəranın 220 min əhalisi var. İndi gəlin baxaq, bu qədər milyonlar hara gedib?

Bax, bu narazılıqların kökündə bu xalqı təhqir edən icra numayəndələri durur. Hansı yeni iş yerləri açilib. Hansı rayonda yeni kənd təsərrüfatı artımı var. Yadımızdadır ki, kəndlərimizdə hərənin qışa hazırlığı olan taxıl ehtiyatları olardı. İndi varmı, təbii ki, yoxdur. Günahkarlar yenə də onlara imkan verməyən yarıtmaz məmurlardı.

Son günlərdə ölkə ərazisində baş verən bahalaşma əhalinin narazılığına səbəb olub. Artıq bir neçə rayonda baş verən etirazlar xalqın  dözülməz vəziyyətdən zinhara gəlməsinin bariz nümunəsidir. Ərzağın  bahalaşması, dərmanların qiymətindəki süni artım xalqın  səbr kasasını daşırdı. Bütün bunlar azmış kimi, hər yerdə məmur özbaşnalığı, rüşvət, haqsızlıq baş alıb gedir. Dövlət qurumlarındakı yüksək çinli məmurlar, xalqı əzdikcə əzir. Xalq cana doyub, yenilik istəyir. Xalqın istəyi yaşamaq istəyidir. Xalq onları aşağılayan məmurlardan bezib. Xalq rüşvətdən, süründürməçilikdən bezib. Bu yaxınlarda cebhe.info saytında unun qiyməti ilə bağlı bir məlumat vardır. Satış qiymətinin 35 manat olduğu  yazılmışdı. Buna nəzarət etmək əvəzinə jurnalistə təzyiq edirlər. Budur məmurların iş rejimi. Bu məmurlar  tükəniblər. Bunlarla heç bir islahat aparmaq olmayacaq, bunlara sərf də etmir. Çox yaxşı bir paradoks yaranıb, sən demə, rayonlarda baş verən lokal narazılıqları cəbhəçilər edirlər. İndi də məmurlar bununla özlərini sığortalayırlar. Bu, hansısa partiyanın işi deyil, sırf xalqın etirazıdır, cəbhəçilər də xalqın bir nümayəndəsidir.

-Necə düşünürsüz, proseslər hara gedir?

- Bu hadisələrin bu formada alınmasının əsas səbəbi  dolların manata nisbətdə kəskin bahalaşmasıdır. Bu hadisələr bizdən qabaq Rusiyada, Qazaxıstanda, Gürcüstanda və xeyli başqa respublikalarda baş verib. Bununla bağlı Neft Fondu öz ehtiyat fondundan 200 milyon dollar hərraca çıxardı ki, çətinliklərin aradan qalxmasına yardımçı olsun. Vəziyyət düzəlməyə doğru gedir. Banklarda əmanətlərin manatla faizi artmaqdadır. Əgər hökumət daha sürətli addımlar atarsa, vəziyyət stabilləşməyə doğru gedəcək. Daha yaxşı onda olar ki, bölgələrdə “xırda  padşahlar” dəyişdirilsin, qanunverici orqanımızın səlahiyyətli nümayəndələri biznes işlərindən əl çəksinlər, ölkədə səmimi dialoq başlasın, islahatlar sürətlənsin. Hər qaranlıq gecənin bir işıqlı günü də var.

Vilayət Muxtar





Həftənin ən çox oxunanları