Yuxarı

"Ən ağrılı günlər fevralın 21-dən başlayacaq"

[caption id="attachment_3381" align="alignleft" width="390"]Fuad İbrahimov Fuad İbrahimov: Ölkədə makroiqtisadi tarazlıq pozulub[/caption]

Maliyyə-kredit sistemi batacaq

Maliyyə-iqtisadi sferada yaranmış problemlər Azərbaycanda  sosial narazılığın artmasına səbəb olub. Bu narazılıq artıq bölgələrdə baş verən etiraz aksiyalarında özünü göstərir. Sonradan ölkədə çörəyin və unun satış qiyməti aşağı salınsa da, mütəxəssislərin proqnozları heç də ümidverici deyil. Böhranlı durumun gözlənilən nəticələrinə iqtisadçı alim, Yeni Azərbaycan Partiyasının və Azərbaycan Demokratiya və Rifah Hərəkatının üzvü Fuad İbrahimovun Cebhe.info-ya müsahibəsində aydınlıq gətirməyə çalışdıq.

- Son günlər Dövlət Neft Fondu və Mərkəzi Bank vasiətəsilə kommersiya banklarına iki hərrac vasitəsilə 500 milyon dollar valyuta ayrılıb. Buna baxmayaraq, yenə banklarda dollar qıtlığı müşahidə olunur. Sizcə, maliyyə bazarında valyutaya olan tələbatın ödənilməsi üçün görülən bu tədbirlər niyə müsbət nəticə vermir?

- Hərracla bankların ehtiyatını doldurmaqla valyutaya olan ehtiyacı ödəmək mümkün olmayacaq. Çünki əks-effekt sindromuna düşmüşük. Həmçinin, əvəzlənmə sindromu deyilən bir anlayış var. Ona görə də banklara nə qədər dollar köçürülsə də, millətin manata olan  etibarı itirilib. 3 hərrac da keçirilsə, 5 və ya 10 hərrac da keçirilsə, bu, çıxış yolu deyil və heç bir xeyri olmayacaq.

- Elə sualımızın üstünə gəldiniz. Dövlət Neft Fondundan kommersiya banklarına dollar satması valyuta bazarındakı böhranlı durumu aradan qaldıra biləcəkmi?

- Qətiyyən. Çünki bu gün manatla gəlir əldə edən hər kəs onu valyutaya çevirməyə çalışır. Burada söhbət yalnız dollardan getmir. Bura avronu da, funt-sterlinqi də, Çin yuanı və başqa valyutaları da aid etmək olar. Yəni bu proses düzgün getmir. İqtisadiyyatda kompleks tədbirlər mövcuddur.  Valyutamızın dirçəlişi istiqamətində düzgün addımlar atmalıyıq. Hesab edirəm ki, hazırda tətbiq edilən üsullar müsbət effekt verməyəcək.

- Hərracda iştirak etmiş 35 bankın siyahısına baxsaq görərik ki, cəmi bir neçə bank dollar satışı ilə məşğul olur.  Sizcə, bu yolla tələbatı ödəmək mümkün olarmı?

- Xeyr. Hətta banklarda depozit hesabları olan insanlar son bir həftə ərzində təşvişə düşüb həmin pulları banklardan geri çəkirlər. Bu da bir amildir. Böhranın ən ağrılı vaxtları isə fevralın 21-dən sonra başlayacaq. Xatırlayırsınızsa, ötən il fevralın 21-də baş vermiş birinci devalvasiyadan sonra insanlar dərhal banklara  üz tutdu və manatla olan depozitlərini dollara çevirib yenidən banka yerləşdirdilər. Bu il fevralın 21-də həmin depozitlər hesablarının bir ili tamam olur və müqavilələrin vaxtı bitir. Ona görə də vətəndaşlar  vəsaitlərini banklardan geri çəkəcək. Artıq bu proses başlanıb. Bankların da bu valyutaya ehtiyacı var.

- Manatın etibarını qaytarmaq mümkündürmü?

- Maliyyə sektorundakı problemləri həll etmək mümkündür və və bunun üçün kompleks tədbirlər planı  tətbiq etmək lazımdır. Ən başlıcası isə  odur ki, hazırda maliyyə sektoruna rəhbərlik edən şəxslərin belə bir bacarığının olmasına şübhə edirəm.

- İndi anti-böhran proqramının vacibliyindən danışan çoxdur. Sizcə, ilk növbədə, nədən başlamaq lazımdır?

- Bilirsiniz, bu təkliflər yalnız kompleks şəkildə ola bilər. Bəzi adamlar təklif edir ki, gömrükdə və ya vergi sistemində hansısa tədbirlər görmək lazımdır. Bir başqası manatı daha da ucuzlaşdırıb dollar qarşısında çoxaltmağı təklif edir. Bunlar çıxış yolları deyil, yabanı yanaşmalardır. Problemi köklü şəkildə həll etmək lazımdır. Təsəvvür edin ki, biz 16 mərtəbəli bina tikmişdik. Bu bina bir günün içərisində çökdü. Çünki onun bünövrəsi yox idi. Bunu da həll etmək üçün kompleks tədbirlər planı var. Həmin tədbirlər planı həddindən artıq genişdir və onun daxilində özünün icra mexanizmi var. Məsələn, götürək cənab prezidentin spirtli içkilər və tütün məmulatları ilə bağlı verdiyi sərəncamı 10 gün sonra ləğv etməsini. Bu niyə baş verdi? Çünki həmin təklifin mexanizmini hazırlamadan gətirib imzaya təqdim edən yoldaşlar məsuliyyət daşımalıdır. Necə olur ki, o boyda sənəd hazırlanır, gətirib prezidentin masasının üstünə qoyurlar. Bunu edən şəxslər üçün ayıb deyil?

- Siz bir mütəxəssis kimi dediyiniz kompleks tədbirləri hökumətə təqdim etmisinizmi?

- Xeyr.

- Hərraclarla bağlı bayaqkı söhbətə qayıtmaq istəyirəm. Mərkəzi Bankın dediyi bu hərraclar harada və necə keçirilir? Banklararası birjalarda auksionların keçirilməsi barədə sizdə ətraflı məlumat varmı?

- Mən bu barədə sizin qədər məlumatlıyam. Hərracın harada keçirildiyini bilmirəm, çünki banklararası valyuta birjası yoxdur. Bəlkə haradasa açıblar. Məsələn, ABŞ-da hərraclar ictimaiyyət üçün daim açıqdır, medianın iştirakı ilə şəffaf şəkildə keçirilir. İş adamları orada iştirak etməlidir, proses açıq olmalıdır. Azərbaycanda isə bu proses yoxdur. Ona görə də konkret deyə bilərəm ki, bu, üzən məzənnə deyil.

- Mərkəzi Bank flotinq sistemə keçdiyini bəyan etsə də, manatın məzənnəsi daha çox inzibati vasitələrlə tənzimlənir. Məzənnənin nəzarətdə saxlanılmasının, yəni sərbəst buraxılmamasının səbəbi nə ilə bağlıdır?

Buna məzənnənin qapanmış dairəsi sindromu deyilir. Belə bir addımı atmaqla iqtisad elminə “yenilik” gətirmişik. Biz keçən devalvasiyadan əvvəl Qubad müəllimlə manatın məzənnəsini elmi düsturlarla hesablayıb müəyyən etmişdik. Bu baxımdan, manatın üzən məzənnəyə keçsək, 1 dollar 2 manatdan da yüksək olacaq. Çünki bazar valyutanın real səviyyəsinə çatmasını tələb edir. Mərkəzi Bank qismən devalvasiyanı aparıb, amma  inzibati yollardan istifadə etməklə intervensiya üsulundan istifada edilir. Əslində, biz devalvasiyaya keçməmişik. Manatın məzənnəsini nə sərbəst buraxa bilirlər, nə də nəzarətdə saxlaya bilirlər.

- Mərkəzi Bank buna idarə olunan üzən məzənnə adını verib.

Əslində, iqtisadiyyat elmində belə termin yoxdur. Buna daha çox hərc-mərclik adını vermək olar.

- Hazırda manatın real dəyəri nə qədərdir?

İqtisadiyyatımızın, əsasən də qeyri-neft sektorunun real vəziyyətini, bu sahəyə qoyulan sərmayələri, tikilən istehsal müəssisələrinin işlək vəziyyətdə olub-olmamasını təhlil etsək, manatın da məzənnəsi sərbəst buraxılsa, heç kim müdaxilə etməsə, düşünürəm ki, manatın real dəyəri 2 manat 80, 2 manat 85 qəpiyə qədər yüksəlməlidir. Elə bil ki, quyuya düşmüşük, quyunun da divarı mərmərdəndir. Yapışmağa yer yoxdur.

- Bəs manatın məzənnəsi real dəyərinə uyğun  sərbəst buraxılsa, ölkədə iqtisadi xaos yaranmazmı?

- Əlbəttə yaranar. Ancaq yumşaldıcı alətlər vasitəsilə bunun qarşısını da almaq olar. Yəni manatı heç olmasa öz səviyyəsində saxlayaraq, kompleks tədbirlər planı ilə bütün sahələri yumşaltmaq olar. Vəziyyət hələ də o qədər ağır deyil. Ola bilsin ki, idarə edənlər çıxış yolu görmədikləri üçün bu addımı atır və apardığı siyasət də buna dəlalət edir. Amma mən bir iqtisadçı kimi hesab edirəm ki, xilas yolu var.

- Bəlkə Mərkəzi Bank da elə bu təhlükənin qarşısını almaq üçün manatın real dəyərini açıqlamır və  intervensiya metodundan istifadə edir?

- Əlbəttə. Birmənalı şəkildə belədir.

- Bəlkə ikirəqəmli inflyasiya təhlükəsinin qarşısını almaq üçün Mərkəzi Bank inzibati üsullara daha çox əl atır?

- Bir sıra ekspertlər isə çıxış yolunu ölkədə struktur islahatlarının həyata keçirilməsində, o cümlədən Mərkəzi Bankın səlahiyyətlərinin azaldılmasında  görürlər. Bildirilir ki, Mərkəzi Bank dövlətin sırf monetar siyasətini həyata keçirməli olduğu halda, həm kredit verir, həm banklara nəzarət edir, həm maliyyə-monitorinq xidməti funksiyasını yerinə yetirir. Ona görə də bu Mərkəzi Bankın bir sıra səlahiyyətlərinin alınması və ya başqa qurumlara verilməsi maliyyə sektoru üçün nəfəslik olar.

Fikrimcə, islahatlar bank sistemindən başlamamalıdır. İqtisadiyyatımıza bəla bank sistemindən gəlməyib. Bank sistemi sadəcə olaraq, digər sahələrdə yaradılmış problemlərlə üz-üzə qalıb. Bu gün bank sistemindən daha çox, qlobal makroiqtisadi tarazlığı bərpa edəcək tədbirlər görməliyik. Bank sistemi elədir ki, dərhal ona reaksiya verib tənzimlənə bilir. Çünki onlar rəqəmlə işləyir. Hazırda bank sistemində yeganə problem məsuliyyətsizlikdir. Necə olur ki, iqtisadçı-ekspertlər manatın devalvasiyası barədə bir il öncədən xəbərdarlıq edir, Maliyyə Nazirliyi arxayın oturub.  Əllərində nə qədər əhalinin kredit götürməsinə dair statistik klassifikasiyası yoxdur. Sahibkarlıq fəaliyyəti üçün 200 min dollar kredit götürən insan bir ilin içərisində ikiqat borca düşüb. Bunun adı məsuliyyətsizlikdir. İslahatları isə bazar iqtisadiyyatı özü tənzimləyir.

- Gəlin dəqiqləşdirmə aparaq. Bir sıra nazirliklərin və dövlət komitələrinin ləğvi və ya birləşdirilməsi mövcud problemdən çıxmağa nə qədər kömək edə bilər?

Bu məsələnin makroiqtisadi səviyyədə problemin həlli üçün çox cüzi çəkisi var. Hazırda bu islahatlara getmək o qədər də vacib sayılmır. Şübhəsiz ki, dövlətdən maliyyələşən qurumlar da çoxdur. Götürək Azərbahycan Dövlət Neft Şirkətini. ARDNŞ-da  bir neçə vitse-prezident vəzifəsinin olmasına ehtiyac yoxdur. Maliyyə Nazirliyi varsa, dövlət Neft Şirkətində maliyyə-iqtisad məsələləri üzrə vitse-prezident kimə lazımdır? Yaxud,  SOCAR-ın nəzdində Ekologiya İdarəsi və ekologiya məsələləri üzrə vitse-prezident  vəzifəsi var. Ölkədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi fəaliyyət göstərdiyi halda bu idarəyə nə ehtiyac var? Euni zamanda, SOCAR-ın təhlükəsizlik idarəsi var. Hamısının da 600-700 aparat işçisi var. Bütün bunlar artıqdır və ixtisara salınmalıdır. Doğrudur, ixtisarlar zamanı orada çalışanlar işsiz qala bilərlər. Amma onu da nəzərə almaq lazımdır ki, peşə üzrə işləməyənlər onun-bunun qohumlarıdır, doldurublar ora.

- Qiymətləri aşağı həddə saxlamaq mümkün olacaq, yoxsa yenidən artacaq? 

- Əvvəla onu deyim ki, bazar iqtisadiyyatı şəraitində dövlətin özəl sektora müdaxiləsi düzgün deyil. Amma onu da nəzərə alaq ki, un, çörək kimi strateji məhsullar inhisarçıların əlindədir. Həmin monopolistlərin də kimliyi bəllidir. Bu nöqteyi-nəzərdən dövlət həmin monopolistlərə təsir etməklə qiymətləri aşağı həddə saxlaya bilər. İnhisarçılığın özünün də formaları da var. İnhisarçı bilir ki, sizin çörəyə və ya suya nə qədər ehtiyacınız var. Ona uyğun olaraq da maksimal dərəcədə qiyməti formalaşdırır və sizdən o canı alır. Buna qiymət hərc-mərcliyi deyilir. Əslində bu cinayətdir. İqtisad elmində isə buna 1-ci dərəcəli qiymət diskriminasiyası deyilir. Bu, bizim xalqa 20 ildir tətbiq olunur. Biz bu qiymət diskriminasiyasını ərzaq məhsullarının, kartofun, soğanın, meyvənin, tərəvəzin, hər bir şeyin satışında görürük. Ona görə də bu gün əhalinin aylıq gəliri  istehlak səbəti ilə düz gəlmir. Çünki Azərbaycanda makroiqtisadi tarazlıq pozuluib.

- Proqnoz vermisiniz ki, mart ayında Azərbaycanın maliyyə-kredit sistemində böyük çöküş baş verə bilər. İndi bəzi bankların və bank olmayan kredit təşkilatların birləşdirmək istəyirlər. Bu yolla maliyyə-kredit sistemini xilas etmək mümkün olacaqmı?

- Xeyr, bunun həmin məsələyə aidiyyatı yoxdur. Problem ondan yaranacaq ki, insanlar öz depozitlərini kütləvi şəkildə çıxarmağa başlayacaq və bir də banklarla dollarla götürülmüş kreditlərin qaytarılmaması  prosesində-mexanizm də yaranacaq. Bundan başqa, banklar şirkətləri kreditlərlə təmin edirdilər. Məsələn, biri gedib telefon alırdı, biri tozsoran götürürdü. İndi isə həmin ticarət obyektlərinin sahibləri manatın  məzənnəsinin oynamasından qiyməti formalaşdıra bilmir ki, kredit sistemini bərpa etsin. Bununla da həm bankların, həm də ticarət obyektlərinin əsas dolanışıq sahəsi olan maliyyə-kredit sistemi batacaq. Hər gün artmaqda olan dükanlar bağlana-bağlana gedəcək.

- Deməli, bank sektorunun süqutu əmtəə bazarına mənfi təsir edəcək və ticarət obyektlərini də sıradan çıxaracaq?

- Bəli. Mütləq belə olacaq. Maliyyə-kredit sistemindəki böhran orta sahibkarlıq sinfini dağıdıb məhv edəcək.

- Azərbaycanda maliyyə amnistiyasının elan olunması və  oliqarxlar deyilən zümrənin öz vəsaitlərini iqtisadiyyatın inkişafına sərf etməsi vəziyyəti dəyişə bilərmi?

- Yox,  bu, Azərbaycanda mümkün deyil. Çünki Azərbaycanda belə mühit yoxdur. Problemi belə qaydalarla həll etmək mümkün olmayacaq. Azərbaycanda qeyri-neft sektoru neft sektorundan asılı vəziyyətə düşüb.

Məsələn, son vaxtlar “Gilan Holdinq”in 3 fabriki fəaliyyətini dayandırıb və işçiləri qeyri-müəyyən müddətə məzuniyyətə buraxıblar. Neftin qiyməti düşüb, qeyri-neft sektorunda fabrikin fəaliyyəti dayanıb.  Yəni, ölkədə makroiqtisadi tarazlıq pozulub. Problem də bundadır. Makroiqtisadiyyatın  tərəzisi də belədir ki, bir tərəfi qalxanda, digər tərəfi də aşırıb dağıdır.

- Fuad bəy, bu tənqidi fikirlərinizə görə, sizə qarşı təzyiqlər edilməsini nəzərə alırsınızmı? Məsələn, sizi Yeni Azərbaycan Partiyasından çıxara bilərlərmi?

- Prezidentə qarşı məni partiyadan çıxarmaq istəyənlərdən  daha səmimiyəm. Bu gün istəmirəm ki, daxili qoşunlarla insanlar arasında çaxnaşma düşsün. Kim nə qədər yeyib, nə qədər dağıdıb bilmirəm, amma istəyirəm ki, ölkədə vəziyyət düzəlsin. Mən istəmirəm ki, mənim atam 200 manat pensiya alsın. YAP-dan çıxarılmaqdan da qorxmuram. Bəlkə də cürətləri çatmır. Çünki bizim də özümümzə görə çəkimiz var.

Müşfiq Abdulla





Həftənin ən çox oxunanları