Yuxarı

Ər-Riyad Bakıya əl uzadacaqmı?

Ər-Riyad Bakıya əl uzadacaqmı?

hafiz babaliƏrəb şeyxləri Azərbaycana o qədər də maraqlı görünmür

Azərbaycanın Beynəlxalq Valyuta Fondu ilə  kredit anlaşması əldə etməməsi rəmi Bakının zəngin ərəb ölkələrinə üz tutması ilə nəticələnib. Doğrudur, maliyyə naziri Samir Şərifov Azərbaycanın beynəlxalq kreditlərə ehtiyacı olmadığını bildirmişdi. Ancaq sonradan hökumətin BVF-nin irəli sürdüyü şərtləri qəbul etmədiyi üçün kredit müqaviləsinin baş tutmadığına dair informasiyalar ortaya çıxamağa başladı.

Son günlər Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri arasında  iqtisadi, ticarət, investisiya qoyuluşu, turizm və digər sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi məsələlərinin müzakirə olunması kreditlərin cəlb ediləcəyinə dair ehtimalları artırıb.

Xatırladaq ki, ötən il Səudiyyə Ərəbistanı ilə Azərbaycan arasında kredit məsələsinin  müzakirə olunduğu, lakin Ər-Riyadın bu təklifdən imtina etdiyi barədə xəbərlər yayılmışdı. Hətta Bakı şəhərinin mərkəzindəki “Sovetski” yaşayış kompleksinin 7 milyard dollara ərəb investorlara satıldığı haqqında məlumat yayılmışdı. Ancaq sonra ərəblərin “Sovetski” layihəsindən imtina etdiyi xəbəri yayıldı. Bunun əvəzində varlı ərəb şeyxləri Azərbaycanın təbiətinə maraq göstərərək, müxtəlif vaxtlarda ov etməyə üstünlük verməyə başladılar. Bu baxımdan, ərəb sərmayədarlarının və kreditor təşkilatlarının  Azərbaycana maraq göstərəcəyi barədə qəti fikir söyləmək çətindir.

İqtisadçı-ekspert Hafiz Babalı Azərbaycanın ərəb ölkələrində kredit axtarışında olması haqda fikirlər siyasi baxımından düzgün hesab etmir: “İnvestisiya axını birtərəfli deyil, qarşılıqlı olmalıdır. Azərbaycan da indiyə qədər Birləşmiş Ərəb Əmirliklərində 500-ə yaxın şirkətin qurulmasında iştirak edib. Azərbaycan sərmayələri müxtəlif ölkələrdə olduğu kimi, ərəb ölkələrində də iştirak edir. Biz bunun dəqiq həcmini bilməsək də, Birləşmiş Ərəb Əmirliklərində istehsalat və ticarətyönümlü müxtəlif şirkətlər var ki, onların məcmu kapitalında Azərbaycan sərmayəsi də iştirak edir. Hətta onların bir çoxu transmilli şirkətə çevrilib və Azərbaycandan kənarda fəaliyyət göstərirlər. Bunu Azərbaycandan kapital axını da hesab etmək olar, eyni zamanda Azərbaycanın kapital qoyuluşu imkanlarının genişlənməsi kimi dəyərləndirmək olar”.

Qeyd edək ki, Azərbaycan hökuməti hazırda ölkədə yaranmış maliyyə-iqtisadi böhrandan çıxış vasitələrindən biri kimi sərmayələrin cəlb edilməsinə üstünlük verir. İndiki şəraitdə xarici şirkətlərin Azərbaycan iqtisadiyyatına investisiya qoyması ölkəyə valyuta axınını təmin edə bilər.

Hafiz Babalının fikrincə, ərəb şeyxlərinin sərmayə portfelinin Azərbaycanda təmsil olunduğunu  söyləmək mümkün deyil: “Ərəb şeyxləri üçün Azərbaycan turizm və əyləncə məkanı kimi nəzərdən keçirilir. Əsasən qış aylarında, ərəb ölkələrində hansısa uzunmüddətli bayram günlərində müşahidə edirik. Hökumət də Azərbaycana valyuta axınını təmin etmək üçün belə bir platforma yarada bilər. Yəni ov mövsümünü elə qanuni çərçivəyə salmaq olar ki, həm ölkəyə valyuta gətirsin, həm də ekologiyaya, heyvanat aləminə ziyan gətirməsin.

Bu qanun həm yerli vətəndaşlara, həm də turistlərə şamil olunmalıdır”.

Müşfiq





Həftənin ən çox oxunanları