Yuxarı

Elman Rüstəmovun sonu yaxınlaşır?

Elman Rüstəmovun sonu yaxınlaşır?

[caption id="attachment_3381" align="alignnone" width="960"]Fuad İbrahimov Fuad İbrahimov: “Bu gün böhrandan çıxmaq üçün ardıcıllıq pozulduğuna görə, belə sərəncamlar və fərmanlar effekt vermir”[/caption]

Dolların məzənnəsi məsələsində maliyə naziri qalib gəldi...

Prezident Ilham Əliyev Maliyyə Bazarlarına Nəzarət Palatasının yaradılması haqqında fərman imzalayıb. Bu fərmanla Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi, Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidməti və Mərkəzi Bank yanında Maliyyə Monitorinqi Xidməti ləğv edilib. Onların istifadəsində olan dövlət əmlakı yeni yaradılan quruma verilib. Mərkəzi Bankın səlahiyyətlərinin məhdudlaşdırılmasını nəzərdə tutan belə bir struktur islahatlarının həyata keçirilməsini ekspertlər xeyli müddətdir təklif edirdi.

Hüquqşünas Əkrəm Həsənov bir müddət öncə “Cümhuriyət”ə açıqlamasında bildirmişdi ki, bank sektorunda struktur islahatları aparılmalı və Mərkəzi Bankın səlahiyyətləri yeni təyinatı üzrə müəyyənləşməlidir: “Birinci addım atıldı və İpoteka Fondunu Mərkəzi Bankdan aldılar. Bundan sonra Əmanətlərin Sığortalanması Fondu və Maliyyə Monitorinq Xidməti də Mərkəzi Bankın tabeçiliyindən çıxarılmalıdır. Ən başlıcası isə Mərkəzi Bankın bank nəzarəti səlahiyyətləri alınmalıdır. Bank nəzarəti sahəsində müstəqil dövlət orqanı yaradılmalıdır. Mərkəzi Bankın funksiyası bankalara nəzarət etmək deyil, pul siyasəti olmalıdır. Aparıcı Avropa ölkələrində Mərkəzi Bank monetar siyasəti həyata keçirməklə məşğuldur. Azərbaycanda isə Mərkəzi Banka həddindən artıq səlahiyyət verilib. Nəticədə ölkədəki kommersiya bankları Mərkəzi Bankdan ikiqat asılı vəziyyətə düşüb. Mərkəzi Bank kommersiya banklarına həm kredit verir, həm də onlara nəzarət edir. Ona görə də nisbətən müstəqil olan banklar Mərkəzi Bankdan qorxur”.

Əkrəm Həsənov həm də hesab edir ki, Maliyyə Monitorinq Xidmətinin Mərkəzi Bankın nəzarətində olması ölkədən qeyri-leqal yollarla çıxarılan valyuta axının qarşısını almağa mane olur. Ona görə də, bu qurum ya Dövlət Təhlükəsizlik Xidmətinin nəzdində, ya da müstəqil qurum kimi hökumətin tabeliyində olmalıdır. Maliyyə Bazarlarına Nəzarət Palatasının yaradılmasına dair fərmandan prezidentə tabe olan müstəqil bir qurum kimi fəaliyyət göstərəcəyini söyləmək olar.

Bu baxımdan, bir sıra iqtisadçılar da sözügedən struktur islahatını zəruri atılmış addım kimi qiymətləndirir. İslahatı qaçılmaz edən səbəb MBNP-a daxil edilmiş strukturların səlahiyyətlərinin bir-birini təkrarlaması ilə bağlıdır. Yeni orqanın yaradılmasından sonra daha çox qarşıya qoyulan sual Azərbaycanın maliyyə-bank sistemində hansı dəyşikliklərin baş verə biləcəyi ilə bağlıdır.

İqtisadçı alim Fuad İbrahimovun fikrincə, bu struktur dəyişikliyi nə qədər vacib olsa da, ölkədə mövcud olan iqtisadi problemlərin mahiyyətindən kənarda qalıb: “Hesab edirəm ki, dəyişikliklər daha çox idarəetmə üslubunda olacaq. Hazırda maliyyə sektorunda əsas problem vətəndaşların dollarla götürdüyü kreditlərin geri qaytarılma mexanizminin olmamasındadır. Vətəndaşlar da banklarda problemlə üzləşib. Banklar dollarla verilmiş kreditlərin qaytarılmasında çətinlik çəkir, vətəndaşlar da həmin o qazancı əldə edib, vəsaitləri geri qaytarmaqda çətinlik çəkir. Bu gün kabinetdə hansı kürsünü hansı bucağa qoymağın heç bir mahiyyəti yoxdur. Ümidvaram ki, hansı ki, bu dəyişikliklərdə hər hansı nəticə əldə olunacaq. Amma bunlar idarəetmə üslubunda dəyişikliklərdir. Maliyyə bazarına Nəzarət Palatasının nəyi və necə həyata keçirəcəyini zaman göstərəcək. Yaxşı olardı ki, bu palata yaranmamışdan öncə siyasəti müəyyənləşdirilsin. Palata yaradılanda onunla bərabər siyasəti elan ediləydi və qarşıya qoyulan məqsədlər, görüləcək işlər açıqlanaydı. Amma yenə də görünür ki, əsasən dəyişiklik xatirinə dəyişiklik edilir”.

Qeyd edək ki, Maliyyə Bazarlarına Nəzarət Palatası digər sahələrlə yanaşı, kredit təşkilatlarının lisenziyalaşdırılması və onların fəaliyyətinə nəzarət funksiyalarına da malik olacaq. Fərmanda bildirilir ki, bankların, bank olmayan kredit təşkilatlarının (BOKT) və poçt operatorunun fəaliyyətini lisenziyalaşdırmaq, onların fəaliyyətini tənzimləmək və nəzarət etmək səlahiyyəti Palataya həvalə olunub.

Fuad İbrahimovun dediyinə görə, bu göstərilənlər MBNP-nın fəaliyyətinə aid ümumi qaydalardır. Amma adıçəkilən palatanın qarşıya qoyduğu məqsədlər və həyata keçirəcəyi fəaliyyət planı yoxdur:

“Əgər bu palata yaradılıbsa, deməli, biz nə isə ondan gözləyirik. Bizə bu “nə isə”nin açıqlaması lazımdır. Hansı sektorda nəyi əldə edəcəyik və mövcud problemlərin hansı bu məsələlərlə çözüləcək və dinamik inkişaf yoluna çıxacağıq. Bu gün böhrandan çıxmaq üçün ardıcıllıq pozulduğuna görə, belə sərəncamlar və fərmanlar effekt vermir”.

Son islahatla kommersiya banklarına nəzarət funksiyası Mərkəzi Bankın əlindən alınıb. Bu addım Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmovun səlahiyyətlərinin xeyli hissəsinin əlindən alınmasına gətirib çıxaracaq. Hətta MBNP-ının yaradılması mediada Elman Rüstəmovun vurulması prosesinin başlanğıcı kimi şərh edilir.

Çünki devalvasiyadan sonra ölkədə yaranmış maliyyə-iqtisadi böhran və artan sosial narazılıq Mərkəzi Bankı diqqət hədəfinə gətirdi. Bir müddət öncə mediada yayılan məlumatlarda isə 1 dolların məzənnəsinin 1,50 AZN səviyyəsində müəyyənləşməsi ilə bağlı təklifinin əslində, Mərkəzi Bankın rəhbərliyindən deyil, maliyyə naziri Samir Şərifovdan gəldiyi bildirlirdi. İkinci devalvasiya ilə bağlı müzakirələrdə Elıman Rüstəmovun manatın məzənnəsinin 1,15-1,20 AZN həddində müəyyənləşməsini, Samir Şərifovun isə neftin ucuzlaşmasını əsas gətirərək 1,50 AZN təklif etdiyi bildirlirdi. Maliyyə nazirinin israrla öz təklifini qəbul etdirməsi E.Rüstəmovu narazı salsa da, Mərkəzi Bankın rəhbərliyi çoxluğun iradəsi ilə hesablaşmaq məcburiyyətində qalıb. Devalvasiyadan sonra isə bütün ittihamlar Maliyyə Nazirliyinə deyil, Mərkəzi Banka yönəldi. Bir sözlə, Maliyyə Nazirliyi prosesi “oyun meydançasının kənarından” izlədi. İndi isə vəziyyətdən çıxış yolu kimi Mərkəzi Bankın səlahiyyətlərinin məhdudlaşdırılmasına başlanılıb.

Fuad İbrahimov bildirir ki, MBNP-nın yaradılması haqqında struktur islahatı Mərkəzin Bankın fəaliyyətinə təsirsiz ötüşməyəcək. Mərkəzi Bankın səlahiyyətləri xeyli məhdudlaşdırılacaq. Ancaq bunun nə dərəcədə səmərəli olacağını hələlik demək çətindir: “Biz verilən sərəncamların hələlik üst qatını, inzibati tərəfini görürük. Ancaq mexanizmlər necə işlənəcək, nə tətbiq olunacaq, həqiqətən bazar mexanizmləri müddəaları həyata keçiriləcəkmi? Əsas məsələ budur. Hər bir şeyə müxtəlif adlar qoymaq olar. Əsas göstərici odur ki, bu sahədə bazar münasibətlərinin müddəları hərəkətə keçirilsin”.

Qeyd edək ki, Azərbaycanda maliyyə nəzarəti mexanizmini həyata keçirən qurumlardan biri də Hesablama Palatasıdır. Hesablama Palatası il ərzində müxtəlif dövlət orqanlarında maliyyə pozuntularına dair faktlar aşkarlasa da, daha çox formal xarakter daşıyan bir qurum kimi tanınıb. Bu baxımdan, MBNP-nın öz funksiyasını yetərincə həyata keçirməsə, analoji vəziyyəti yaşaya bilər. İqtisadçı alimin fikrincə, ləğv olunmuş Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi kimi Hesablama Palatasının da funksiyaları yarıtmazdır. Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətinin ayrılması isə ölkədə sığorta sektorunun inkişafı üçün zəruridir: “Bizim sığorta sektorunda yeniliklər olub, amma boşluqlar var. Bu sahədə maariflənmə yüksək səviyyədə getməyib. Sığortalanma fəlsəfəsi insanların təfəkkürünə yetərincə oturmayıb. Bu da ondan irəli gəlir ki, insanlar daha çox gəlirini düşünüb, nəinki perspektiv planlarını”.

Müşfiq Abdulla





Həftənin ən çox oxunanları