Yuxarı

“Bütün amillər dolların xeyrinə işləyir”

“Bütün amillər dolların xeyrinə işləyir”

[caption id="attachment_3531" align="alignleft" width="288"]samir_aliyev Samir Əliyev: "Mərkəzi Bank bazardan əlini çəksə...”[/caption]

Son iki gündə Azərbaycanda dolların məzənnəsində dəyişiklik müşahidə olunur. Belə ki, ABŞ dollarının manata nisbətdə rəsmi məzənnəsi bahalaşıb. Mərkəzi Bankın fevralın 12-nə olan məlumatına görə, 1 dollar 1.5745 AZN-nə qədər artıb.

İqtisadçı-ekspert Samir Əliyev “Cümhuriyət” qəzetinə bildirib ki, manatın məzənnəsinin sabit olmaması adi haldır: “Nəzəri olsa da, Azərbaycan üzən məzənnə sisteminə keçib. Bu o deməkdir ki, əvvəlki dövrdən fərqli olaraq bu dəfə manatın məzənnəsinin oynaması adi hala çevriləcəkdir. Mərkəzi Bank məzənnəni banklararası aparılan valyuta mübadiləsinə uyğun olaraq    müəyyənləşdirir. Əvvəllər Mərkəzi Bank hərrac aparırdı və hərraca da az bank müraciət edirdi, yəni tələbat az idi. Buna görə də dollar düşməyini müşahidə edirdik. Fevralın 11-də hərrac olmayıb. Əsas bankların öz arasında valyuta alqı-satqısı olub və yüksək fərqlənmə ilə aparılıb. Bu da bugünkü məzənnəyə təsir göstərib. Manatın məzənnəsinin möhkəmlənməsi və dolların ucuzlaşması süni idi, müvəqqəti xarakter daşıyırdı. Çünki bunun üçün iqtisadi əsas yox idi. Reallıq onu göstərir ki, Mərkəzi Bank maliyyə bazarından əlini çəksə, manat kəskin ucuzlaşacaq. Nə qədər ki, Mərkəzi Bank bazara valyuta çıxarır və yaxud manatı məhdudlaşdırır, bu addımlarla manatın məzənnəsini saxlamaq mümkün olacaq. Əks halda, əgər manat sərbəst buraxılsa, manat qısa müddətdə dəyərini əhəmiyyətli dərəcədə itirə bilər”.

“Mart ayında manatın məzənnəsinin möhkəmlənməsivə yaxud dəyərdən düşməsi kimi, hətta üçüncü devalvasiyanın olacağı ilə bağlı təzadlı fikirlər səslənir. Nəyi proqnazlaşdırmaq olar” sualına Samir Əliyev konkret cavab bildirməyin həm məsuliyyətli, həm də mürəkkəb olduğunu vurğulayıb: “İkinci devalvasiyadan əvvəl hər şeyi Mərkəzi Bank müəyyən edirdi və məzənnə də stabil idi. Biz deyirdik ki, vəziyyət belə getsə, Mərkəzi Bank məzənnəni aşağı salacaq. Manatın məzənnəsi bazara uyğun olaraq tənzimlənəcək. Manat bu gün bahalaşır, sabah ucuzlaşır və yaxud da bir həftə ardıcıl ucuzlaşır. Bu, artıq devalvasiya olmaq adından çıxır. Ona görə ki, artıq manatı bazar tənzimləyir. İndi sanki Mərkəzi Bank qayıdır əvvəlki vəziyyətə. Əvvəl Mərkəzi Bank tərəfindən bankların alqı-satqı apara bilməsi üçün 4 faiz limit qoyulmuşdu.

Manatın indiki səviyyəsi real bazara uyğun deyil. Neftin indiki qiymətində manatın bahalaşması qeyri-mümkündür. Əgər Mərkəzi Bank süni şəkildə manatı saxlamasa, manat ucuzlaşmağa davam edəcək. Üzən məzənnə sistemində devalvasiyanın sayı olmur. Dekabr devalvasiyasından sonra manatın məzənnəsi düşməyə başladı. Düşünmürəm ki, manat bahalaşacaq. Hələ ki, bütün amillər dolların xeyrinə işləyir”.

Yeganə Oqtayqızı





Həftənin ən çox oxunanları