Yuxarı

"Toxumçuların əksəriyyəti mütəxəssis deyil"

c05317e1-e253-4c92-a813-726b5ea70e66"Fermerləri yüksək səviyyəli yerli taxıl növləri ilə təmin etmək olar"

Taxılçılıqla məşğul olan “Kraun KO-1” MMC şirkətin direktoru Elvüsal Mahmudov keyfiyyətli taxıl toxumu tapmaqda çətinlik yaşandığını deyib. Onun sözlərinə görə, əkin sahələrində həm yerli, həm də xarici toxumlardan istifadə edirlər. Direktor keyfiyyətli toxumun azlığını toxumçuluq avadanlıqlarının az olması ilə əlaqələndirib. O yerli toxumların keyfiyyətli olmamasını məhsuldarlığa mənfi təsir göstərən amil olduğunu vurğulayıb: “Əksər sahibkarlar əkin sahələrində əsasən Rusiyadangətirilən toxumlardan istifadə edir. Bu da əkinçinin həm toxum qıtlığı yaşamasına, həm də toxumu baha qiymətə əldə etməsinə gətirib çıxarır”.

Kənd təsərrüfatı üzrə mütəxəssis, alim Sabir Vəliyev “Cümhuriyət” qəzetinə toxumçulq sahəsində mövcud problemlər ətrafında danışıb. O bildirib ki, çörək istehsalçılarının bu istiqamətdəki narazılıqlarında həqiqət var: “Yüksək reproduksiyalı toxum istehsal etmək lazımdır. Buna görə də Kənd Təsərrüfatı Nazirliyi tərəfindən bu sahəyə nəzarət gücləndirilməlidir. Yerlərdə nazirliyin idarələri fəaliyyət göstərməlidir. Hər bir aqrotexniki tədbirin vaxtında görülməsinə əməl olunsa, fermerləri yüksək səviyyədə yerli taxıl sortları ilə təmin tmək olar. Onda 20-30 sentner yox, 70-80 sentner məhsul ala bilərik. Bu zaman daxili tələbat ödənər, hətta xaricə taxıl sata bilərik. Yüksək keyfiyyətli toxum istehsalı üçün torpağa lazımi gübrə verilmir. Əvvəllər Azərbaycan 1 milyon ton gübrə istehsal edirdi, indi 100 min ton istehsal edə bilmir. 100 min ton gübrə torpağın heç 1 faizini təşkil etmir.

Hazırda ölkəyə taxıl toxumu gətirə bilmirlər. Ayrı-ayrı istehsalçılar tərəfindən gətirilir. Onların da qarşısında müxtəlif əngəllər var. Onlar olmasa, xaricdən rayonlaşmış sortlar gətirərlər. Azərbaycanda istənilən adamın rayonlaşmış toxum gətirməsində problemlər var. Görünür, ayrı-ayrı dövlət qurumları rayonlaşma sözündən istifadə edir, buna görə də sahibkarlar yüksək reproduksiyalı toxum gətirə bilmir. Buna görə də təminat tam təmin olunmur”.

Sabir Vəliyevin sözlərinə görə, toxumçuluqla məşğul olanların əksəriyyəti mütəxəssis deyil: “Torpağı mütəxəssis olmayan şəxslərə vermişik. Onlar da toxum istehsal etmək istəyir. Yalnız aqronomlar keyfiyyətli toxum yetişdirməyin mexanizmini bilir. Orda çox böyük incəliklər var. Bitkinin dili yoxdur, onunla danışmaq qabiliyyəti lazımdır. Sahə Elmi-Tədqiqat İnstitutlarının alimlərinə yüksək maaş verib bu işə cəlb etmək lazımdır. Ölkə başçısının 2007-ci ildə qərarı var. Fermerə kömək etmək məqsədi ilə dövlət tərəfindən toxumun hər kiloqramına 10 qəpik pul verir. İkinci reproduksiyasına isə 7 qəpik verir. Bu, fermerlərə böyük köməkdir. Tutaq ki, toxumçu istehsal etdiyi toxumu 30 qəpiyə satmaq istəyir onun 20 qəpiyini özü, 10 qəpiyi isə dövlət ödəyir. Bu sahəyə hələ ki, dövlətin dəstəyi lazımdır, xüsusilə də Elmi-Təhqiqat institutları bununla məşğul olmalıdır”.

Sabir Vəliyev kənd təsərrüfatının gəlirli sahələrindən biri olan üzümçülüklə bağlı vəziyyətə də toxunub. O, bu istiqamətdə vəziyyətin elə də ürəkaçan olmadığını deyib: “1970-1980-ci illərdə üzümçülük Azərbaycanın dövlət büdcəsinin 45 faizini təşkil edib. Tarixən üzümçülük neftdən üstün olub. İndi bu sahə çox pis vəziyyətə düşüb. Üzümçülüklə məşğul olan fermerlərə güzəştli kredit vermək lazımdır. Bu sahədə mütəxəssis hazırlığına ehtiyac var. Qorbaçovun qərarından sonra bu sahənin mütəxəssisləri çıxıb başqa sahələrə gediblər. Üzümçülük gəlirli sahə olsa da, Azərbaycana süfrə üzümü xaricdən idxal olunur. Azərbaycan özünü süfrə üzümü ilə təmin etsə və müəyyən hissəsini şərab istehsalına yönəltsə, Rusiyada, Belarusda, Ukraynada olan bazarlarımızı təmin edə bilərik. Üzüm bağlarında tingləri yetişdirmək lazımdır. Azərbaycanın yerli meyvə ağaclarının növlərini inkişaf etdirmək lazımdır. Xaricdən gələn meyvələrə baxsaq, görkəmi çox iridir, amma keyfiyyətsizdir”.

Mütəxəssis son dövrlərdə tənəzzüllə uğrayan sahələrdən birinin də pambıqçılıq olduğunu deyib: “Pambığın tonu dünya bazarında 1600 dolardır. Bu, bizə lazım deyil. Hər 2-3 rayondan bir toxuculuq fabrikləri açmaq lazımdı. İstehsal etdiyimiz məhsulu pambıq istehsalçısından 40 qəpiyə yox, maya dəyərindən 20 faiz əlavə etməklə almaq lazımdır. Sovet dövründə 1 milyon ton pambıq istehsal etmişik. İndi rayondan adamlar paytaxta iş arxasınca qaçır. Rayonlarda toxuculuq fabrikləri qurulsa, bu sahədə müxtəlif məhsullar istehsal edə bilərik. Pambığı ucuz qiymətə bir MKT şirkəti alır və onlara xeyir edən variantda başqa ölkələrə satırlar.

Sovet dövründə 70-dən çox konserv zavodu var idi. Amma indi bir “AzərSun” konserv zavodu var. Konserv zavodlarını qurmaq elə də çətin deyil. Əhalinin nəqliyyat vasitəsi yoxdur ki, istehsal etdiyi məhsulu ucqar rayonlardan mərkəzə gətirsin. Məhsulu yerində alıb konserv zavodlarına vermək lazımdır. Konserviləşmiş məhsullar gec xarab olur və istənilən ölkəyə sata bilərik. Buna görə də, kənd təsərrüfatının emal sənayesinə fikir vermək lazımdır. Buna isə mütləq dövlət tərəfindən dəstək lazımdır. Emal sənayesi inkişaf etsə, neftdən gələn gəlirdən iki dəfə artıq olar. Çünki ölkə sənayesi çox zəif vəziyyətdədir, başlı-başına buraxılıb. Mingəçevirdə, Şirvanda, Gəncədə və Bakıda bir neçə toxuculuq fabriki var idi. Bunların hamısı sıradan çıxıb. Yüngül və ağır sənayeni bərpa etmək lazımdı. Onun emal səviyyəsi inkişaf etsə, Azərbaycanın gəlirinin qarşısında dayanmaq olmaz. Hər bir vətəndaş, hətta ən inkişaf etmiş ölkələrdən yaxşı yaşayar. Hər bir məhsulun emalı yaxında olmalıdır. İstehsalçı məhsulunu Bakıya gətirib saatlarla yarmarkalarda dayanıb 300-400 kiloqram məhsul satmaqla ehtiyaclarını ödəmir”.

Yeganə Oqtayqızı





Həftənin ən çox oxunanları