Yuxarı

Mərkəzi Bankın binası əlindən alınır

Mərkəzi Bankın binası əlindən alınır

Rəşad Həsənov: “Yeni qərarların qəbul edilməsi istisna deyil”

Azərbaycan prezidenti İlham Əliyev “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə ”2016-cı il 4 mart tarixli qanununun tətbiqi haqqında sərəncam imzalayıb. Dəyişikliyə əsasən Mərkəzi Bankın statusu dəyişib, dövlət orqanı deyil, artıq publik hüquqi şəxsdir. Bu dəyişikliklə, Mərkəzi Bankın bank fəaliyyətini lisenziyalaşdırması və tənzimləməsi, qanunla müəyyən edilmiş qaydada bank fəaliyyətinə nəzarəti həyata keçirməsi funksiyası əlindən alınıb.

Həmçinin Mərkəzi Bankın İdarə Heyətinin səlahiyyətlərinin bir qismi də əlindən alınıb. Üstəlik, dəyişikliklərlə Mərkəzi Bankdan tənzimləmə və nəzarət, eləcə də lisenziyalaşdırma səlahiyyətləri əlindən alınıb. Bu qanunun 49-cu maddəsinin də yeni redaksiyada verilməsi təklif olunur. Mərkəzi Bankla bağlı yayılan məlumatlara görə, bu qurumun binası əlindən alına bilər və onun səlahiyyətləri İqtisadiyyat Nazirliyinin tabeliyinə keçə bilər. Məsələ ilə bağlı iqtisadçı-ekspert Rəşad Həsənov “Cumhuriyət” ə açıqlamasında bildirib ki, Mərkəzi Bankın səlahiyyətləri ilə bağlı proses artıq başlayıb: “İpoteka Fondunun Mərkəzi Bankın nəzarətindən çıxması, maliyyə nəzarəti xidməti istiqamətində funksiyalarının əlindən alınması Mərkəzi Bankın səlahiyyətlərinin bir qismini alması görülən işlərin nəticəsidir. Mümkündür ki, bundan sonra müəyyən istiqamətlərdə yeni qərarların qəbul edilməsi də istisna deyil. Mərkəzi Bankın statusu ilə bağlı ölkə başçısı tərəfindən imzalanan fərmandan da aydın olur ki, bu qurum artıq bank maliyyə sektorunda fəaliyyət subyektlərində lisenziyaların verilməsi və alınması funksiyalarını itirib. Bundan sonrakı dövrdə ola bilsin ki, müəyyən istiqamətlərdə Mərkəzi Bankın səlahiyyətlərinin məhdudlaşdırılması baş versin”.

Ekspert deyib ki, Mərkəzi Bankın dövlət qurumu statusunun ləğv edilməsi bu qurumun aradan çıxması və ya tamamilə məhv edilməsi demək deyil:

“Özəl iqtisadi subyekt hesab olunmur. Müəyyən səlahiyyətlərə malikdir, sadəcə, dövlət orqanı hesab edilmir. Buna baxmayaraq, Mərkəzi Bankın iflas etməsi şansı yoxdur. Bu qurum yenə də dövlətin pul siyasətini, məzənnəsini həyata keçirir və bu hökumət üçün çox əhəmiyyətlidir. Bu funksiya dünyanın bütün ölkələrində Mərkəzi Banklar tərəfindən həyata keçirilir. Mərkəzi Bankın əmlakının əlindən alınması məsələsi gündəmdə deyil. Amma səlahiyyətlərinin azaldılması, sektora müdaxilə imkanlarının məhdudlaşdırılması məsələsi var. Mərkəzi Bank nisbətən müəyyən sahələrdə də muxtariyyat əldə edir. Bu əməkdaşlarla sərbəst müqavilə çərçivəsində əməkdaşlıq etmək, xarici borclanmaya getmək kimi sərbəst fəaliyyətlər də həyata keçirir. Bu baxımdan, bu qurum yeni statusla gündəmdə olacaq”.

Alçina Amilqızı





Həftənin ən çox oxunanları