Yuxarı

Cinayətə doğru “üzən” məzənnə

Cinayətə doğru “üzən” məzənnə

Əkrəm Həsənov: “Vətəndaşlara tövsiyəm odur ki, zamin durmasınlar”

Dünya iqtisadiyyatında baş verən böhran və neft qiymətinin aşağı düşməsi səbəbindən valyuta bazarı və manatın məzənnəsi neft qiymətlərinə uyğun olması üçün Mərkəzi Bankın İdarə Heyəti tərəfindən verilən qərarla üzən məzənnə sisteminə keçildi. Bir ildə ikinci devalvasiyadan sonra ölkədə bank sistemində problemli kreditlərin həcmi artdı. Bank sektorunda ağıla gələn bütün problemlər başladı. Son günlər Azərbaycanda yeni bir tendensiya yaranıb. Borclu, zamin və cinayət. Banka olan borcunu ödəyə bilmədiyi üçün zaminin borclunu bıçaqlaması halları artıb.

Belə ki, martın 7-də Siyəzən rayonunda bıçaqlanma hadisəsi baş verib. Müxtəlif bədən xəsarətləri ilə Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdirilən rayon sakini, 40 yaşlı Rafael Hüseynova döş qəfəsinin sol yarısının kəsilmiş-deşilmiş yaralanması diaqnozu qoyulub. Xəsarət alan şəxsin ailə üzvlərinin bildirdiyinə görə, hadisəni qonşuları törədib. Rafael Hüseynovun bacısı hadisəni törədən şəxs üçün bankda zamin durub. Həmin şəxs banka olan borcunu ödəmədiyinə görə borcu xəsarət alan şəxsin bacısı ödəməli olub. R.Hüseynov da qonşusunun evinə gedərək borcunu ödəməsini bildirib. Bank kreditini ödəməyəcəyini bildirən qonşu onu bıçaqlayıb.

Onlarla bu cür faktlar sadalamaq olar. Bu durumda məsuliyyəti kim daşıyır?

Hüquqşünas-ekspert Əkrəm Həsənov “Cümhuriyət” qəzetinə bildirib ki, burda ikili münasibət var. Birinci tərəf bank, digəri isə borclu ilə zamindir: “Bank üçün zamin və borclu fərqi yoxdur. Bank onların hər ikisindən borcun qaytarılmasını tələb edir. Qanunvericiliyə görə borclu borcunu ödəmirsə, zamin ödəməlidir. Bank borcun ödənilməsini hər ikisindən tələb edə bilər. Zatən zaminliyin təyinatı da budur. Azərbaycanda əhalinin mütləq əksəriyyəti, hətta ali təhsilli vətəndaşlarımız zaminliyin mahiyyətini düzgün başa düşmür. Başa düşmür ki, zamin olmaqla bütün əmlakı ilə məsuliyyət daşıyır və bir növ banka borclu olur. Təəssüf ki, banklar da vətəndaşa zamin olmaqla üzərinə hansı öhdəliyi götürdüyünü düzgün izah etmirlər. Burada müəyyən mənada “İstehlakçıların Hüquqlarını Müdafiəsi haqqında” Qanun pozulur. Çünki həmin qanuna görə, istənilən sahibkarın istehlakçının tam məlumatlandırma vəzifəsi var. Təəssüf ki, Azərbaycanda istehlakçı hüquqları kifayət qədər qorunmur. Avropada, Amerikada belə bir təcrübə var, istehlakçı vətəndaşa hansısa məhsulu satıb və tam məlumat verməyib. Buna görə məhkəməyə müraciət edən vətəndaşın hüququ tanınıb. Eyni məsələni bura da şamil etmək olar. Zaminə vəzifələri aşılanmır. Bu, qanun pozuntusudur. Mərkəzi Bank indiyə kimi işini elə qurub ki, banklara ciddi nəzarət olmayıb və banklar həm borcluya, həm də zaminə münasibətdə istehlakçı hüquqlarını pozublar. Nəticəsi odur ki, borc var və qanunla bank borcunu tələb edə bilər. Sadəcə, bilmək lazımdır ki, əgər zaminin əmlakı varsa, zaminin özünün və himayəsində olan şəxslərin minimumdan artıq aylıq gəliri varsa, yalnız bu halda məhkəmə qaydasında bank zamindən tuta bilər. Əks halda heç nə tuta bilməz. Eyni məsələlər borcluya da aiddir”.

Hansı hallarda zaminlikdən imtina edilə bilər?

Hüquqşünasın sözlərinə görə, heç bir halda zamin deyə bilməz ki, mən daha zamin durmuram: “Qanunda iki hal var ki, bununla zaminliyə xitam verilir. Birincisi, əgər zaminin razılığı olmadan kredit müqaviləsinə hər hansı dəyişiklik edilibsə və həmin dəyişikliyə görə, zaminin öhdəliyi artıbsa, həmin andan zaminliyə xitam verilir. Misal üçün, birinci devalvasiyadan sonra bir çox bank kredit müqaviləsinin müddətini artırdılar. Bu, birbaşa zaminin marağına toxunan məsələdir və onun öhdəliyini artırır. Amma bir çox hallarda banklar zaminin yazılı razılığını almamışdı. Bu halda zaminlik müqaviləsinə xitam verilməlidir. İkinci hal odur ki, kredit müqaviləsinin ödənilmə müddətindən bir ildən artıq vaxt keçib. Amma bank borcunu zamindən tələb etmir. Bu halda da zaminlik müqaviləsinə xitam verilir. Digər hallarda zaminliyə xitam verilmir və bank zamindən ödənişini tələb edə bilər. Buna görə vətəndaşlara tövsiyəm odur ki, çalışsınlar zamin durmasınlar.

Digər münasibət isə borclu ilə zamin arasında olan əlaqədir. Zamin borclunu tanıyır, etibar edir, qohumudur və sair. Əgər bank hər hansı səbəbdən borcu zamindən tutursa, bu halda zamin ödədiyi kredit borcunu borcludan tələb edə bilər. Faktiki olaraq bu da çətindir. Ona görə ki, əgər borclu bankın borcunu ödəyə bilməyibsə, təbii ki, zaminə olan borcunu da ödəyə bilməyəcək. Borclunun pulu var və ödəməyibsə, zamin borcunu tələb etmək üçün məhkəməyə müraciət etməlidir. Təəssüf ki, əksər halda zaminlər bunu bilmir, yaxud pulu və ya savadı yoxdur ki, bunu etsin”.

Kimin məsuliyyət daşımasına gəlincə, Əkrəm Həsənov deyib ki, yaranmış borclara görə, məsuliyyəti dövlət daşıyır: “Azərbaycanda bu problem ona görə yaranıb ki, banklar məsuliyyətsiz kredit siyasəti aparıblar, kreditləri verəndə qanunları pozublar, həddən artıq borc məbləğlərini şişirdiblər. Mərkəzi Bank da buna göz yumub. Buna görə həmin bankların sahibləri, dövlət orqanı olan Mərkəzi Bankın bu işlərə məsul vəzifəli şəxsləri əmlakları ilə məsuliyyət daşımalıdır. Hesab edirəm ki, bir çox vətəndaşları aldatdığı üçün Mərkəzi Bankın sədri Elman Rüstəmovun şəxsi məsuliyyəti var. Faktiki olaraq devalvasiyanın olmaması ilə bağlı bəyanatlar vermişdi, lakin sonda devalvasiya oldu. O, camaatda ümid yaratmışdı ki, manat tam sabitdir, hamı da gedib dollarla borc götürürdü”.

Yeganə Oqtayqızı





Həftənin ən çox oxunanları