Yuxarı

Bankların iflas siyasəti

Bankların iflas siyasəti

Qazanan onlar, itirən vətəndaşlardır

Vüqar Bayramov: “Fiziki şəxslərin də müflis elan olunması haqda qanun qəbul olunmalıdır”

Kommersiya banklarının vətəndaşlara qarşı apardığı iflas siyasətinin hansı marağa xidmət etdiyi əslində, məlumdur. Bankların apardığı pul siyasəti yalnız özlərinə xidmət edir. Devalvasiyadan sonra bir neçə kommersiya bankının lisenziyasının Mərkəzi Bank tərəfindən ləğv olunması və bankların bağlanma ehtimalı vətəndaşların əmənətlərinin taleyini sual altına saldı. Mərkəzi Bankın yaydığı rəsmi açıqlamada əmanətlərlə bağlı heç bir problemin yaşanmayacağını bildirilsə də, baş verənlər ictimaiyyətdə başqa təsəvvür yaratdı.

Qanunvericilik bankları dəstəkləyir

Devalvasiyadan sonra problemli kreditlərin həcminin artması banklarda maliyyə sıxıntısının yaranmasına səbəb oldu. Banklar öhdəliyində olan əmanətləri geri qaytarmaqda çətinliklər yaşadı. Əmanətlərini geri ala bilməyən müştərilər banklara qarşı məhkəmə iddiası qaldırdılar. Ancaq qanunvericiliyə əsasən bank məhkəmə tərəfindən iflas elan olunursa, həmin banka qarşı olan bütün iddialar qüvvədən düşür. Burada maraqlı tərəf ondan ibarətdir ki, banka qarşı iddialar qüvvədən düşsə də, bankın müştərilərə qarşı bütün iddiaları qüvvədə qalır və adətən də, məhkəmələr bankların xeyrinə qərar verərək iddialarını təmin edir. Qeyd edək ki, iflas qərarı verilmiş bank sığortalanmış əmanətlərin yalnız 30 min manatını geri qaytarmaqda məsuldur. Bu, bank haqqında olan qanunvericiliklə tənzimlənir.

Kredit siyasəti çökdü

Əmanətlərin qaytarılmasında yaşanan bu cür problemlər vətəndaşlarda banklara qarşı olan inamı itirir. Nəzərə alsaq ki, hər hansı bir bankın iflas qərarı çıxarması o qədər də çətin deyil, artıq burada əmanətlərin taleyi sual altına düşür. Burada əsas məsələ bankların əmanətləri qaytara bilməməsi yox, qaytarmaq istəməməsidir. Əhalinin maddi durumu aşağı olduğundan bankların pul “alveri” 60-70 faiz civarında dəyişib. Düzdür, müraciət edənlərin sayı azalmayıb, əksinə artıb. Ancaq bankların kredit müqaviləsinin şərtlərini xeyli çətinləşdirməsi bu bazarı iflasa doğru aparır. Biz bunun, əksər bankların ipoteka şərtlərini dəyişdirməsində əyani olaraq şahidi olduq. Bankların pul siyasətinin əsas şərtlərindən biri cəlb olunan əmanətləri müştərilərə sataraq əlavə gəlir əldə etməkdir. Kredit siyasətinin çökdüyü durumda banklar bu gəlirdən məhrum oldular. Bu halda banklar cəlb etdikləri əmanətlərin faizini və bankların əsas maliyyə mənbəyi olan xarici borclarını ödəməkdə çətinlik çəkirlər.

İflas bankların çıxış yoludur

Banklar bu durumdan çıxış yolu kimi iflas siyasətindən istifadə edirlər. İflas elan olunan banklar isə, əsasən qazanclı çıxan tərəfdir. Yuxarıda qeyd etdiyimiz kimi, iflas qərarı çıxaran banka qarşı bütün məhkəmə iddiaları qüvvədən düşür, bütün borcları silinir. Ancaq bankın bütün iddiaları qüvvədə qalır. Yəni banka borcu olan bütün müştərilər borcunu birmənalı şəkildə qaytarmalıdır, ancaq banklar üçün belə bir məcburiyyət qoyulmur. Bu səbəblərdən dolayı bankların iflas qərarı məhz öz maraqlarına xidmət etdiyi üçün bu yoldan istifadə etmək daha üstün tutulur. Azərbaycanda müstəqil məhkəmə olmadığı üçün, bankların məhkəməyə təsir imkanları böyükdür. Onun üçün də iflas qərarı çıxarmaq banklar üçün o qədər də problemli məsələ sayılmır. Məsələn, hər hansı bir bankın mütəxəssisləri hesablayırlar ki, iflas qərarından bank 10 milyon qazanc əldə edəcək. 10 milyon qazancın 2 milyonunu iflas qərarı üçün xərcləməkdən nəinki bank, heç kim çəkinməz. Hər bir halda qazanan banklar, itirən isə vətəndaşlardır.

İqtisadçı-alim Vüqar Bayramov “Cümhuriyət”ə şərhində qanunda boşluqların olduğunu vurğulayıb. Bildirib ki, qanun banklara iflas hüququ verdiyi halda, fiziki şəxslərə bu hüququ tanımır:

“Bank müflis elan olunduqda birmənalı şəkildə onun aktivləri və passivləri müqayisə olunur. İlk növbədə banklarda olan sığortalanmış depozitlərin geri qaytarılması prosesi başlayır. Daha sonra isə aktiv və passivlərə uyğun olaraq digər depozitlərin qaytarılması məsələsinə baxılır. Əgər bankın aktivləri çoxdursa digər depozitlərin qaytarılması prosesi həyata keçirilir. Ancaq aktivlər çox deyilsə, o zaman sığortalanmayan əmanətlərin qaytarılmasında problemlər yaşanır. Burada problem ondan ibarətdir ki, banklara müflis olmaq hüququ verilir, bank müflis olub vətəndaşın əmanətini geri qaytarmaya bilir. Amma vətəndaşlara bir sıra ölkələrdə olduğu kimi, müflis olmaq hüququ verilmir. Əgər bankın passivləri aktivlərindən çoxdursa, borclarını ödəyə bilmirsə o zaman müflis olur və sığortalanmayan əmanətlərini qaytarmır. Ancaq vətəndaş kredit götürdükdən sonra iş yerini itirirsə, ödəmə qabiliyyəti yoxdursa, özünü müflis elan edə bilmir. Demək banklara müəyyən öhdəliklərini yerinə yetirməmək hüququ verilir, vətəndaşa isə verilmir. İndiki məqamda vətəndaşlara da belə bir hüququn verilməsinə ehtiyac var. Fiziki şəxslərin müflis elan olunması haqda qanunun qəbul olunması vacibdir ki, bu diskriminasiya aradan qalxsın. Yalnız banklara bu hüququn verilməsi düzgün deyil. Bu baxımdan burada diskriminasiya pozuntusu, hüquqi baxımdan bir boşluq var. Bu boşluğu aradan qaldıraraq, həm də bankların məhsuliyyətini artırmaq üçün fiziki şəxslərin də müflis elan olunması haqda qanunun qəbul olunması vacibdir”. Ekspert bankların müflis olmaq istədiyini güman etmədiyini, ancaq hər bir halda bankların məhsuliyyətinin artırılması üçün qanuna dəyişiklik olunmasının vacibliyini vurğulayıb: “Düşünmürəm ki, banklar iflas olmaqda maraqlıdırlar. Çünki bankın iflas olması onun artıq gəlirdən məhrum olması deməkdir. Azərbaycan bankları praktik olaraq uzun müddət ciddi şəkildə gəlir əldə ediblər. Bütün banklar da bu gəlirləri qoruyub saxlamağa çalışırlar. Ancaq buna rəğmən hüquqi bazada boşluq var. Çünki bank müflis olursa vətəndaş qarşısında öhdəliklərini yerinə yetirmiyə bilər və bəzi hallarda yerinə yetirmir. Bütün hallarda fiziki şəxslərin iflas olunması qanunu qəbul olunmalıdır ki, bankların məhsuliyyəti artsın”.

Vilayət Muxtar





Həftənin ən çox oxunanları